• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Milyonlar ödədilər - “Bal almışıq” dedilər, doşab çıxdı - FOTOLAR

  • İdman
  • 11 Mart 2015 15:37
  • 1 937 Baxış
Milyonlar ödədilər - “Bal almışıq” dedilər, doşab çıxdı - FOTOLAR

Futbol oyun yox, həm də biznesdir. Hər bir peşəkar klub vəsait sərf edib oyunçu aldıqda, ondan səmərəli istifadə etməklə yanaşı, gələcəkdə onu aldığı məbləğdən də baha sataraq qabağa düşmək barədə də düşünür. Bu işi klub siyasəti halına gətirənlər belə var. Ən gözəl nümunə kimi yetişdirdiyi oyunçularla bir neçə dəfə Çempionlar Liqasını belə qazanmış "Ayaks"ı göstərmək olar. Ancaq bəzən hər şey gözlənildiyi kimi getmir. Klub rəhbərliyinin milyonlar xərcləyərək aldığı oyunçu nəinki meydanda, hətta transfer bazarında da klubunun başını aşağı edir. Oyunçu klubunu bir neçə milyon zərərə saldıqda bu adi bir hal kimi qəbul olunur. Çünki zaman keçdikcə oyunçunun qiymətinə bir çox amillər təsir edə bilər. Məsələn, futbolçunun klubunun zəif oyunu fonunda öz oyununu tapa bilməməsi, yaşının artması, klubuna yardım edərkən alınan zədələr və s. Bu hallarda bir neçə milyonluq itkini başa düşmək olar. Ancaq bu itkinin məbləği fantastik rəqəmlərlə ifadə olunursa, deməli, klubun transfer siyasətində ciddi nöqsanlar var. Maraqlıdır ki, tarix ərzində ən dəhşətli transfer faciələrinə Avropanın böyük klubları imza atıb.

Publika.az futbol dünyasında klublarına ən çox ziyan verən transferləri təqdim edir:

Kaka (itirilən məbləğ - 65 milyon avro)

Bir vaxtların ən güclü pleymeykeri Kakanın ulduzu "Milan"da parladı. "Rossonyerlər"in futbol menecerləri futbolçunun "San Paulu"dakı oyununu kəşf edərkən, braziliyalının cəmi 20 yaşı vardı. 2003-cü ildə "Qırmızı-qaralar" pleymeykeri 8 milyon 250 min avro qarşılığında heyətinə qatmağı bacardı. Futbolçu milanlıların heyətində bir-birindən möhtəşəm 6 mövsüm keçirdi. Təbii ki, bu hal ulduz futbolçu "ovçusu" "Real"ın nəzərindən qaça bilməzdi. "Kral klubu" "Milan"a fantastik məbləğlər təklif etməyə başladı. Tərəflər sonda 65 milyon avroya razılaşdılar. Kaka Madridə getdikdən sonra isə sanki ulduzu öldü. Zədələr və braziliyalının İspaniya klubunda öz oyununu tapa bilməməsi, onun qiymətini sürətlə aşağı salırdı. Vəziyyət o həddə çatdı ki, madridlilər Kakanı 2013-cü ildə "Milan"a qaytardı. Özü də havayı. Ancaq milanlılar da Kakanı pulsuz əldə etdiklərinə çox sevinmədilər. Çünki onlar əllərində olan Kakanın 4 il öncə Madridə göndərdikləri Kaka olmadığını tezliklə anladılar.

Fernando Torres (itirilən məbləğ - 55,5 milyon avro)

Torresin ulduzu yetişdiyi "Atletiko"da parladı. "Hindular"ın heyətində hər il bombardirlər siyahısında yer alan Fernando tezliklə daha varlı klubların transfer siyahısında yer aldı. Cəld tərpənən isə ingilislər oldu. "Liverpul" futbolçunu 38 milyon avro qarşılığında "Atletiko"dan "oğurladı". Hücumçunun burda da işləri pis getmirdi. Yenə də sərrastlığını nümayiş etdirən Torres Premyer Liqada da bombardirlər siyahısında yer almağa başladı. Artıq "Çelsi"nın sahibi Roman Abramoviç Torresi "qaralamışdı". "Zadəganlar" uzun sürən danışıqların ardından nəhayət, 58,5 milyon avroya ispan futbolçunu heyətinə qatdı. Ancaq "zadəgan" olmaq Torresə düşmədi. Futbolçu birdən-birə məhsuldarlıq qabiliyyətini itirdi. Arabir komandasına lazım olan qollar vursa da, "Çelsi" rəhbərliyinin ondan gözlədiyi yüksək məhsuldarlığı verə bilmədi. Nəhayət, klubun baş məşqçisi Joze Mourinyo onun top-komandaya uyğun oyunçu olmadığını rəhbərliyə bildirdi və ispan hücumçu "Milan"a icarəyə verildi. Altı ay "Milan"da susqun icarə müddəti keçirən hücumçu qışda "Rossonyerlər"ə cəmi 3 milyon (!) avroya satıldı. Milanlılar isə özlərinə lazım olmayan hücumçunu futbolun sirlərini öyrəndiyi "Atletiko"ya pulsuz icarəyə verdi.

Andrey Şevçenko (itirilən məbləğ - 43,3 milyon avro)

Dünya futbol tarixinin üçüncü ən uğursuz transferi Andrey Şevçenkodur desək, yəqin ki, yanılmarıq. Kiyev "Dinamo"sunda ulduzu parlayan futbolçu 1999-cu ildə "Rossonyerlər"ə 23 milyon avroya transfer edildi. "Milan"dakı möhtəşəm 7 ildən isə danışmağa ehtiyac yoxdur. Sadəcə, hücumçunun bu müddətdə milanlıların heyətində iki dəfə Çempionlar Liqasını qazanmasını, bir dəfə də adıçəkilən turnirin finalında oynamasını və buna vurduğu qollarla töhfə verməsini xatırlatmaq kifayətdir. Ancaq futbolçu 2006-cı ildə 43,3 milyon avro müqabilində transfer edildiyi "Çelsi"də bu bacarıqlarını sərgiləyə bilmədi. İki il futbolçunun əvvəlki formasına qayıtmasını gözləyən "Zadəganlar", sonda bezərək Andreyi elə əvvəlki klubu "Milan"a havayı icarəyə göndərdi. 2009-cu ildə isə Şevçenko onu yetişdirən kluba - "Dinamo"ya (Kiyev) pulsuz qismət oldu.

Qaiska Mendieta (itirilən məbləğ - 43 milyon avro)

"Valensiya"nın yetirməsi olan Qaiska Mendieta iki il ardıcıl Çempionlar Liqasının finalına çıxan klubunun (2000, 2001) heyətində ən yaxşılardan idi. İspan yarımmüdafiəçi tezliklə "Yarasalar"dan satın alındı. Özü də nə az nə çox, düz 48 milyon avroya! Futbolçu üçün xərcə düşən klub isə İtaliya "Latsio"su oldu. "Səma-mavilər" sonradan yəqin ki, bu məbləği xərclədiklərinə bir xeyli peşman olublar. Belə ki, romalılar futbolçudan istədiyini heç cür ala bilmədi. Belə olan halda "Barselona" və "Midlsbro"ya icarəyə verilən futbolçu, sonda ikincilərə pulsuz qismət oldu. "Latsio"ya qalan isə Mendietanın katalonlar və ingilslərə icarəsindən gələn 5 milyon avro oldu.

Zlatan İbrahimoviç (itirilən məbləğ - 39,5 milyon avro)

Karyerası ərzində xeyli klub dəyişən Zlatan 2006-cı ildə "Yuventus"un B seriyasına göndərildiyi zaman o vaxtkı transfer qiymətinə yaxın məbləğə (25 milyon avro qiyməti olan Zlatan, "neradzurra"ya 24,8 milyona transfer edilmişdi) "İnter"ə transfer edildi. Bundan sonra "Neradzurra"nın heyətində də əvvəlki klublarında olduğu kimi məhsuldarlıq bacarığını göstərən Zlatan tezliklə "Barselona"ya cəlb edildi. Katalonlar İbra üçün xəsislik etməyib, ona görə italyanlara 69,5 milyon avro ödədilər. Lakin "Barsa"nın bəstəboy və texnikalı oyunçulardan ibarət heyətinə uyğunlaşmayan Zlatan, 6 milyon avroya "İnter"in əzəli rəqibi "Milan"a icarəyə verildi. Daha sonra "Rossonyerlər" 24 milyon avro əlavə ödəyərək, İbranın transfer hüququna yiyələndi. İtirən isə Kataloniya klubu oldu - 39,5 milyon avro.

David Vilya (itirilən məbləğ - 37,9 milyon avro)

2005-ci ildə "Saraqosa"dan "Valensiya"ya cəmi 12 milyon avroya transfer edilən David Vilya "Yarasalar"ın heyətindəki parlaq çıxışı ilə qiymətini bir xeyli qaldırdı. Cəmi 5 il sonra ispan forvard "Barselona"ya 40 milyon avroya transfer edilərək klubuna 28 milyon avro xeyir verdi. Bura onun vurduğu qollarla qazandırdığı xalları da gəlsək, onun "Valensiya" azarkeşəri üçün nə demək olduğu aydınlaşar. Futbolçu özü də "Barsa"ya transferində bunu ancaq klubunun xeyri üçün etdiyini demişdi. Ancaq futbolçu eyni xeyiri katalonlara verə bilmədi. İlk mövsümünü nisbətən uğurlu keçən futbolçunun sonrakı iki ili "Barselona" rəhbərliyində peşmanlıq hissi oyatdı. Artıq 32 yaşı olan futbolçunu yüksək məbləğə satmaq mümkün deyildi. Belə olan halda, “yoxa lənət” deyən katalonlar Vilyanı "hindular"a 2,1 milyon avroya satdılar.

Xavyer Saviola (itirilən məbləğ - 35,9 milyon avro)

"Barselona" 2001-ci ildə 19 yaşlı Saviola üçün "River Pleyt"ə 35,9 milyon avro ödəyəndə yəqin ki, bunun gələcək üçün çox səmərəli investisiya olduğunu düşünmüşdü. İnsaf naminə, həmin dövrdə gələcək vəd edən Xavyer çox gözəl formada idi. Onun "Barsa"dakı ilk illəri də heç də uğursuz keçmədi. Amma klub rəhbərliyi ondan komandanın lideri olmağı gözləyirdi ki, Xavyerdə bu potensial yox idi. Əvvəlcə "Monako"ya, sonra isə "Sevilya"ya pulsuz icarəyə verilən argentinalı hücumçu, sonda azad agent kimi katalonların əzəli rəqibi "Real"a qismət oldu.

Anderson (itirilən məbləğ - 31,5 milyon avro)

Futbolçu seçimində həmişə çox diqqətli olan "Mançester Yunayted"in tarixində bəlkə ən uğursuz transferi Andersondu desək, yanılmarıq. Belə ki, braziliyalı mançesterlilərin tarixi ərzində bu kluba ən çox ziyan verən oyunçulardandır. 2007-ci ildə "Portu"dan 31,5 milyon avro qarşılığında transfer edilən futbolçu 7 il mançesterlilərin uğurları üçün çalışdı. Bu müddətdə klubun heç də həmişə əsas heyət üzvü sayılmayan yarımmüdafiəçi bir il "Fiorentina"da icarə əsasında da çıxış etdi. Ondan bundan artıq xeyir görməyəcəyini anlayan ingilislər Andersonu vətəni Braziliyanın "İnternasyonal" klubuna havayı bağışladı.

Denilson (itirilən məbləğ - 31,5 milyon avro)

Əslində İspaniyanın ortabablarından sayılan "Betis" kimi klublar çox vaxt çoxmilyonlu transferlərə cəhd etmir. Düzdür, bu cür transferlərin gələcəkdə kluba daha çox milyonlar gətirmək potensialı olsa da, gətirilən futbolçunun ödənilən məbləğə uyğun oyun sərgiləməməsi klubun olan-qalanını da havaya sovurması ilə nəticələnə bilər. Denilson "Betis"ə məhz ikinci hissi yaşatdı. 1998-ci ildə böyük klublara baxaraq həvəslənən ortabab "Betis" Braziliya millisinin perspektivli gənc oyunçusu Denilsona görə "San Paulu"ya 31,5 milyon avro ödədi. Cəmi iki il sonra necə böyük səhv etdiyini anlayan klub, futbolçunu özündən uzaq tutaraq vətəni Braziliyanın "Flamenqo" klubuna havayı icarəyə verir. 2000-ci ildə Braziliyadan icarədən qayıdan futbolçu düz 5 il klubun şərəfini qoruyur. Denilson "Betis"in əsas heyət üzvlərindən olsa da, Fransa "Bordo"suna havayı başa gəldi.

Robinyo (itirilən məbləğ - 25 milyon avro)

2000-ci illərin əvvəllərində "Santos"da xarüqələr yaradan Robinyo bütün Avropanın diqqət mərkəzində idi. Braziliyalı yarımmüdafiəçi gözlənildiyi kimi "Real"a qismət oldu. Madridlilər Robinyoya görə bütün rəqiblərindən çox - 24 milyon avro təklif etmişdi. Hücumameylli yarımmüdafiəçi düz 3 il "Kral klubu"nun şərəfini qorudu. Ancaq madridlilər Robinyonu satmağın zamanı gəldiyini tez anladı. "Real" Robinyonu yenicə imkanlı sponsor tapmış "Mançester Siti"yə rahatca “sırıdı”. Özü də 43 milyon avroya. "Şəhərlilər" aldıqları futbolçunun oyununun bu məbləğə dəymədiyini iki il sonra anladı. Onlar Robinyonu əvvəlcə doğma klubu "Santos"a pulsuz icarəyə göndərdilər, daha sonra isə onu "Milan"a 18 milyon avroya satdılar. Mançesterlilərin yeni pul tapdığı dövrlərdə etdiyi bu tələsik transfer onlara 25 milyon avro ziyan vurdu.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR