İctimai xadim, yoxsa Avropanın baş keçisi? - VİDEO
Bizi izləyin

İdman

İctimai xadim, yoxsa Avropanın baş keçisi? - VİDEO

Almaniya çempionatında keçirilən “Köln” - “Ayntraxt” oyununda (4:2) maraqlı hadisə yaşandı. Meydan sahiblərinin futbolçusu Entoni Uya qol vurduqdan sonra sevincini qəribə tərzdə qeyd etdi. O, meydanın kənarında olan klubun rəmzi sayılan keçinin buynuzlarından yapışıb onu yuxarı qaldırmağa cəhd etdi. Futbolçunun bu hərəkəti azarkeşlərin də, heyvansevərlər cəmiyyətinin üzvlərinin də qınağına tuş gəldi. Azarkeşlər klubun rəmzi sayılan keçini müqəddəs hesab edirlər. Onlar keçinin incidilməsini heç kimə, hətta qol vuran sevimli oyunçularına da bağışlamazlar. Bəs “Köln” klubunun rəmzi sayılan bu heyvan necə Avropanın baş keçisi oldu?

Publika.az bu məsələni araşdırıb.

Sirkdə verilən status

İkinci dünya müharibəsindən sonra Almaniyada çox az sayda bina dağılmamışdı. Kölndə yerləşən sirk binası da dağıntılara məruz qalmamışdı. Bu binada isə bir neçə il əvvəl yaradılmış “Köln” klubunun iclası keçirilirdi. Sirkin sahibləri Karol Uillyams və Yohan Telen qonaqlara qeyri-adi sürpriz etdi - canlı keçi. Keçiyə dərhal status verdilər və onu yerli məşqçi Hans Vaysvaylerin şərəfinə “Hennes” adlandırdılar. Beləcə, keçi “Köln” klubunun talismanı hesab olundu. Hər kəs düşünürdü ki, bu heyvan komandaya uğur gətirəcək.

Fermadan zooparka köç

O vaxtdan “Hennes”in sülaləsi bir neçə nəsil dəyişib. Entoninin buynuzlarından tutduğu keçi 8-ci “Hennes” sayılır. O, 1-ci “Hennes”in kötücəsi hesab edilir. Yeri gəlmişkən, sülalənin banisi olan keçi hətta səfər oyunlarında da komandanı müşayiət edirdi. Amma heyvansevərlərin etirazından sonra bu ənənə aradan qaldırıldı. Heyvansevərlər uzun səfər yolçuluğunun keçiyə əziyyət verdiyini deyirdilər. İnsan meyarlarına görə, indiki talismanın 60-65 yaşı var. Ona görə də onun səhhətində problemlərin olması labüddür. 1970-ci ildən 2006-cı ilə qədər Köln şəhərinin müqəddəs heyvanına Vilhelm Şefer baxırdı. Şefer o qədər də böyük olmayan ferma sahibi idi. Bu fermada “Hennes” nəslinin 5 davamçısı doğulub. Stadionda Şeferi həmişə isti qarşılayırdılar. Onun üçün xüsusi alqışlar səslənirdi. 2006-cı ildə Şefer vəfat etdi. Bundan sonra onun işini həyat yoldaşı davam etdirirdi.

Ötən il məşhur Köln keçisini şəhər zooparkına köçürtdülər və ona tərəfdaş tapdılar. İndi hər kəs müəyyən rejim çərçivəsində ona tamaşa edə bilər. Məşhur keçinin məkanında 2 veb-kamera quraşdırılıb. Bu kameralar vasitəsilə ona 24 saat nəzarət olunur. Vilhelm Şeferin həyat yoldaşına isə pulsuz abonoment verilib. O, istənilən vaxt zooparkın ərazisinə daxil olub sevimlisinə baş çəkə bilər.

Təzyiqə dözmədi, infarkt keçirdi

Ola bilsin ki, bu, mənasız bir təsadüfdür, amma faktdır. 1996-cı ildə VI “Hennes”in ölümü klubun gələcək taleyinə olduqca mənfi təsir göstərdi. Özü də keçi “Köln”ün “Karlsrue”yə uduzduğu oyunda infarkt keçirdi. Görünür, həddən artıq çox həyəcan keçirib. Keçinin həyatını xilas etmək mümkün olmayıb və bir həftədən sonra dünyasını dəyişib. Buna qədər uğurlu çıxış edən komandada birdən-birə eniş başladı. “Köln” elitada yerini son anda qorudu.

I “Hennes”in varisi II “Hennes”in taleyi açınacaqlı olub. Şayiələrə görə, onu “Köln” fanatları ilə münasibətləri gərgin olan Münhenqladbax “Borussiya”sının azarkeşləri zəhərləyib. Amma araşdırmalardan sonra polis bəyan edib ki, günahkar itdi. Diqqətsizlikdən istifadə edərək keçinin məkanına daxil olan it ona ölümcül xəsarət yetirib.

İndi “Köln”ün ev oyunları zamanı “Hennes”i stadiona gətirmək üçün xüsusi təchiz olunmuş qrup göndərilir. Keçinin stadiona rahat gedib-gəlməsi üçün onu baytar da müşayiət edir.

Sosial şəbəkədə fəaldır

VIII “Hennes”in – indiki hakim monarxın “facebook”da xüsusi səhifəsi də var. Özü də o, sosial şəbəkədə qeydiyyatdan ictimai xadim kimi keçib. “Facebook”da keçi selfi çəkdirir, pərəstişkarları ilə söhbətləşir, rəfiqəsi ilə öyünür.

Uğursuzluğun baiskarı hesab edildi

Ancaq klub rəhbərliyi tərəfindən talismana qarşı həmişə belə səbrli münasibət göstərilməyib. Vaxt olub ki, klubun bütün uğursuzluqlarını bədbəxt keçidə görüblər. Hətta onu ev oyunlarında stadiona da buraxmayıblar. “Köln” növbəti dəfə elitanı tərk edəndə məhz belə olmuşdu. Ancaq azarkeşlər rəhbərliyin fikirlərini qəbul etmədilər. Onlar mitinq keçirərək, keçinin stadiona qaytarılmasını tələb etmişdilər. Klub məmurlarının razılaşmaqdan başqa yolu qalmamışdı.

“Bizim keçi çempion”

Klub tarixində ən uğurlu keçi IV “Hennes” olub. Onun dövründə - 1977/78 mövsümündə klub ilk və son dəfə “qızıl dubl” edib. Bu uğuru qeyd edərkən, keçi futbolçularla birlikdə xüsusi avtobusla bütün şəhəri gəzib. Elə həmin vaxt məşhur fanat mahnısı “Bizim keçi çempion” yaranıb.

İndi hər oyundan əvvəl “Hennes” stadionda dövrə vurur. Bundan sonra o, bunu daha ehtiyatla etməli olacaq. Birdən kimsə yenə də onun buynuzlarından tutmaq istəyər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm