• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Azərbaycan – İdman fotoobyektivdə” sərgisi Nitsanın Milli İdman Muzeyində

  • İdman
  • 17 Mart 2015 17:23
  • 372 Baxış
“Azərbaycan – İdman fotoobyektivdə” sərgisi Nitsanın Milli İdman Muzeyində

Fransanın Nitsa şəhərində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransadakı Nümayəndiliyi, Nitsanın Milli İdman Muzeyi, Fransa Milli Olimpiya Komitəsi və Bakı - 2015 Avropa Oyunları Təşkilat Komitəsinin dəstəyilə təşkil olunmuş “Azərbaycan – İdman fotoobyektivdə” adlı sərginin açılışı olub.

Avropa Azərbaycan Cəmiyyətindən Publika.az-a verilən məlumata görə, siyasətçilərin, diplomatların, fotoqrafların, idman azarkeşlərinin və Nitsada yaşayan Azərbaycan diasporunun üzvlərinin də iştirak etdiyi sərgidə 65 fotoşəkil nümayiş olunub. Bu fotolar TEAS-ın təşkil etdiyi eyniadlı müsabiqəyə təqdim olunmuş 300 fotonun arasından seçilmişdi.

Tədbirdə ilk olaraq Milli İdman Muzeyinin İdarəetmə Şurasının prezidenti Anni Lheritie çıxış edib. O, ötən həftə Argentinada baş vermiş faciəvi helikopter qəzasının qurbanlarının xatirəsini yad edib. Xatırladaq ki, qəza zamanı dənizçi Florence Arthaud, boks üzrə dünya çempionu Alexis Vastine və üzgüçülük üzrə Olimpiya çempionu olmuş Camille Muffat həyatlarını itirib. Məlumat üçün bildirək ki, Alexis Vastine dünya çempionu titulunu 2011-ci ildə Bakıda keçirilmiş XVI dünya çempionatı zamanı qazanıb.

Nitsa şəhər merinin idman məsələləri üzrə müavini Gilles Veissiere, Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin, Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı Nümayəndiliyinin rəhbəri Marie-Laetitia Gourdin və Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova da öz çıxışlarında mərhumların ailələrinə başsağlığı və səbir diləyiblər.

Gilles Veissière bu sərginin Nitsa şəhərində təşkil olunmasına qərar verildiyi üçün məmnuniyyətlə vurğulayaraq bildirib ki, o, beynəlxalq yarışlar zamanı təxminən 100 futbol oyununa hakimlik edib. Amma təəssüf ki, heç zaman Azərbaycanda olmadığını dilə gətirib. O, ümidvar olduğunu bildirib ki, birinci Avropa Oyunları sayəsində Azərbaycanı və Nitsa şəhəri ilə ortaq xüsusiyyətləri olan paytaxt Bakını kəşf etmək imkanı olacaq.

Fransa Milli İdman və Olimpiya Komitəsinin vitse-prezidenti Jean-Pierre Mougin məlumat verib ki, Fransa Avropa Oyunlarına təxminən 270 idmançıdan ibarət nümayəndə heyəti göndərəcək. Bu, Almaniyadan sonra ikinci böyük heyətdir ki, bu da Fransanın sözügedən tarixi oyunlara bağlılığının işarəsidir. Natiq Fransa Milli İdman və Olimpiya Komitəsi bu sərgi vasitəsilə TEAS və Bakı – 2015 Avropa Oyunlarının Təşkilat Komitəsi ilə əməkdaşlıq etməkdən qürur duyduğunu deyib. Sərgi iyun ayında Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə keçiriləcək.


Avropa Azərbaycan Cəmiyyətinin Fransadakı Nümayəndəliyinin rəhbəri Marie-Laetitia Gourdin öz çıxışında vurğulayıb ki, bu oyunlar Avropada ilk dəfə özünəməxsus şəkildə keçiriləcək. Və bu tarixi hadisə ilk dəfə olaraq yüksək səviyyəli beynəlxalq yarışlar təşkil edən, gənc və dinamik Azərbaycanın paytaxtı – Bakıda keçiriləcək.

M.Gourdin müsabiqənin “Ipanema - Rio de Janeiro” adlı fotosu ilə ikinci yerin qalibi olmuş fransalı fotoqraf Paul Robiona sertifikat təqdim edib.

Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Nigar Hüseynova qeyd edib ki, idmanın tətbiqi sülhün təbliğ olunmasının bir üsulu kimi qəbul edilir. O, coğrafi sərhədlərin və sosial siniflərin hüdudlarını aşmaq iqtidarındadır. İdman qardaşlıq, həmrəylik, xeyirxahlıq, tolerantlıq və ədaləti təbliğ etməyin ən güclü üsuludur. İdman insanları birləşdirmək gücünə malikdir. N.Hüseynovanın təbirincə desək, bu ruh TEAS-ın foto-müsabiqəsində də əks olunur və iki mühüm elementi özündə birləşdirir – mədəniyyət və idman – bu da insanlar arasında dostluq və həmrəyliyin güclənməsinə xidmət edir.

Sərgi 2015-ci il 13-29 mart tarixlərində ictimaiyyət üçün açıq olacaq. “Azərbaycan – İdman foto obyektivdə” sərgisi Nitsadan sonra bir neçə Avropa paytaxt və şəhərlərində - Maastrixt, Brüssel, İstanbul və Berlində keçirildikdən sonra yenidən Fransaya qayıdacaq. Sərgi Fransa Milli İdman və Olimpiya Komitəsinin əsas qərargahı Parisdə 4-28 iyun tarixində nümayiş olunacaq - Oyunların Bakıda keçiriləcəyi tarixi də əhatə edəcək.

Xatırladaq ki, 2014-cü ilin avqust ayından start götürmüş “Azərbaycan – İdman fotoobyektivdə” adlı foto müsabiqəsinin nəticələri dekabrın əvvəlində elan olunmuşdur. Müsabiqənin mövzusu 2015-ci ildə Azərbaycanın ev sahibliyi edəcəyi Avropa Oyunlarına həsr olunmuşdu. Müsabiqə Azərbaycan, idman, idmanın ümumbəşəriliyi və Avropa Oyunlarının məzmunu kimi mövzuları əhatə edirdi.

Birinci yeri təcrübəli azərbaycanlı idman fotoqrafı Dilavər Nəcəfov “Şöhrətə Doğru” adlı fotoşəklinə görə tutub. İkinci yerə fransalı fotoqraf və videoqraf Pol Robion “İpanema – Rio de Janeyro” adlı fotoşəklinə görə sahib çıxıb. Üçüncü yerə azərbaycanlı həvəskar fotoqraf Rüfət Abas “Yekun Təlimat” adlı fotoşəklinə görə layiq görülüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR