AGF müqavilə bağladı - İran Azərbaycandan üzr istədi
Bizi izləyin

İdman

AGF müqavilə bağladı - İran Azərbaycandan üzr istədi

Bakı 2015 I Avropa Oyunlarının Əməliyyat Komitəsi (BEGOC) və Azərbaycan Güləş Federasiyası (AGF) arasında anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

Publika.az-ın məlumatına görə, tədbirdə AGF-nin I vitse-prezidenti Namiq Əliyev, federasiyanın baş katibi Əjdər Cəfərov və BEGOC-un Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov iştirak edib.

Mərasimdə öncə Azərbaycan güləşçilərinin bugünədək qazandıqları uğurlardan bəhs edən videoçarx nümayiş etdirilib. Sonra I vitse-prezident N.Əliyev aprelin 16-dan AGF-nin Açıq Kubokunun keçiriləcəyini deyib. N.Əliyev Avropa Oyunlarına sınaq xarakteri daşıyan yarışda iştirak istəyi ilə bir neçə ölkənin təklif göndərdiyini vurğulayıb: "Çalışacağıq ki, sınaq yarışlarında iştirak etmək istəyən ölkələrin sayı Oyunlardakı iştirakçılardan çox olmasın. Avropa Oyunlarında güləş üzrə təxminən 470-ə yaxın idmançı çıxış edəcək. Demək olar ki, elə bu qədər də idmançının test yarışlarında iştirakı gözlənilir. Dünya Güləş Birliyi döşəklərin rənginin dəyişdirilməsinə dair qərar verib. Sınaq yarışlarında da bu cür döşəklərdən istifadə olunacaq. İdmançıların mükafatlandırılması da Oyunlara uyğun qaydada keçiriləcək. Bundan sonra I Avropa Oyunlarına qədər Azərbaycanda bizim elə də turnirimiz olmayacaq. Bu da imkan verəcək ki, hazırlıq səviyyəsini hərtərəfli yoxlayaq və səhvlər varsa, onları qaydasına salaq".

Federasiya rəsmisi olimpiya çempionu Toğrul Əsgərov haqda da danışıb:

"Toğrul yarışlarda iştirak edəcək. Onun çəki məsələsinə gəlincə, 70 kq olimpiya çəkisi deyil. O, 65 kq çəki dərəcəsində Azərbaycanı təmsil edəcək".

Tədbirdə çıxış edən BEGOC rəsmisi E.Səfərov yarışların keçiriləcəyi bütün idman komplekslərini yoxlayacaqlarını deyib:

"Heç kimə sirr deyil ki, güləş bizim idmanda xüsusi əhəmiyyət kəsb edir və burada tamaşaçı problemi olmayacaq. Sınaq yarışlarının BEGOC üçün xüsusi əhəmiyyəti var. Bu gün imzalanacaq sənədin mahiyyəti ondan ibarətdir ki, bizim komitə bəzi funksiyaları öz üzərinə götürür və tədbirin keçirilməsində də iştirak edəcək".

Daha sonra jurnalistlərin suallarını cavablandıran federasiyasının I vitse-prezidenti Namiq Əliyev bildirib ki, İran tərəfi məsələ ilə əlaqədar üzrxahlıq məktubu göndərib: "Federasiyanın prezidenti məktub yazmışdı. O, ilk növbədə bizi təbrik etdi, daha sonra üzrxahlığını bildirdi. Bunu böyük problemə çevirməməliyik".

Qeyd edək ki, Dünya Kubokunu Azərbaycanın yunan-Roma güləşi üzrə yığma komandası qazanıb. Bu münasibətlə himn səsləndirilərkən, Azərbaycan bayrağındakı ulduz səkkiz yox, beşguşəli formada göstərilib.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm