Avropada “üzəçıxdı” günü
Bizi izləyin

İdman

Avropada “üzəçıxdı” günü

Çempionlar Liqasının 1/8 final mərhələsində azarkeşlər xeyli maraqlı oyunlar izlədi. Amma hələ ki, cəmi 4 klub 1/4 finala vəsiqəni təmin edib. Qalan dörd vəsiqənin sahibi bu gün və sabah məlum olacaq.

Publika.az xəbər verir ki, Madriddə “Atletiko” doğma azarkeşləri önündə əsl favoritin kim olduğunu göstərməyə çalışacaq. “Bayer” isə ilk oyundakı qələbənin təsadüf olmadığını göstərəcək.

Günün digər qarşılaşmasında da əsl favoritin üzə çıxması olacaq. Londonda “Arsenal”ı şoka salan “Monako” Monte-Karloda 3 top buraxmamağa çalışacaq. “Topçular”ın şokdan ayılıb-ayılmaması 90 dəqiqədən sonra məlum olacaq.

“Atletiko” pis, “Bayer” saz vəziyyətdədir

Çempionlar Liqasının finalında oynayan hər bir klubun üzərinə böyük məsuliyyət düşür. Çox halda bu yükün altından çıxmaq olmur. “Atletiko” İspaniyada üçüncü güc olduğu üçün hamı onlardan yalnız yüksək nəticələr gözləyir. Amma budəfəki yük çox ağır görünür.

İspaniya mətbuatı iddia edir ki, “Hindular” hazırda yaxşı formada deyil. Son nəticələrə baxanda bu iddiaya haqq qazandırmaq lazımdır. “Bayer”lə ilk oyundan sonra Dieqo Simeonenin yetirmələri üç oyun keçirib və hamısında da meydandan bir xalla ayrılıb. 9 xaldan yalnız üçünü qazanan “Atletiko” nəticədə La Liqada 3-cü pilləni “Valensiya”ya təhvil verib.

“Bayer”də isə hər şey qaydasında görünür. Rocer Şmidtin yetirmələri “Atletiko”nu da saysaq, ardıcıl 5 oyundu qələbə qazanır- hamısı da “quru” hesabla. Bundan başqa, Simeonenin Qodin və Tyaqo Motta kimi aparıcı futbolçuların xidmətindən məhrum olduğunu da unutmayaq.

Çempionlar Liqası. 1/8 final, cavab oyunu

16 mart

23:45 Atletiko (İspaniya) – Bayer (Almaniya)

İlk oyun – 0:1

Stadion: "Visente Kalderon"

TV: AzTV, NTV (Türkiyə), NTV-Plyus Futbol 1.

Baş hakim: Nikola Ritsoli (İtaliya).

Aralarındakı oyun: +0=2-1, top fərqi – 2:3.

Cəzalı: Qodin, Tyaqo Motta (hər ikisi “Atletiko”).

Zədəli: Saul Niges, Sikeyra – Yedvay, Robbi Kruz, Spahiç (şübhəli).

Optimal heyətlər

Atletiko: Moyya - Xuanfran, Ximenes, Miranda, Xesus Qames - Mario Suares, Qabi, Koke - Arda Turan, Qrizmann, Mancukiç.

Bayer: Leno - Hilbert, Toprak, Spahiç, Vendell - Kastro, L.Bender - Bellarabi, Çalhanoğlu, Son Xın Min - Drmiç.

“Monako”ya məğlubiyyət “Arsenal”ı ayıldıb

1/8 final mərhələsinin püşkü zamanı kağız üzərində ən münasib rəqiblərdən biri kimi “Monako” göstərilirdi. Elə “Arsenal” azarkeşləri də püşkdən sonra sevincindən göylərdə uçurdu. Həyatın təzadlı üzü odur ki, uzun illərdən sonra “Arsenal” ilk dəfə bu mərhələdə cütün favoriti sayılırdı. Amma fransızlar bütün proqnozları alt-üst etdi. Rəqib meydanında 3:1 hesablı qələbə ciddi üstünlükdür. “Arsenal” yalnız möcüzə sayəsində, özü də Monakoda bu üstünlüyü “əridə” bilər. Uzun illər “Knyazlıq klubu”nu çalışdıran “Arsenal”ın baş məşqçisi Arsen Venger əlahiddə bir şey fikirləşməlidir. Hər halda, “Monako”ya məğlubiyyətdən sonra londonlularda dirçəliş hiss olunur. Son iki həftədə İngiltərə kubokunda “Mançester Yunayted” üzərində qələbəni də nəzərə alsaq, Vengerin komandası ardıcıl 4 oyundu meydandan qalib ayrılır. Odur ki, düşərgədə əhval-ruhiyyə əladır.

Çempionlar Liqası. 1/8 final, cavab oyunu

16 mart

23:45 Monako (Fransa) – Arsenal (İngiltərə)

İlk oyun – 3:1

Stadion: "Lui II"

TV: İdman Azərbaycan, NTV-Plös Futbol 2.

Baş hakim: Sveyn Moen (Norveç).

Aralarındakı oyun: +1=0-0, top fərqi - 3:1.

Zədəli: Bakayoko, L.Traore, Raci – Arteta, Debüşi, Diabi, Oksleyd-Çemberleyn, Uilşir.

Optimal heyətlər

Monako: Subaşiç - Ture, Karvalyo, Abdennur, Kurzava - Moutinyo, Fabinyo, Tulalan, Kondoqbiya - Dirar, Berbatov.

Arsenal: Ospina - Belerin, Mertesaker, Koselnı, Monreal - Kasorla, Koklen - Uolkott, Özil, Sançes - Jiru.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm