• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Avropanın ən güclü klubunda nə baş verir? - ARAŞDIRMA

  • İdman
  • 10 Mart 2015 13:40
  • 999 Baxış
Avropanın ən güclü klubunda nə baş verir? - ARAŞDIRMA

Avropanın ən güclü klubu “Real” 2015-ci ili nokautla qarşıladı. Yeni ildəki ilk oyununda La Liqada “Valensiya”ya məğlub olan “Kral klubu” sonradan qələbələri sıralasa da, artıq böhran özünü göstərmişdi. Bu böhran o qədər dərinləşdi ki, sonda liderlik əldən getdi. Bəli, son turda, nəhayət ki, “Barselona” taxta oturdu. Bəs Karlo Ançelottinin komandası liderliyi qaytara biləcəkmi? Ümumiyyətlə, madridlilərin son 2 ayda başına gələnləri nə ilə izah etmək olar?

Publika.az “Kral klubu”nun düşdüyü böhranın səbəblərini araşdırmağa çalışıb. Ortaya yetərincə tutarlı faktlar çıxıb.

2014-dən əsər-əlamət qalmayıb

2014-cü ili fantastik keçirən “Real” son nöqtəni Klublararası dünya çempionatındakı qələbəylə qoydu. Tarixində ilk dəfə bu titulu qazanan “Ağ şimşəklər”in 22 oyunluq qələbə seriyasının yeni ildə də davam edəcəyini gözləmək olardı. Yeri gəlmişkən, bu seriyayla İspaniya rekordunu qıran paytaxt klubuna dünya rekordu üçün daha iki qələbə lazım idi. Amma nəsə baş verdi. Sanki 2014-dən 2015-ə keçid onlar üçün düşərli olmadı. Həm komandanın, həm də ayrı-ayrı oyunçuların oyununda müəyyən dəyişikliklər baş verdi. Yeni ilə kimi “buzqıran gəmi” kimi qarşısına çıxanı əzə-əzə hədəflərinə doğru irəliləyən “Kral klubu” son 2 ayda favorit statusuna böyük kölgə saldı. Əvvəlcə Kral kubokunda həmşəhərlilərinə - “Atletiko”ya uduzan Ançelottinin yetirmələri bu günlərdə uzun müddətdən sonra liderliyi əzəli rəqibi “Barselona”ya təhvil verdi. 2014-cü ilin ən yaxşı komandası niyə bu günə düşdü?

Aparıcı oyunçular zədələndi

İş elə gətirib ki, cari mövsümdə “Real” ard-arda bir neçə əsas oyunçusunu zədə səbəbindən itirməli oldu. Əlbəttə, əsas itki kimi, orta xəttin “mühərrik”i Luka Modriçi göstərə bilərik. Noyabrın ortalarında Xorvatiya millisinin düşərgəsində zədələnən yarımmüdəfiəçinin yoxluğunu aradan qaldırmaq asan olmadı. Düzdür, onsuz bir çox oyunlarda səviyyə hesabına qələbələr qazanılsa da, artıq əvvəlki məhsuldarlıq itməyə başladı. Zədə epidemiyasının pik nöqtəsi Serxio Ramosla Xames Rodrigesin sıradan çıxması oldu. Vitse-kapitan 5 həftəlik “məzuniyyət” götürdü. Kolumbiyalının isə zədəsi daha ciddi oldu. Onun iki aya sagalacağı deyilsə də, mövsümün sonuna kimi meydana çıxacağı şübhə altındadır.

Supertrionun “dişsizliyi”

Benzema-Beyl-Ronaldo triosunun məhsuldarlığının aşağı düşməsini statistika da təsdiqləyir. Kərim 2015-ci ildə cəmi 5 qol vurub. Qaret üç (biri penaltidən), Kriştiano isə 7 (ikisi penaltidən) dəfə fərqlənib. Bundan başqa, komandanın lideri son 8 oyundan dördündə rəqib qapılarına 90 dəqiqə ərzində bir zərbə belə vurmayıb. Nə baş verir, Ronaldo? “Qızıl top” əldən gedir artıq...

Uelsli futbolçu zəif mövsüm keçirir. Bunu hətta “Real” 22 oyunluq qələbə seriyası nümayiş etdirəndə də görmək olardı. Özü də “Kral klubu”nun ən yaxşı dövrü, ən parlaq oyunları məhz Beylin zədəli olduğu vaxta təsadüf edir (onun yerini Xames Rodriges tutmuşdu).

Ötən ilin oktyabr-noyabr aylarında meydanda rəqib müdafiəçilərinin qorxulu kabusuna çevrilən Benzema adəti üzrə “bir ay yaxşı, 3 ay zəif çıxış” sindromundan yaxa qurtara bilmir. 27 yaşlı fransız forvard həddən artıq komanda futbolçusudur. “Real”ın oyunu alınanda Benzema da coşur. Alınmayanda o da digər oyundaşları kimi çarəsiz görünür. Onun nə vaxtsa hansısa oyunu təkbaşına – Ronaldonun, başqalarının oyunu alınmayanda - çevirməyini xatırlayırsız? İstəyənlər fikirləşsin, biz isə bir neçə kəlmə də Ronaldodan deyək.

Bir az şablon səslənsə də, onun uğursuzluğunun kökündə qadın dayanır. Bəli, İrina Şeyk. Nə baş verdisə, ondan ayrılandan sonra baş verdi. Bu cür dahi futbolçu bir qadına görə fantastik formasını itirdi. 30 yaşı qabardanlara inanmayın. O, 20 yaşlı gəncdən də enerjili, sürətli və istəklidir. 4 oyunda qapıya zərbə vura bilməməsinin arxasında yalnız psixoloji problemlər dayana bilər.

Ehtiyatsızlıq...

Ötən yay rəhbərlik və baş məşqçi azarkeşləri əmin etməyə çalışırdı ki, komandanın kifayət qədər ehtiyat qüvvəsi var və yeni transferə ehtiyac yoxdur. Xames və Toni Kroos həqiqətən də “Real”ı tərk edən Anhel Di Mariya və Xabi Alonsonu layiqincə əvəz edirdi. Amma ehtiyat oyunçular skamyası xeyli “daralmışdı”. Kazemiro və Alvaro Moratanın satılmasından sonra hücum xəttini gücləndirə biləcək yeganə qüvvə Xese idi. Bir də İsko var idi ki, birinci ehtiyat qüvvə sayılırdı. Amma zədələrdən sonra o, komandanın əsas işlək mexanizminə çevrildi. Bir də “Çiçarito” (Xavi Hernandes) var, o da bayramdan-bayrama meydanda görünür.

Anelottinin səhvləri

Bir sıra problemləri sadaladıq. Bu problemlərin bir ucu da baş məşqçiyə dəyir. Mövsümün birinci hissəsində xalları ovuclayan “Real”ın ikinci dövrədə xal paylamasında Don Karlonun da günahı az deyil. İtalyan mütəxəssis mövsümün əvvəlində çəkinmədən rotasiya prinsipini ləğv etdiyini açıqlamaqla böyük səhvə yol verdi. Sanki bundan sonra baş verənlər onun səhvini sübut etməyə hesablanmışdı. Əvvəlcə Beyl sıradan çıxdı. İsko fürsətdən yararlanıb əsas heyətdə yerini möhkəmlətdi. Uelsli futbolçu qayıdandan sonra da İskonun statusu dəyişmədi.

Çünki bu dəfə Modriç sıradan çıxmışdı. Vəziyyətin kritik olduğunu Kroosun açıqlaması çılpaqlığı ilə üzə çıxartdı. Alman yarımmüdafiəçi İspaniyada oyunların çoxluğundan yorulduğunu etiraf etdi. Onu başa düşmək çətin deyil. 24 yaşlı dünya çempionu bu günədək həm çempionatda, həm də Çempionlar Liqasında bütün oyunları demək olar ki, əvəz olunmadan oynayıb. “Karletto” isə alman futbolçunun sözlərinə əhəmiyyət verməyərək prinsipindən əl çəkmədi. Adi sayıla biləcək oyunlarda belə 31 milyon avroya alınmış Asyer İlyarramendiyə şans vermədi. Halbuki İlya “Real Sosyedad”da oynayarkən La Liqada öz mövqeyində ən yaxşılardan idi. Hətta 2012/13 mövsümünün yekunlarına əsasən, o, La Liqanın ən yaxşı yarımmüdafiəçisi, həmçinin İspaniyada mövsümün kəşfi olmuşdu.

Hər şey bir kənara, cari mövsümdə Ançelottinin taktiki problemləri də özünü büruzə verib. “Real” az qala hər oyuna eyni taktika və eyni heyətlə çıxır. Çətin oyunlarda B planına keçmək lazım olanda isə italyan mütəxəssisin mövqe üzrə gecikən əvəzləmələri bəhrə vermir. Elə bu səbəbdən son vaxtlar onun başının üstünü qara buludlar alıb. Florentino Peres nə qədər səbrli olsa da, “Barselona”ya məğlubiyyəti həzm etməyəcək. Odur ki, “El-Klasiko” Ançelotti üçün davam-tamam məsələsi olacaq. Elə bir çox futbolçular üçün də.

Pərviz Hikmət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR