• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

“Böyük beşlik”də canlanma var - 2015-ci ildə onların qarşısını almaq çətinləşib

  • İdman
  • 4 Mart 2015 16:25
  • 378 Baxış
“Böyük beşlik”də canlanma var - 2015-ci ildə onların qarşısını almaq çətinləşib

Yanvarda açılan “transfer pəncərəsi”ndə klubların heyətinə əl gəzdirmək imkanı olur. Sonrakı çıxışın uğurlu alınıb-alınmaması da çox vaxt bu “bazarlıq”dan asılı olur. Əlbəttə, bunun nəhənglərə ciddi təsiri olduğunu düşünmürük. Favoritlərin hədəfi mövsümün əvvəlindən bəlli olur. Amma ikinci dövrədə çempionatlarda diqqətçəkən məqamlar var.

Publika.az 2015-ci ildə böyük sıçrayışa nail olan klubların çıxışını araşdırıb. Məlum olub ki, hazırda Avropanın aparıcı çempionatlarında uğurlu qrafik cızan 10 klub var. Yeni ildə onlar qarşısıalınmaz rəqibə çevrilib.

Fiorentina

Ən yaxşı oyunçusu: Mohamed Salah

Florensiya klubu təqvim ilinin ilk oyununda müflis olan “Parma”ya uduzmuşdu. Bu məğlubiyyət sanki “Bənövşəyilər”in kökünə “su verdi”. Sonrakı 12 oyunda məğlub olmayan “Fio” A seriyasında 5 qələbədən başqa, İtaliya kubokunda “Roma” səddini keçdi və Avroliqada 1/8 finala yüksəldi.

Yanvarda “Fiorentina” və “Çelsi” qışın ən bahalı transfer anlaşmasını həyata keçirdi. Xuan Kuadrado Londona, Mohamed Salah isə icarə əsasında Florensiyaya yollandı. Kolumbiyalı “Bənövşəyilər”in heyətində ən yaxşı oyunçu sayılsa da, cari mövsümdə keçirdiyi 23 oyunda cəmi 6 qol vurmuşdu. Misirli forvard isə 6 start oyununda “Fio” üçün 4 qol vurub artıq.

Liverpul

Ən yaxşı oyunçusu: Filippe Koutinyo

Mersisaydlılar bu il artıq 16 oyun keçirib. Cəmi iki dəfə məğlubiyyətlə üzləşib. Amma hər iki halda turnirdən kənarlaşıb. “Çelsi” onları Liqa kubokundan, “Beşiktaş” isə Avropa Liqasından “qovub”. Əvəzində “Qırmızılar”ın Premyer Liqada işləri relsə düşüb. Son 8 oyunun 6-da qalib gələn Brendan Rocersin yetirmələri bu müddətdə “Mançester Siti” və “Sautqempton”dan üstün olub. İndi “Liverpul” Çempionlar Liqası zonasına can atır.

22 yaşlı braziliyalı 2015-ci ildə çıxdığı oyunlarda 3 qol və 2 məhsuldar ötürməylə yadda qalmasına baxmayaraq, praktiki olaraq, hər matçda meydanda ən yaxşılardan olur. Bəlkə də “Beşiktaş”la cavab oyununda Koutinyo meydanda olsaydı, Avropa Liqasında yoluna istanbullular yox, “Qırmızılar” davam edəcəkdi.

Kan

Ən yaxşı oyunçusu: Jülyen Fere

Yanvarın ortalarında Fransa kubokunda “Dijon”a və çempionatda “Lill”ə məğlubiyyətdən sonra “Kan” istiqaməti dəyişdi. Sırayla “Reyms” və “Renn”i darmadağın edən normandiyalılar “Sent-Etyen” və “Tuluza”nı da üstələdi. Sevgililər günündə - fevralın 14-də PSJ-ylə mövsümün ən dramatik oyunlarından birini keçirdi. Son dəqiqələrdə iki qol vuran “Kan” çempiondan da 1 xal qoparmışdı. Liqa-1-in son turunda isə Patris Qarandın yetirmələri növbəti möcüzəni Marseldə reallaşdırdı. 67-ci dəqiqəyə kimi 0:2 geridə olan “Qırmızı-mavilər” inanılmaz əzmkarlıq göstərərək qələbəyə nail oldu. Yekunda 8 tur ərzində “Kan” 20-ci yerdən 12-ci pilləyə sıçramağı bacardı.

32 yaşlı Fere “ikinci gəncliy”ini yaşayır. Yarımmüdafiəçi Liqa-1-də ikinci dövrənin ən yaxşı oyunçusu hesab edilir. 2015-ci ildə meydana çıxdığı 8 oyunda Jülyen 4 qol vurub və 2 qola da şərait yaradıb.

Yuventus

Ən yaxşı oyunçusu: Pol Poqba

A seriyasında çempionluq intriqası ötən həftəsonu öldü. 25-ci turda “Roma” “Yuventus”la 9 xal fərqini azalda bilmədi. Turinlilər yeni ildə məğlubiyyətin nə olduğunu bilmir. Həmçinin İtaliya kuboku və Çempionlar Liqasında da mübarizəni davam etdirirlər. “Qoca sinyora”nın 2015-ci ildə yeganə uğursuz nəticəsi “Çezena”yla heç-heçə olub.

Planetin ən perspektivli futbolçusuna çevrilən Pol Poqba yüksək səviyyədə çıxışını davam etdirir. İlin əvvəlindən bəri fransız yarımmüdafiəçi 4 qol və 3 məhsuldar ötürməylə fərqlənib.

PSJ

Ən yaxşı oyunçusu: Tyaqo Silva

Paris klubu ilə məğlubiyyətlə başlasa da, bu, onların işinə yaradı. Hazırda 7 oyunluq məğlubiyyətsiz seriya yaxalayan paytaxt təmsilçisi prinsipial rəqibləri - “Lion” və “Monako”nu üstələyə bilmədi. “Kan”la oyunda əldən verilən qələbə isə PSJ-ni liderlikdən etdi. Bununla belə, parislilər yenə də Liqa-1-in əsas favoriti sayılır və “Çelsi”ylə ilk oyundakı heç-heçə Çempionlar Liqasında 1/4 finala çıxmaq şansını saxlayır.

Son iki ayda PSJ-nin heyətində konkret fərqlənən futbolçu olmayıb. Bu üzdən daha sabit oynayan Tyaqo Silvanı ən yaxşı saymaq olar.

Valensiya

Ən yaxşı oyunçusu: Nikolas Otamendi

“Yarasalar” ilin əvvəlində Çempionlar Liqasına vəsiqə məsələsini həll edib. 2015-ci ilə “Real” üzərində qələbəylə başlayan “Valensiya” La Liqanın “damarını tutdu”. Son iki ayda cəmi iki uğursuzluq qeydə alınıb: İspaniya kubokunda “Espanyol”a, çempionatda “Malaqa”ya məğlubiyyət.

“Valensiya” son 11 oyunda bir dəfə ikidən artıq qol vurub. Komandanın ən yaxşı xətti müdafiədir. Müdafiənin lideri isə Otamendidir. “Real”la oyunda qollardan birini məhz o vurmuşdu.

Arsenal

Ən yaxşı oyunçusu: Aleksis Sançes

Çempionlar Liqasında “Monako”ya məğlubiyyəti nəzərə almasaq, ilin əvvəlini “Arsenal” üçün möhtəşəm adlandırmaq olar. Hazırda Premyer Liqada 3-cü pillədə qərarlaşan “Topçular” “Mançester Siti”nin büdrəyəcəyi təqdirdə gümüş medallara da sahib çıxa bilər.

Yanvarda “Stok Siti”ni təkbaşına məğlub edən Sançes sonrakı oyunlarda da sabitliyi ilə diqqət çəkib.

Volfsburq

Ən yaxşı oyunçusu: Bas Dost

2015-ci ilin ən baxımlı və şən komandası “Volfsburq”dur. Bundesliqada ikinci dövrəyə fantastik başlayan “Canavarlar” əvvəlcə “Bavariya”nı parçaladı. Sonra “Bayer” və “Verder”lə matçlarda qol şousunun iştirakçısı oldu. Yolüstü Avropa Liqasında Lissabon “Sportinq”ini mübarizədən kənarlaşdırdı və hazırda favoritlərdən biri sayılır.

“Bavariya” darmadağınında dubl edən Bas Dost “supermen”ə çevrildi. Növbəti 7 oyunda hücumçu 11 qol vurdu. Halbuki mövsümün əvvəlində əsas heyətə düşməkdə çətinlik çəkirdi.

Napoli

Ən yaxşı oyunçusu: Qonsalo İquayn

A seriyasında 5 turdan sonra 7-ci pillədə olan Rafael Benitesin komandası yuxudan vaxtında ayıldı. Yeni ildə onları yalnız “Yuventus” və “Palermo” məyus edib. “Fiorentina”nın da sıçrayışını nəzərə alsaq, bu yüksəliş lap yerinə düşdü. “Napoli” hələ də ÇL-ə üçüncü vəsiqəyə iddialıdır.

Argentinalı forvard yeni ildə vacib oyunlarda olmasa belə, qollarını sıralamaqla məşğuldur. İquayn son 9 oyunda 7 qol və 1 məhsuldar ötürməylə yadda qalıb.

Barselona

Ən yaxşı oyunçusu: Lionel Messi

Hazırda Avropada ən yaxşı oyun nümayiş etdirən komanda “Barselona”dır. Bunu 2015-ci ildə bütün turnirlərdə qazanılan 13 qələbə təsdiqləyir. Onların yüksəlişinə nə “Real”, nə də “Atletiko” tab gətirdi. İndiki formanı nəzərə alanda “Real Sosyedad” və “Malaqa”yla oyunlardakı büdrəmələrə təsadüf kimi baxmaq olar.

2015-ci ildə 15 qol və 3 qolun yaradıcısı olan Messi hazırda təkcə “Barsa”nın yox, bütün Avropanın ən yaxşı oyunçusudur.

Bonus: Borussiya D

Birinci dövrədə fiaskoya uğrayan Dortmund klubunun növbəti mövsümə 2-ci Bundesliqada başlayacağını düşünənlərin sayı çox idi. Amma 2015 “Arılar”a düşdü. Düzdür, ilin əvvəlində iki oyuna 1 xal toplasa da, “Borussiya” ardıcıl 4 oyundu meydandan qələbəylə ayrılır. Son turda Rur derbisində “Şalke”ni də devirən Yürgen Kloppun komandasının “həyata qayıtdığını” söyləmək olar.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR