• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“2-3-cü yerləri tutanda qardaşlarım mənə gülürdü, deyirdilər ki...” - FOTOLAR

  • İdman
  • 11 Mart 2015 19:16
  • 5 754 Baxış
“2-3-cü yerləri tutanda qardaşlarım mənə gülürdü, deyirdilər ki...” - FOTOLAR

Qadir Süleymanov Azərbaycanın ən böyük idmançı ailəsinin sonbeşiyidir. Süleymanovlar ailəsindən kifayət qədər tanınmış idmançılar çıxıb. Sadə və zəhmətkeş bir ailə olan Süleymanovların 9 oğlan 4 qız övladı var. İdmanla məşğul olan qardaşların hamısı bu sahədə yaxşı nəticələr verib, medallar qazanıb.

Ailənin sonbeşiyi Qadir Süleymanov da qardaşları kimi idmanda öz sözünü deməyə çalışıb. O, 1990-cı il oktyabrın 13-də Sumqayıt şəhərində dünyaya gəlib. Onda idmana marağı qardaşları oyadıb.

Q.Süleymanov Publika.az-ın əməkdaşı ilə söhbəti zamanı karyerasını zədə üzündən bitirsə də, idmandan tam uzaqlaşmadığını deyib.

- İdmana gəlişindən başlayaq...

- İdmançı ailəsində böyüdüyümə görə bu sahəyə böyük marağım olub. 1996-cı ildən yunan-Roma güləşiylə məşğul olmağa başlamışam.

- Hələ də yorulmamısan?

- İdmana ilk gəldiyim günlərdə əlbəttə ki, bezmək yorulmaq kimi fikirlərim olmurdu. Çünki uşaqlıq illəri idi və güləşə də çox həvəsli idim. Bu idman mənə çox maraqlı gəlirdi. Artıq idmanın dərinliklərinə, daha da peşəkarlığa doğru getdikcə hər şey çətinləşirdi. Yarışlar ağırlaşır, məsuliyyət artır. Ard-arda olan yarışlarda 8-9 kq çəki salmaq məcburiyyətində olursan, günlərlə ac qalmaq lazım gəlir. O zaman bezib, yorulursan. Ancaq ümumi halda götürdükdə bizim həyatımızın bünövrəsi demək olar ki, idman üstündə qurulub.

- Azərbaycanın ən böyük idmançı ailəsinin - Süleymanovların çox üzvü ağır atletika ilə məşğul olub. Ancaq sən güləşi seçmisən.

- Bəli düz deyirsiniz, qardaşlarım – Hafiz Süleymanov, Zülfüqar Süleymanov və Elxan Süleymanov ağır atletika ilə məşğul olub. Bu sahədə də öz sözlərini deyiblər. Amma mənim güləşə gəlməyimə səbəb digər qardaşım Aydın Süleymanov olub. O, illərlə güləşlə məşğul olub. Hazırda da əməkdar məşqçidir. Mən də onun yetirməsiyəm. Uşaqlıqdan davakar uşaq olduğumu nəzərə alıb və məni güləşə gətirib. Peşman da deyiləm.

- İlk qələbəni xatırlayırsan?

- Əlbəttə xatırlayıram. 20 gün idi ki, idmana başlamışdım. Sumqayıt birinciliyi keçirilirdi. Burada gözləmədiyim halda I yeri tutdum. Bu medal mənim üçün çox dəyərli olduğu üçün o gün heç vaxt yadımdan çıxmayıb. Bununla da uğurlar qazanmağa başladım. Azərbaycan birinciliyinin qalibi oldum, 2007-ci ildə Pekində keçirilən dünya çempionatında gümüş medal qazandım. Böyüklər arasında tələbələrin dünya birinciliyinin bürünc mükafatçısı oldum. Qran-Pri turnirlərində də mükafatlarım var.

- Hazırda idmançı kimi davam etmirsən...

- İdman bir xəstəlikdir. 20 ilə yaxındır ki, güləş mənim həyatımda böyük rol oynayıb. Mənə elə gəlir ki, bu işdən ayrıla bilmərəm. Məşq zamanı zədə aldığıma görə, təəssüf ki, idmana son qoymaq məcburiyyətində qaldım. Bir ildən artıqdır ki, məşqçi kimi fəaliyyət göstərirəm. Qardaşımla birlikdə işləyirəm. Düzdür, özüm də məşq edirəm, amma sadəcə sağlamlığım üçün...

- İstərdim ki, idman karyerandan bir qədər uzaqlaşaq. Suallarımı SSRİ dövründə Türkiyəyə gedib, qardaş ölkənin bayrağı altında mübarizə aparan Hafiz Süleymanovla bağlı verim. Hafiz müəllim uzun illər ailənizdən uzaq qaldı. Qardaşın qayıtdıqdan sonra ilk dəfə onu görəndə neçə yaşın var idi? O anı necə xatırlayırsan?

- Qardaşım Hafiz gedəndə mən bələkdə olardım. O, uzun müddət qardaş ölkənin bayrağı altında çıxış edib, nəticələr verib. Ancaq qardaşım orada yaşadığı müddətdə telefonla əlaqə saxlayıb, danışırdıq. Əlaqəmiz var idi. O dövrlərdə yaşım az olsa da, həmin anları yaxşı xatırlayıram. Hafiz tamamilə qayıtdıqda isə kifayət qədər yaşım var idi və hər şeyi dərk edirdim. Qardaşım qaydanda ailəmizdə böyük sevinc yaşanmışdı. Hafizin gəlişini çox istəyirdik.

- Qardaşın gəldiyi zaman artıq idmanla məşğul idin. Bunu biləndə fikirləri necə oldu?

- Bircə onu bilirəm ki, qardaşlarımın hamısının nailiyyətləri böyük idi, yaxşı nəticələr vermişdilər. 2-3-cü yerləri tutduğum zaman mənə gülürdülər. Deyirdilər ki, bu nəticə deyil. Halbuki, o yarışlarda iştirak etmək istəyən nə qədər insan var, həsrətində idilər. Bizim ailə idmançı ailəsi idi. Evimizə hər ay medallar gəlirdi, hər dəfə bir qardaşım yarışda olurdu. Buna görə də demək olar ki, ildə 3-4 dəfə ancaq şans yaranardı ki, bütün ailə bir yerdə olsun. Çünki il boyu hərəmiz başqa-başqa ölkələrdə təlim-məşqlərdə olurduq.

- Bəs Hafiz müəllim evə qayıdandan sonra onun medallarını baxıb nə düşünürdün?

- Əlbəttə ki, belə bir ailənin üzvü olduğum üçün qürurlanırdım, sevinc hissləri keçirirdim.

- Hazırda məşqçisən. Səncə bir məşqçi kimi idmançılarını razı sala bilirsən?

- Əlbəttə ki, çətin peşədir və insan çox əsəb, stress keçirdir. Ancaq idmanda olduğum müddətdə çox müəllimlər görmüşəm. Ona görə də çalışıram ki, məşqçilərimin mənim üzərimdə etdiyi səhvləri mən tələbələrimdə etməyim. Ən böyük üstünlüyü isə uşaqların psixoloji hazırlığına verirəm. Peşəkar idmanda məşqdən də vacib olan psixoloji hazır olmaqdır, ruh yüksəkliyidir.

Əlimdən gələni edirəm ki, yaxşı olsunlar, yaxşı nəticələr verə bilsinlər. Buna nə dərəcədə nail oluram, bunu artıq tələbələrim bilər. Məşqçi kimi, heç bir maaş almadığıma görə, onları hazırlayarkən maddi marağım olmur. Məqsədim sağlam ruhda yetişib, layiqli yerləri tutmaqlarıdır. Böyük arenalarda nəticələr vermələridir. Ümid edirəm ki, əziyyət çəkilirsə, nəticə də olacaq. Bu mənim fikrimdir, Allahın köməyi ilə yaxşı olar.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR