Futboldan bəhs edən 11 film - FOTOLAR
Bizi izləyin

İdman

Futboldan bəhs edən 11 film - FOTOLAR

Futboldan bəhs edən 11 film

Bu ikisi bir-birinə nə qədər zidd olsa da, bir o qədər də bənzərlikləri var – hər ikisi də hal-hazırda milyonların izlədiyi, milyardlarca pulların xərcləndiyi nəhəng industriyadır.

Hakimin fit səsindən, kinoteatrda işıq söndürüləndən sonra tamaşaçı üçün yeni bir dünyanın qapıları açılır. Artıq stadionda və ağ pərdədə başqalarının həyatı, qələbəsi, ümidləri bizi maraqlandırır, bizim qələbəmiz, məğlubiyyətimiz olur. Geniş kütlələri özünə cəlb edən bu iki industriyanın yolu keçən əsrin 50-ci illərindən başlayaraq kəsişməyə başladı. Futboldan bəhs edən filmlərin “ əsas onbirliyi”ndən danışacağıq.

1. Futbol hekayələri (Historias de futbol-1997). Çilili rejissor Andre Vudun futboldan bəhs edən filmi bir-birindən əlaqəsiz 3 hissədən ibarətdir. Birinci hekayədə həvəskar liqada futbol oynayan futbolçunun pul və peşəkar liqaya transferi müqabilində komandasına xəyanət etməyindən danışılır. İkinci hekayədə stadiondakı futbol oyununa buraxılmayan balaca uşağın dostları ilə başına gələn hadisələrdən danışılır. Üçüncü hekayədə isə dünya kuboku oyunlarına baxmaq istəyən, amma hər dəfə problemlər ucbatından baxa bilməyən gənc oğlandan danışılır.

2. Qələbəyə qaçış (Escape to victory-1981). Rejissor John Houstonun çəkdiyi filmdə Michael Caine, Slyvester Stallone, Max Von Sydovlə yanaşı dövrün futbol ulduzları Pele, Osvaldo Ardilles, Bobby Moore, John Vark, Kazimierz Deyna, Paul Van Himst, Verner Roth aktyor kimi iştirak edirlər. Filmin mövzusu İkinci Dünya müharibəsi dövründə almanlara əsir düşmüş müttəfiq əsgərlər ilə alman milli futbol klubu arasındakı futbol oyunundan bəhs edir.

3. Dar sahədə qısa ötürmələr (Dar alanda kısa palaşmalar-2000). 80-ci illərdə Türkiyədə “Bursa Esnafspor” adlı məhəllə komandasının həvəskar liqada çempionluq mübarizəsindən bəhs edən filmin baş rollarında Rafet El Roman, Erkan Can, Savaş Dinçel, Müjde Ar iştirak edir. Filmin rejissoru isə Serdar Akardır.

4. Cəhənnəmdi iki hissə (Két Félidö A Pokolban-1962). Futbol haqqında lentə alınmış ilk filmlərdəndir. Filmin mövzusu İkinci Dünya müharibəsində alman əsir düşərgəsində Hitlerin doğum günü münasibətilə təşkil olunan futbol matçından bəhs edir. Almanlara qarşı rəqib komanda əsir kommunist və yəhudi macarlardan təşkil olunur. Əsirlər oyunu qazanacaqları təqdirdə edam olunacaqlarını bilə-bilə matça çıxırlar. Macarıstan istehsalı olan filmin rejissoru Zoltan Fabridir.

5. Şaolin futbolu (Shaolin Soccer -2001). 90-cı illər yapon animelərinin estetikası ilə çəkilən film, futbol ilə kung-funu eyni paraleldə aparır. Rejissor Stphen Chounun çəkdiyi film absurd komediya janrındadır.

6. Lənətlənmiş Yunayted (The Damned United-2009). Eyni adlı kitabdan ekranlaşdırılmış filmin rejissoru Tom Huperdir. Filmin mövzusu ingilislərin əfsanəvi baş məşqçisi Brayn Kloqhun 1974-cü ildə transfer olduğu “Lids Yunayted” komandasında keçirdiyi 44 günündən bəhs edir. Estetika və mövzu baxımından son illər futbol haqqında lentə alınmış diqqətçəkən filmlərdəndir. Filmin baş rollarında Maykl Şiin, Timoti Spall və Kolm Mane iştirak edir.

7. Naxələf Məhkumlar (Mean Machine-2001). “Ən uzun məsafə” (1974) adlı filmin remeykidir. Filmin rejissoru Berri Skolnikdir. Filmin mövzusu İngiltərə milli komandasının kapitanı Deni Mehan adlı futbolçunun avtoxuliqanlığa görə həbsə düşməyindən və burada həbsxana nəzarətçiləri ilə məhkumlar arasındakı futbol oyunundan bəhs edir. Filmin baş rolunda futbolçu Vinni Jones, köməkçi rollarda isə Jason Stantham, David Kelli, David Hemminqs iştirak edirlər. Filmin prodüseri rejissor Guy Ritçidir.

8. Rudo və Kursi (Rudo y Cursi- 2008). Meksika istehsalı olan filmin rejissoru Karlos Kuarondur. Meksikanın ucqar kəndlərinin birində banan plantasiyalarında fəhləlik edən ögey qardaşlar Rudo və Kursinin futbolçu olmaq xəyallarından bəhs edən filmin baş rollarında Qael Qarsiya Bernal və Diyeqo Luna iştirak edirlər. Filmdə qardaşlardan biri qapıçı, digəri isə hücumçu mövqeyində çıxış edir və göstərdikləri oyuna görə Mexiko Siti klubuna transfer olurlar. Filmin nüvəsində sosial və ictimai problemlərə toxunulur.

9. Qol! 1-2-3 (Goal! 1,2,3-2005). Rejissor Deni Kannonun çəkdiyi üç hissədən ibarət filmdir. Birinci hissə “Xəyalların başlanğıcı” (The dream begins-2005), ikinci hissə “Xəyalları yaşamaq” (Living the dream-2007), üçüncü hissə isə “Dünyanı Qazanmaq” (Taking the world-2009) ibarətdir. Filmin baş rolundakı Kuno Beker Santyaqo Munez adlı xəyali futbolçunun ABŞ-dan İngiltərəyə gəlməyindən və “Nyukasl” klubunda futbol oynamağından bəhs edir. Filmin ikinci hissəsində Munezin Real Madridə transferindən, üçüncü hissədə Dünya kubokundan və Munezin avtoqəzada zədələnib oyunlarda iştirak edə bilməməyindən danışılır. Filmdə futbolçulardan Casillas, Beckhem, Zidan iştirak edirlər.

10. Montevideo, Tanrı qorusun! (Montevideo, Bog te Video!-2010) Serbiya istehsalı olan filmin rejissoru Draqan Bjeloqrliçdir. Filmin mövzusu 1930-cu ildə Uruqvayda təşkil olunan ilk dünya kubokunda iştirak etmək üçün mübarizə aparan bir neçə yuqoslav gəncdən bəhs edir. Filmin baş rolunda Miloş Bikoviç, Patar Struqar iştirak edirlər.

11. Eriki axtarmaq (Looking for Eric-2009). Məşhur ingilis rejissor Ken Loaçın rejissorluğunu etdiyi film azarkeşlərin həyatında futbolun önəmindən bəhs edir. Yaxın tarixdə futbol haqqında çəkilmiş maraqlı filmlərdən olan “Erikə Baxmaq”da baş rolda Mançester Yunaytedin veteran futbolçusu Erik Kantona iştirak edir.

(1937.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm