Bu dəfə türk-serb qarşıdurması
Bizi izləyin

İdman

Bu dəfə türk-serb qarşıdurması

Bu dəfə türk-serb qarşıdurması

“Neftçi”i enişdə, “İnter” yoxuşda…

Azərbaycan Premyer Liqasının XXII turunun bütün oyunları bu gün keçiriləcək. Publika.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Neftçi" "İnter"i qəbul edəcək. Tərəflər 38-ci dəfə qarşılaşacaqlar. "Neftçi" "İnter" üzərində 20-ci qələbənin astanasında olduğu duellərdə böyük üstünlüyə malikdi. Belə ki, "ağ-qaralar" 19 qələbə qazandığı halda, "bankirlər" cəmi 7 dəfə 3 xala sevinib. Qalan 11 oyunda isə qalib müəyyənləşməyib.

"Neftçi"nin 57 qoluna "İnter" 32 topla cavab verib. "İnter"lə son 8 qarşılaşmada yalnız 1 dəfə uduzan "Neftçi" 9 oyundu meydanı qolsuz tərk etmir. "Ağ-qaralar" bu rəqib üzərində iki dəfə böyük hesablı qələbə qazanıb. Belə ki, 2000-2001-ci illərdə "Neftçi" həmin vaxt "Xəzər Universiteti" adlanan komandanı 5:1 və 7:2 hesabı ilə yenib.

Komandalar 2014-cü ilin ilk 3 oyununda fərqli nəticələrə imza atıb. XIX turda "Simurq"u darmadağın edən (3:0) "Neftçi", ardınca "Xəzər Lənkəran"la sülh bağlayıb (2:2) və "Bakı"ya uduzub (0:2). "İnter" isə AZAL (2:1), "Rəvan" (2:1) və "Simurq"u (1:0) məğlub edib.

2014-cü ildə qolu bükülməyənlərin dueli

Turun prinsipial qarşılaşmalarından biri də Lənkəranda baş tutacaq. "Xəzər Lənkəran" "Bakı"nı qəbul edəcək. Bu, tərəflər arasında çempionatdakı 27-ci qarşılaşma olacaq.

İndiyədək baş tutan qarşılaşmalarda paytaxt təmsilçisinin cüzü üstünlüyü var. Belə ki, "Bakı" 8, "Xəzər Lənkəran" 7 qələbə qazanıb və 11 matçda qalib müəyyənləşməyib. Lənkəranlıların 26 qoluna bakılılar 25 dəfə cavab verib.

Paytaxt təmsilçisi son 6 matçda rəqib qapısına qol vurmadan meydanı tərk etməyib. Belə ki, "Bakı" sonuncu dəfə 2011-ci ilin 21 dekabrında Lənkəranda baş tutan və 0:3 hesabı ilə uduzduğu oyunda rəqib qapısına yol tapa bilməyib.

Hər iki komanda 2014-cü ilə uğurlu başlayıb. "Xəzər Lənkəran" ilk üç turda turnir cədvəlinin 1-2-3-cü pilləsində qərarlaşan komandalardan 7 xal alıb. Belə ki, "Qarabağ" (1:0) və "Qəbələ"ni (3:2) yenən Mustafa Dənizlinin yetirmələri "Neftçi" (2:2) sülh bağlayıb. "Bakı" isə hər üç oyunda qalib gəlib. "Rəvan"ı 5:1, "Simurq"u 1:0 hesabı ilə yenən Milinko Pantiçin yetirmələri son turda "Neftçi"yə qalib gəlib - 2:0.

Bu komandalar arasında baş tutmuş sonuncu oyun "Xəzər Lənkəran"da baş məşqçi istefasına səbəb olub. Belə ki, ötən ilin 22 noyabrında paytaxtda keçirilən matçda "Bakı" 3:0 hesablı qələbə qazanıb. Oyundan sonra Lənkəran klubunun uelsli çalışdırıcısı Con Toşak postundan ayrılıb.

“Simurq” tam üstünlüyə sahibdi

Fasilədən sonra olduqca uğursuz çıxış edən "Simurq" Zaqatalada "Sumqayıt"ı qəbul edəcək. Bu, tərəflər arasınla 9-cu qarşılaşma olacaq. "Simurq" bu rəqib üzərində tam üstünlüyə sahibdi. Belə ki, indiyədək baş tutan 8 oyunun hamısında zaqatalalılar qələbə qazanaraq, "Sumqayıt"a 1 xal belə verməyiblər. Gənclik şəhəri təmsilçisinin tək təsəllisi bu rəqibin qapısına 3 top vurmaq olub. "Simurq" isə buna 12 qolla cavab verib.

"Simurq" 2014-cü ilə uğursuz başlayıb. Georgi Çixradzenin yetirmələri ardıcıl olaraq "Neftçi" (0:3), "Bakı" (0:1) və "İnter"ə (0:1) yenilib. Növbəti yenilgi gürcü məşqçinin sonu olacaq. "Sumqayıt" isə "Qəbələ"yə məğlubiyyətdən (0:3) sonra AZAL (2:2) və "Rəvan"la (1:1) sülh bağlayıb.

“Köhlən atlar” çapa biləcək?

Çempionatın lideri "Qarabağ" bu tur "Rəvan"ın qonağı olacaq. Tərəflər 7-ci dəfə üz-üzə gələcəklər.

"Qarabağ" indiyədək bu rəqibə uduzmayıb. Belə ki, 6 matçdan 2-də ağdamlılar qalib gəlibsə, 4 oyun sülhlə başa çatıb. "Qarabağ"ın 7 topuna "Rəvan" 4 dəfə cavab verib. “Köhlən atlar” son iki ev oyununda da bakılıları məğlub edə bilməyib. Həmçinin cari mövsümdə baş tutan hər iki oyun sülhlə başa çatıb.

"Qarabağ" 2013-cü ilin ilk oyununda "Xəzər Lənkəran"a uduzsa da (0:1), ardınca "Qəbələ" (1:0) və AZAL-a qalib gəlib (2:1). "Rəvan" isə "Bakı" (1:5) və "İnter" (1:2) məğlubiyyətlərindən sonra XXI turda "Sumqayıt"la sülh bağlayıb (1:1).

Syomin üçün bəraət anı

Turun daha bir qarşılaşmasında "Qəbələ" AZAL-ın qonağı olacaq. Bu, tərəflərin 17-ci dueli olacaq. İndiyədək baş tutan duellərdə "təyyarəçilər"in üstünlüyü var. Belə ki, AZAL 7, "Qəbələ" 4 qələbə qazanıb, 5 matçda qalib müəyyənləşməyib. Bakılıların 26 qoluna qəbələlilər 12 dəfə cavab verə bilib.

Cari mövsüm AZAL rəqibindən xal ala bilməyib. “Qəbələ” AZAL-la son 4 səfər matçında qapısından qol buraxıb. Tərəflər arasındakı oyunlarda ən böyük hesablı qələbəni AZAL qazanıb. Paytaxt klubu ötən ilin 3 martında Bakıda baş tutan oyunda "Qəbələ"ni 6:1 hesabı ilə yenib.

"Qəbələ" 2014-cü ildə keçirdiyi 3 oyunda 3 xal qazana bilib. "Sumqayıt"ı 3:0 hesabı ilə yenən Yuri Syominin yetirmələri ardınca "Qarabağ" (0:1) və "Xəzər Lənkəran"a uduzub (2:3). AZAL isə "Sumqayıt"dan 1 xal alıb (2:2), "İnter" (1:2) və "Qarabağ"a (1:2) uduzub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm