İrqçi qalmaqallar - Van Damm təhqir etdi və üzr istədi - FOTOLAR
Bizi izləyin

İdman

İrqçi qalmaqallar - Van Damm təhqir etdi və üzr istədi - FOTOLAR

FİFA dünya futbolunda irqçiliyə qarşı kəskin mübarizə aparır. Klub rəhbərləri, futbolçular nəinki meydanda, hətta meydandan kənarda törətdikləri irqçi hərəkətə görə sərt cəzalanırlar. Ancaq buna baxmayaraq, futbolda irqçiliyin qarşısını hələ ki almaq mümkün olmur.

Publika.az dünya futbolunda baş verən ən qalmaqallı irqçilik hadisələri ilə bağlı məlumat verəcək.

Yelle Van Damm - Oquçi Onevu

İnsident 2009-cu ildə, Oquçi Belçika “Standard”ında oynayarkən baş vermişdi. Onun klubu Van Dammın şərəfini qoruduğu “Anderlext”lə qarşılaşırdı. Van Dammı amerikalını “meymun” adlandırmaqda ittiham etmişdilər. Oquçi buna görə onu məhkəməyə vermişdi. 2011-ci ildə Van Damm Oquçi ilə görüşüb, ondan üzr istədi. Amerikalı da öz növbəsində məhkəmə iddiasını geri götürdü.

Con Terri - Anton Ferdinand

2011-ci il noyabrın 2-də KPR-lə “Çelsi” arasında baş tutan qaşılaşmada insident yaşandı. Con Terri ilə Anton Ferdinand mübahisə etdi. Terrini mübahisə zəminində Ferdinandı irqçi təhqirə məruz qoymaqda ittiham etdilər. Buna görə onu 4 oyunluq cəzalandırdılar, 220 min funt sterlinq cərimə etdilər.

“Lokomotiv”in azarkeşləri - Piter Odemvinci

2010-cu ildə Piter “Vest Bromviç”dən “Lokomotiv”ə transfer olunub. Ancaq bu transfer moskvalı azarkeşlərin xoşuna gəlməyib. Fanat qrupu oyunların birində irqçi şüar olan banner açıblar. Bannerdə banan təsvir olunmuş və “Sağ ol, “Vest Bromviç” yazılmışdı. Təəssüf ki, Rusiya Futbol İttifaqının intizam komitəsi bu biabırçı hadisə ilə bağlı heç bir cəza tədbiri görmədi.

Kevin Prins Boatenq - “Pro Patriya” azarkeşləri

İnsident “Milan”la 4-cü dəstə klubu “Pro Patriya” arasında keçirilən yoldaşlıq görüşündə baş verib. Azarkeşlər əvvəlcə Boatenqin ünvanına irqçi şüarlar səsləndiriblər. Sonra isə bu təhqirlər Emanuelson, Muntari və Nyanqa da şamil edilib. Təhqirə məruz qalanlar oynamaqdan imtina ediblər. Qarşılaşma yarımçıq dayandırılıb. Hadisə araşdırılıb, 6 azarkeş 40 gündən 2 aya qədər həbs cəzasına məruz qalıb.

Luis Araqones - Tyerri Anri

2004-cü ildə Araqones İspaniya yığmasının baş məşqçisi oldu. Elə millinin məşqi zamanı da irqçi ifadələr işlədərkən mətbuatın “toruna” düşdü. O, Xuan Antonio Reyesə bu sözlərlə öyüd-nəsihət verirdi: “Sən özünə inanmalısan. Sən o qara zibildən yaxşısan”. Sonuncu cümlə Reyesin “Arsenal”dakı tərəfdaşı Tyerri Anriyə şamil edilmişdi. Britaniya mətbuatı hay-küy qaldırdı. Nəticədə Araqones 2000 avro məbləğində cərimələndi.

Pol Atkinson - Marsel Desayi

İngiltərə millisinin keçmiş oyunçusu və məşqçisi Britaniyanın lider telekorporasiyalarından olan İTV-dəki işini irqçi hərəkətinə görə itirdi. O, 2004-cü ilin 21 aprelində “Çelsi”nin qaradərili futbolçusu Marsel Desayinin ünvanına işlətdiyi “bəzi məktəblərdə onun kimilərə “yağlı neqr” deyirlər” təhqiramiz ifadəsinə görə işdən qovuldu. Bu hadisədən sonra Pol Atkinson hələ də reputasiyasını müsbətə doğru dəyişə bilməyib.

Luis Suares - Patris Evra

Bu hadisə 2011-ci ilin 15 noyabrında “Enfild”də baş verdi. Həmin gün “Liverpul” “Mançester Yunayted”i qəbul edirdi. Fransız oyundan sonra şikayət edərək, Suaresin onu irqçi təhqirə məruz qoyduğunu bildirmişdi. Bununla bağlı xüsusi araşdırma aparıldı. Suares günahkar elan olundu. O, 8 oyunluq cəzaya məruz qalmaqla yanaşı, 40 min funt da cərimə olundu.

Paola Di Kanionun faşist salamı

Di Kanio Avropanın bir çox ölkələrində qadağan olunmuş jestlə azarkeşləri salamlayarkən diqqət mərkəzinə düşdü. Bu epizoddan sonra o, açıqlama verərək faşist olduğunu, amma rasist olmadığını bildirdi. Futbolçunu 1 oyunluq cəzalandırdılar və 7 min avro cərimələdilər.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm