• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Avropanı soyub-talayan “Müqəddəslər” - Belə məhsul yetişdirərlər

  • İdman
  • 17 Mart 2015 11:22
  • 428 Baxış
Avropanı soyub-talayan “Müqəddəslər” - Belə məhsul yetişdirərlər

Güclü çıxış etmək istəyirsənsə, güclü heyətə malik olmalısan. Ancaq bu heyəti əldə etmək üçün ya çoxlu pulun, ya da güclü infrastrukturun olmalıdır. Avropanın bir çox nəhəng klubları imkanlı sponsorları sayəsində kiçik klubların yetişdirdiyi istedadları "ovlayırlar". Kiçik klublar isə özlərinə lazım olan vəsaiti təmin etmək üçün daha çox istedad yetişdirməyə can atırlar. Bəzən istisna hallar da olur. "Ovçular" özləri də istedad yetişdirir. İstedadlar isə klubların futbol akademiyalarında yetişir.

İdman Araşdırmalar Mərkəzi (CİES) Avropanın nüfuzlu liqalarının futbol klublarının akademiyalarından hansıların daha məhsuldar olduğunu araşdırıb.

Mərkəzin tərtib etdiyi siyahıda "Böyük beşlik" ölkələrinin klublarının 2012-ci ildən bəri öz akademiyalarında yetişdirdiyi oyunçuların satışından əldə etdiyi gəlirlər yer alıb. Publika.az araşdırma yazını təqdim edir.

Cenoa (İtaliya)

Satdığı oyunçular: Riçmond Boaçi, Ayzek Kofi, Stefan El-Şaaravi, Deyan Lazareviç, Stefano Sturaro - 24,5 milyon avro.

Doqquzqat İtaliya çempionu "Cenoa" bu sahədə ölkəsinin dördüncü komandasıdır. Ancaq genuyalıların şanlı tarixi çoxdan geridə qalıb. İndi "Göy-qırmızılar" İtaliyanın arabir nəhənglərə başağrı olan ortabablarından biridir. "Cenoa" həmçinin İtaliyanın iddialıları üçün futbolçu marketi rolunu da oynayır. CİES-in araşdırmalarına görə bu klub iddialılara satdığı oyunçulardan 24,5 milyon avro gəlir əldə edib. Klubun yetişdirdiyi oyunçular arasında Stefan El-Şaaravini qeyd etmək olar. Genuyalıların yetirməsi hazırda "Milan"ın əsas oyunçularından sayılır.

PSJ (Fransa)

Satdığı oyunçular: Kleman Şantom, Antuan Kont, Mamadu Sako, İlan Bokkara - 25,2 milyon avro.

PSJ Fransanın ən imkanlı klubudur desək, yanılmarıq. Liqa-1-də parislilərlə rəqabəti yəqin ki, ancaq "Monako" apara bilər. Ancaq PSJ-nin futbol akademiyası da pis fəaliyyət göstərmir. Klubun yetirmələri son üç ildə imkanlı sahibkarlarına əlavə 25,2 milyon avro qazandırıb.

Mançester Yunayted (İngiltərə)

Satdığı oyunçular: Maykl Kin, Denni Uelbek, Robert Breydi, Matt Ceyms, Coşua Kinq - 28,7 milyon avro.

"Qırmızı şeytanlar" illərdir Avropanın istedadlar yetişdirən klublarından sayılır. Son üç ildə də mankunianların işi heç də pis getməyib. Klubun illik çoxmilyonlu xərclərinin yanında çox cüzi görünsə də, hər halda üç ildə qazanılan 28,7 milyon avro heç də az məbləğ deyil.

Bavariya (Almaniya)

Satdığı oyunçular: Emre Can, Dieqo Kontento, Ralf Husiç, Toni Kroos - 31,1 milyon avro.

Almaniyanın futbol nəhəngi "Bavariya" milyonlarla pul xərcləyərək heyətini ulduzlarla "bəzəyir". Bir tərəfdən də yetişdirdiyi istedadları satmaqla məşğuldur. Almanlar son üç ildə yetişdirdiyi dörd futbolçuya görə 31,1 milyon avro qabağa düşüb.

Suonsi (İngiltərə)

Satdığı oyunçular: Co Allen, Ben Devis - 31,6 milyon avro.

Premyer Liqanın ortabablarından olan "Suonsi" futbolçu satışından gələn gəlirə möhtacdır. Uelslilərin son üç ildə işləri pis getməyib. Baxmayaraq ki, onlar sadəcə iki yetirməsini satmağa müvəffəq olub. Ancaq onlar Co Allenin "Liverpul"a, Ben Devisin isə "Tottenhem"ə satışından 31,6 milyon avro qazanıb ki, bu da "Suonsi" kimi klublar üçün heç də az məbləğ deyil.

Sent-Etyen (Fransa)

Satdığı oyunçular: Fauzi Qulyam, Cosua Qilavoqi, Loris Neri, Kurt Zuma - 32,8 milyon avro.

Fransanın ən çox çempion olan klubu "Sent-Etyen" də futbolçu yetişdirməkdə ustalaşan klublardandır. "Yaşıl-ağlar" son üç il ərzində satdığı dörd futbolçudan 32,8 milyon avro əldə edib. "Sent-Etyen"in yetişdirdiyi futbolçular getdiyi klublarda ulduza çevrilməsə də, doğma klubuna xeyir verə bilib.

Monpelye (Fransa)

Satdığı oyunçular: Remi Kabella, Benjamin Stambulli, Mapu Yanqa-Mbiva, Yunes Belhanda - 33,5 milyon avro.

"Monpelye" də futbolçu satışından qabağa düşənlərdəndir. Düzü onların da ixrac etdiyi oyunçuların klublarında ulduza çevrildiyini demək düzgün olmazdı. Yalnız son dövrlər Avropa Liqasında və yerli çempionatda işləri heç də pis getməyən Kiyev "Dinamo"suna göndərilmiş Belhandanı fərqləndirmək olar. Futbolçu ukraynalılara 8,5 milyon avroya başa gəlmişdi.

Renn (Fransa)

Satdığı oyunçular: Yan Mvila, Temu Bakayoko, Yasin Braimi, Kevin Teofil-Katrin, Jires Ekoko, Dmitri Fulke, Yassin Cebbur - 33,6 milyon avro.

Daha bir fransız klubu "Renn" də futbolçu ixracında ixtisaslaşıb. "Renn"in son üç ildə ən böyük məbləğə satdığı futbolçu isə Yan Mviladır. Qaradərili futbolçu 12 milyon avro qarşılığında "Rubin"ə satılıb. Ümumilikdə, fransızlar 2012-dən bəri satdığı yeddi futboçudan 33,6 milyon avro qazanıb.

Barselona (İspaniya)

Satdığı oyunçular: Tyaqo Alkantara, Dos Santos, Andrey Fontas, Boyan Krkiç, Antonio Sanabriya - 38,8 milyon avro.

"Barselona" Avropanın bəlkə də həm yaxşı maliyyə dayaqlarına, həm də güclü futbol akademiyasına malik tək-tük klublarındandır. Katalonlar yetişdirdiyi oyunçuların satışıyla məşhur deyil. Ancaq son üç ildə "Göy-qırmızılar" özü üçün yararsız hesab etdiyi beş futbolçunu satıb. "Barsa"ya lazım olmayan bu futbolçular onlara 38,8 milyon avro qazandırıb.

Real (İspaniya)

Satdığı oyunçular: Xose Kalyexon, Daniel Karvahal, Esteban Qranero, Alvaro Morata - 43 milyon avro.

Katalonların əzəli rəqibi "Real"ın da güclü futbol akademiyası var. Ancaq "Barsa"dan fərqli olaraq, madridlilər öz yetişdirdiyi oyunçulara nadir hallarda əsas heyətində yer verir. Madridlilər yetirmələrini daha çox gənc yaşlarında digər klublara sataraq, onları başqa klubların yetişdirdiyi "dəymiş" futbolçularla əvəzləyir. Madridlilər son üç ildə 43 milyonluq futbolçu ixrac edib.

Borussiya D (Almaniya)

Satdığı oyunçular: Daniel Qinçek, Mario Getse, Yulian Kox, Lasse Sobe, Koray Günter - 43,5 milyon avro.

Dortmund "Borussiya"sı yetirmələrindən əldə etdiyi gəlirə görə Avropada beşinci olsa da, ölkəsində birincidir. Hazırda "Bavariya"nın əsas futbolçularından sayılan, dünya çempionatında bütün Almaniyanın qəhrəmanı olan Mario Getse məhz dortmundluların akademiyasının məhsuludur. Maraqlıdır ki, "Sarı-qaralar"ın son üç ildə qazandığı 43,5 milyon avronun 37 milyonunu məhz Getse komandaya qazandırıb.

Sevilya (İspaniya)

Satdığı oyunçular: Luis Alberto, Xose Kampanya, Antonio Luna, Alberto Moreno, Xesus Navas - 51,5 milyon avro.

"Sevilya" futbolçu yetişdirməkdə İspaniyanın liderlərindən sayılır. Bu klub son üç ildə yetişdirdiyi beş futbolçunu 51,5 milyon avroya satıb. "Ağ-qırmızılar"ın ən gəlirli "məhsul"u isə Xesus Navas olub. "Mançester Siti" ispan futbolçu üçün 20 milyon avro xərcə düşmüşdü. Keçən il isə digər İngiltərə klubu "Liverpul" sevilyalıların başqa bir futbolçusu Alberto Moreno üçün 18 milyon avrosundan keçdi.

Real Sosyedad (İspaniya)

Satdığı oyunçular: Antuan Qrizmann, Asyer İlyarramendi - 62,2 milyon avro.

San-sebastyanlıları son üç ilin fəal futbolçu satıcıları sırasına daxil edə bilmərik. Ancaq klub bu müddətdə elə iki futbolçu satıb ki, bu oyunçuların transferindən gələn gəlir onları bir xeyli irəli salıb. Söhbət madridlilərə - "Atletiko"ya satılan Qrizmanndan və "Real"a transfer edilən İlyarramendidən gedir. "Ağ-göylər" bu futbolçuların satışından ayrı-ayrılıqda təxminən 30 milyon avro irəli düşdü.

Lill (Fransa)

Satdığı oyunçular: Canni Bruno, Matye Debuşi, Luk Din, Eden Hazard, Divok Oriqi - 76 milyon avro.

Son üç ildə öz akademiyasından yetişən futbolçuların satışından əldə etdiyi gəlirlərə görə Avropada ikinci olan "Lill" öz ölkəsində birincidir. Klub üç ilə 76 milyon avro qabağa düşüb. "Qırmızı-göylər"in akademiyasının şah əsəri Eden Hazarddı desək, yanılmarıq. Belçikalı futbolçu gedərkən doğma klubuna 40 milyon avro xeyir verib. Hazard getdiyi yerdə də özünü doğruldub. Belə ki, hazırda "Çelsi"nin uğurları üçün çalışan futbolçu son iki ildə qiymətini 20 milyon avro artırıb.

Sautqempton (İngiltərə)

Satdığı oyunçular: Kalum Çembers, Adam Lallana, Luk Şou - 90,2 milyon avro.

"Sautqempton" son üç ildə cəmi üç yetirməsini başqa kluba ixrac edib. Ancaq bu, "Müqəddəslər"in Avropada və İngiltərə birinci olmasına mane olmayıb. "Ağ-qırmızılar" yetişdirdiyi oyunçuları Premyer Liqanın samballı klublarına satmaqla büdcəsini nə az, nə çox, 90,2 milyon avro artırdı. Maraqlıdır ki, əsas futbolçularını satan klub cari mövsüm bir xeyli müddət turnir cədvəlində liderlər qrupunda qərarlaşdı. Yalnız son turlarda ortabablar sırasına qədər geriləyən "Müqəddəslər" yəqin ki, yayda heyətindəki yetirmələrinə də imkanlı alıcı tapacaq.

Fransızlar birincidir

Ümumilikdə ayrı-ayrı ölkələr üzrə baxsaq, yetişdirdiyi oyunçulardan ən çox gəlir əldə edən Fransa klublarıdır - 292 milyon avro. Fransızları bu siyahıda ispanlar izləyir - 276 milyon avro. Sonrakı yerləri İngiltərə (227 milyon avro) və Almaniya (163 milyon avro) tutur. "Böyük beşlik"də yetrmələrinin satışından ən az gəlir əldə edən İtaliya klubları olub. İtalyanlar son üç ildə futbolçularının satışından cəmi 114 milyon avro qabağa düşüblər.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR