• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Simic” trabzonlular, Hindistanın hikkəsi və ingilislərin dəyəri – FOTOLAR

  • İdman
  • 14 Mart 2015 10:27
  • 944 Baxış
“Simic” trabzonlular, Hindistanın hikkəsi və ingilislərin dəyəri – FOTOLAR

Futbol milyonlarla insanın həyat dəyərinə çevrilib. Ancaq futbolda bəzi statistik məlumatlar var ki, bu heç də bütün fanatlara məlum deyil.

Publika.az futbol tarixinin maraqlı məqamlarına işıq tutacaq.

İngilislər qələbəni dəyərləndirdi...

Hazırda klublar üstün olduqları oyunda qələbəni əldən verib, iki xal itirdiklərinə təəssüflənirlər. Ancaq əvvəllər bu təəssüf nisbətən az idi. Çünki qələbəni əldən verən komanda 2 yox, sadəcə 1 xal itirirdi. Bəs 3 xallıq sistem ilk dəfə harda tətbiq olunub? Təbii ki, elə futbolun yarandığı İngiltərədə. 1981-ci ildə İngiltərə Futbol Federasiyası ölkə çempionatında qələbəyə daha yüksək qiymət verməyə başladı. Həmin ildən etibarən İngiltərə çempionatında qələbə qazanan klublar 2 yox, 3 xala sevindilər. Sonradan bu xal sistemi bütün dünyaya yayıldı.

Bu rekord heç vaxt dəyişməyəcək

1950-ci ildə Braziliyada təşkil edilən dünya çempionatı tarixə düşdü. Uruqvaylıların finalda "sambaçılar"ı məğlub edərək (2:1) ikinci dəfə çempion olduğu turnirin finalı azarkeş rekordu qırdı. Bu rekord indiyə kimi davam edir və bundan sonra da qırılacağı o qədər də mümkün deyil. Belə ki, Braziliyanın məşhur "Marakana" stadionunda baş tutan finalı tribunalardan nə az, nə çox, düz 199 854 azarkeş izlədi. Bu rəqəm müxtəlif qaynaqlarda fərqli verilsə də, hər kəsin qəbul etdiyi bir fakt var ki, bu da həmin gün "Marakana"dakı azarkeş sayının 200 minə yaxın olmasıdır.

Nömrələmə nə vaxt başladı?

Çətin ki, "Şaxtyor"a qarşı oyuna nömrəsiz formalarla çıxan millimizdən başqa hansısa komandanın meydana bu şəkildə çıxdığını görəsiz. Çünki futbolun 90 ilə yaxındı davam edən qaydası var. Futbolçuların nömrələri olmalıdır! Bəs ilk dəfə hansı ölkə futbolçularını nömrələdi? Cavab yenə də belədi: “Futbolun yaradıcıları ingilislər”. 1928-ci ilin 25 avqustunda İngiltərədə ilk nömrələrdən istifadə olundu. Nömrələrdən istifadə olunan ilk oyunlar "Şeffild Yunayted" - "Arsenal" və "Çelsi" - "Suonsi" qarşılaşmaları oldu.

İlk matç

Dünyadakı "futbol xəstəliyi"nin mənbəyi İngiltərənin "Kembric" Universitetidir. Belə ki, adıçəkilən universitetdə 1848-ci ildə futbol qaydaları yazılıb və elə həmin ildə də tələbələr arasında ilk futbol matçı baş tutub. Bir sözlə, İngiltərənin "Kembric" universitetini futbolun doğulduğu məkan adlandıra bilərik.

Gecə qara, cücə qara

Hazırda dünyanın bir çox ölkələrinin çempionatlarında oyunları havanın işıqlı olduğu vaxtlara salırlar. Buna səbəb həmin ölkələrin stadionlarında işıqlandırma sisteminin olmamasıdır. İngiltərədə isə bu məsələ nəinki indi, hətta 137 il əvvəl də problem olmayıb. Belə ki, dünyanın ilk projektor işıqları altında baş tutan matçı 1878-ci ilin oktyabrın 14-də Şeffilddə baş tutub.

İlk milli matç

Tarixdəki ilk milli oyunda da ingilislərin adı var. 1872-ci il noyabrın 30-da İngiltərə millisi Şotlandiya yığması ilə qarşılaşıb. İlk milli oyun "sülh"lə nəticələnib - 0:0.

İlk hakim

İlk dünya çempionatının finalını idarə edən hakim belçikalı Con Langenusdu. O, 1930-cu ildə baş tutan Uruqvay - Argentina finalını idarə edib. Belçikalının ayağı meydan sahiblərinə düşüb - 4:2.

Hindistan nədən küsdü?

Hindistan milli komandası heç vaxt dünya çempionatlarının final mərhələsində oynamayıb. Millinin potensialına və FİFA reytinqindəki vəziyyətinə baxdıqda futbolun elə də sevilmədiyi bu ölkənin yaxın gələcəkdə mundialda çıxışı real görünmür. Amma hindlilər uzaq 1950-ci ildə Braziliyadakı dünya çempionatında iştirak edə bilərmiş. Yersiz inadkarlıqları olmasaydı. Belə ki, hindlilər FİFA-nın qanunlarını heçə sayaraq dünya çempionatının matçlarında butsıyla deyil, ayaqyalın oynamaq istədiklərini bildiriblər. Dünyanın ali futbol qurumu təbii ki, asiyalıların bu "dahiyanə" təklifini rədd edib. FİFA-nın rədd cavabından küsən hindlilər mundiala qatılmayıb. Odur-budur, Hindistanı dünya çempionatında görən olmayıb. Nə butsıyla, nə də ayaqyalın.

İlk qaçıran və ilk dəyərləndirən

Dünya çempionatlarının ilk penalti uğursuzu argentinalı Fernando Paternosterdi. O, 1930-cu ildəki dünya çempionatında uğursuzluqla üzləşib. Meksikalı Manuel Rokuetas isə 11 metrlik cərimə zərbəsini ilk dəyərləndirən oyunçu kimi futbol tarixinə düşüb.

Ən intizamlı futbolçu

İngilis Qari Linekerə əminliklə meydandakı ən səliqəli və ya intizamlı futbolçu demək olar. Belə ki, o, 20 illik karyerası ərzində bir dəfə belə olsun sarı vərəqəylə cəzalanmayıb.

1,5 dəqiqəyə bir qol

"Villenhall Taun" - "Burton Brevers" matçı Ginnesin rekordlar kitabına ən çox qol vurulmuş oyun kimi düşüb. Belə ki, birincilər rəqib komandanın qapısından nə az nə çox, düz 57 (!) cavabsız top keçirib.

Ən "simic" çempion

"Trabzonspor" 1979/80-ci il mövsümündə keçirdiyi 30 oyunda cəmi 25 qol vuraraq çempion oldu. Trabzonlular hər oyuna orta hesabla 1-dən də az - 0,833 qol vurub. "Qaradəniz fırtınası" bu göstəriciyə görə dünyanın ən az məhsuldarlıq göstərən çempionudur.

İlk futbol klubu da ingilislərdə olub

Dünyada ilk futbol klubu İngiltərədə yaradılıb. Bu hazırda da fəaliyyət göstərən "Şeffild" klubudur ("Şeffild Yunayted"lə səhv salınmamalıdır). Bu klubun əsasını 1857-ci il oktyabrın 24-də Nateniel Kresvik və Vilyam Prest qoyub. "Şeffild" yarananda İngiltərədə futbol federasiyası belə yox idi. Buna görə də onlar özləri futbol qaydaları yazmağa məcbur oldular. 1878-ci ilə qədər "Şeffild qanunları" adlandırılan futbol qaydaları çərçivəsində oynayıblar. Dünyanın ən qədim derbisi də məhz Şeffild şəhərinin adıyla bağlıdı. Eyniadlı klubun "Hallam"la 1861-ci ildən bəri oynadığı oyunlar dünyanın ən qədim derbisidir. Ən yaşlı futbol klubu hazırda İngiltərənin 7-ci divizionu sayılan Şimal Premyer Liqasında mübarizə aparır.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR