Kosmetik əməliyyat “eybəcər”i gözəlləşdirməyəcək - Həkimlər naşıdır
Bizi izləyin

İdman

Kosmetik əməliyyat “eybəcər”i gözəlləşdirməyəcək - Həkimlər naşıdır

Martın 6-da AFFA İcraiyyə Komitəsinin növbəti iclasında qəbul olunmuş qərarlar ictimaiyyət tərəfindən birmənalı qəbul olunmadı.

Publika.az xəbər verir ki, ictimaiyyət İcraiyyə Komitəsindən Azərbaycan futbolunun inkişafına təkan verə biləcək qərarlar gözləyirdi. Təəssüf ki, yenə də kosmetik qərarlar qəbul edildi.

AFFA əmindir - Məmmədovun maliyyə durumu düzəlməyəcək

İcraiyyə Komitəsinin Premyer Liqanın formatı ilə bağlı qəbul etdiyi qərar isə tamamilə absurddur. Komitə üzvləri bu qərarla bundan əvvəlki iclasda çıxardıqları qərarı təkzib etmiş oldular. İK-in bundan əvvəlki qərarında qeyd olunmuşdu ki, Premyer Liqanı 1 klub tərk edəcək, birinci dəstədən elitaya 1 klub yüksələcək. “Araz Naxçıvan” çempionatda iştirakını dayandırdığından, elitanı tərk edəcək komanda bəlliydi. Amma İK daha bir komandanın Premyer Liqadan getməsini istəyib. Təbii ki, bu komanda “Bakı” olacaq. İcraiyyə Komitəsinin üzvləri Hafiz Məmmədovun maliyyə vəziyyətinin düzəlməyəcəyinə əmin olduqlarından, “Bakı”nın elitanı tərk etməsini labüd hesab ediblər. Hazırda “Bakı”nın futbolçularının məvacibini AFFA ödəyir. Belə çıxır ki, AFFA “Bakı”nın məvacibini ödəməkdənsə, növbəti mövsümdən öz himayəsində olan 2 klubun xərclərini çəkməyi üstün tutub.

Ancaq bir məqam aydındır: növbəti mövsüm Azərbaycan çempionatının səviyyəsi bir qədər də düşəcək. Çünki hazırda birinci dəstədə elitada oynamağa qadir komanda yoxdur. AFFA-nın maliyyələşdirəcəyi komandalar isə elitada rəqabət yaradacaq gücdə olmayacaqlar. Buna bariz nümunə “Sumqayıt”dır. Neçə illərdir ki, qurum bu komandaya maliyyə vəsaiti ayırır. Guya “Sumqayıt” milli üçün futbolçu yetişdirəcək. Amma komanda aşkar autsayder statusundan qurtula bilmir. Milli üçün futbolçu yetişdirmək vəzifəsindən isə danışmağa dəyməz.

Kağız üzərində uyğun olacaq - Kağızdan kənarda isə...

İcraiyyə Komitəsində 21 və 23 yaşa qədər futbolçuların məvaciblərinə limit tətbiq edilməsi ilə bağlı verilən qərar da anlaşılmazdır. Komitənin qərarına görə, 21 yaşadək futbolçuların illik maaşı maksimum 30 min manat, 23 yaşadək futbolçuların illik maaşı maksimum 50 min manat həddində müəyyənləşdirilib. Nəinki 21 və 23 yaşadək, ümumiyyətlə, bütün yerli futbolçular kağız üzərində bundan artıq məvacib almırlar. Klublar vergidən yayınmaq üçün yerli futbolçularla müqavilə bağlayarkən, ikili mühasibatlıqdan yararlanırlar. Bunu AFFA məmurları da bilir və qanunsuzluğa göz yumurlar. Deməli, məvaciblə bağlı çıxarılan qərar da kağız üzərində qalacaq. Kağız üzərində futbolçuların məvacibi qərara uyğun olacaq. Kağızdan kənarda isə...

“Dovşana qaç, tazıya tut” deyirlər

İcraiyyə Komitəsinin Azərbaycan futboluna vurduğu ən böyük zərbə limitin əvvəlki - 6+5 həddində saxlanılması oldu. İK üzvləri bir tərəfdən yerli gənclərin məvacibinə limit qoyulmasını, digər tərəfdən onların məcburi qaydada meydana çıxmalı olduğunu tələb edirlər. Bir qurumun bir-birini təkzib edən belə qərarlar verməsi, klub futbolunun inkişafına vurulan ən böyük zərbədir. İcraiyyə Komitəsinin üzvləri yenə də qərarları analiz etmədən, Azərbaycan futbolunun reallıqlarını nəzərə almadan “hə” deyiblər. İcraiyyə Komitəsinin üzvləri bu qərarla “dovşana qaç, tazıya tut” deyirlər. Bu gün “hə” deyilən qərarlar sabah dəyişdirilincə, futbol təsərrüfatında idarəetmə mexanizmi də alt-üst olur.

İcraiyyə Komitəsində Premyer Liqanın oyunlarının yayımı ilə əlaqədar tenderin elan olunması əhəmiyyətsiz bir qərardır. Azərbaycan çempionatının oyunlarına 200-300 azarkeş gəlir. Belə keyfiyyətsiz məhsula heç bir telekanal pul ayırmaz.

Məşqçilər Komitəsinin təklifinə əsasən yeni turnirin - Liqa kubokunun keçirilməsi ilə bağlı verilən qərarın da əhəmiyyətsiz olduğu aydındır. Klubların bu turnirə marağını artırmaq üçün ya ortada külli miqdarda mükafat fondu olmalıdır, ya da bu turnirin qalibi avrokuboklara vəsiqə əldə etməlidir. Bunlar olmayacaqsa, Liqa kuboku məhəllə xarakterli yarış səviyyəsində olacaq. İcraiyyə Komitəsinin üzvləri bunu da başa düşməyiblər? Kosmetik qərarlar “eybəcər”i - Azərbaycan futbolunu gözəlləşdirməyəcək. Çünki həkimlər - İcraiyyə Komitəsinin üzvləri naşıdır.

Natiq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm