• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“QIZIL OĞLANLAR”: 10 il nə tez keçdi, “Şrek”!

  • İdman
  • 5 Mart 2015 14:21
  • 460 Baxış
“QIZIL OĞLANLAR”: 10 il nə tez keçdi, “Şrek”!

İngiltərədə belə bir tendensiya var ki, təxminən 10 ildən bir yeni istedad gənc yaşlarından parlamağa başlayır. 1998-ci ildə Maykl Ouen Fransada keçirilən dünya çempionatında kəşf olundu. Üstündən 5-6 il ötmüşdü ki, futbol dünyası Ueyn Runini tanıdı. İndi də Rahim Sterlinq İngiltərənin “Qızıl oğlan”ıdır. Düz tapdınız, “Qızıl oğlanlar” rubrikasında ikinci yazımız “Dumanlı Albion”dan olacaq.

Publika.az mükafat təsis olunandan bəri tarixə düşən bütün laureatların “Qızıl oğlanlar” rubrikası altında təqdimatını davam etdirir. Sırada 2004-cü ilin laureatı Ueyn Runidir.

“Qızıl oğlan” mükafatı 2003-cü ildə İtaliyanın məşhur idman qəzetlərindən sayılan “Tuttosport” tərəfindən təsis edilib. Sonradan bu ideya futbol ictimaiyyətinin xoşuna gəlib və tezliklə gənc futbolçular arasında ən nüfuzlu fərdi mükafata çevrilib.

Səsvermənin obyektiv sayılması üçün italyanlar Avropanın ən populyar idman nəşrlərini də sorğu prosesində iştiraka dəvət etdilər. Hazırda Avropanın ən yaxşı gənc futbolçusunun seçiminə “Bild”, “Marca”, “France Football”, “L’Equipe”, “De Telegraaf”, “The Times” kimi ünlü resurslar qatılır.

Jüri üzvlərindən hər birinin 5 namizədə səs vermək hüququ var. Səslər müvafiq olaraq, 10, 7, 5, 3 və 1 balla ölçülür. Yekunda ən çox bal toplayan namizəd qalib sayılır. Yeri gəlmişkən, avropalı həmkarlarımız nadir hallarda seçimində yanılır. Onların seçdikləri “Qızıl oğlan”lar sonradan həqiqətən dünyasəviyyəli ulduza çevrilir. Hərçənd, etimadı doğrultmayanlar da olur. Görək “Mançester Yunayted”in hücumçusu Runidə vəziyyət necədir?

2004 – Ueyn Runi (Everton)

İngiltərə millisinin kapitanlıq sarğısını daşıyan Runi futbol səhnəsinə 2002-ci ildə atıldı. “Everton”un əsas komandasında debüt edəndə heç 17 yaşı tamam olmamışdı. Bığ yeri yenicə tərləyirdi. Amma qısa zamanda istedadlı hücumçu əsas heyətin əvəzolunmaz üzvünə çevrildi. Bir ildən sonra onunla təkcə Premyer Liqa klubları yox, bütün Avropa maraqlanırdı.

Runinin “Qudison Park”dakı ikinci mövsümü daha da yaxşı alındı. Onun inkişafı İngiltərə millisinin məşqçilər korpusunun da diqqətindən yayınmadı. “Şrek” gənc olmasına baxmayaraq, milliyə hazır futbolçu kimi gəldi. Heyətə “oturdu”. Amma bir maraqlı faktı qeyd etməyə dəyər. Runi 2004-cü ildə millidə göstərdiyi məhsuldarlığı (6 qol) bir də 10 ildən sonra – 2014-cü ildə yenilədi (8 qol).

Böyük futbol səhnəsinə atılan gündən fərdi mükafatları toplayan “Şrek” cəmi iki ilə “Mançester Yunayted”in ovaxtki baş məşqçisi Aleks Ferqyusonun hədəfinə çevrildi. “Qızıl oğlan” da həmin dövrdə onun aldığı çoxsaylı mükafatlardan biri idi. Sonralar da mükafat axını azalmır. Bu isə onu göstərir ki, jüri seçimində yanılmamışdı.

10 ildi Runi “Mançester Yunayted”ə və İngiltərə millisinə canla-başla xidmət edir. Aradabir qolların azlığına görə ünvanına tənqidlər səslənsə də, indiyə qədər öz ampluasında dünyanın ən yaxşılarından sayılır. İngiltərədə isə onun tayı-bərabəri yoxdur. Bunu onun aldığı məvacib də deyir.

Dosye

Ueyn Mark Runi

Ləqəbi: Uazza, Şrek

Doğum tarixi: 24 oktyabr 1985 (29 yaş)

Doğum yeri: Liverpul, İngiltərə

Amplua: hücumçu

Klub karyerası

2002-2004 Everton 67 oyun (15 qol)

2004-… Mançester Y 330 (168)

Milli karyera

2003-… İngiltərə 101 (46)

Uğurları

Mançester Y: İngiltərə çempionu 2006/07, 2007/08, 2008/09, 2010/11, 2012/13), Liqa kubokunun sahibi (2006, 2009, 2010), Çempionlar Liqasının qalibi (2008), İngiltərə Superkubokunun sahibi (2007, 2010, 2011), Klublararası dünya çempionatının qalibi (2008).

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR