• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BAKI 2015-ə doğru: Əsl yay həyəcanı – Çimərlik futbolu

  • İdman
  • 17 Mart 2015 21:31
  • 995 Baxış
BAKI 2015-ə doğru: Əsl yay həyəcanı – Çimərlik futbolu

Çimərlik futbolu adından göründüyü kimi çimərlik və ya qumlu sahələrdə oynanan və futbol sayəsində yaranan komanda şəkilli idman növüdür. Bu idman uzunluğu 35-37, eni 26-28 metr arasında dəyişə, topuğa qədər batan, hərəkətli qumdan ibarət olan meydançalarda oynanılır. Qapıların ölçüsü 2.20- 5.50 metr olur. Hər komanda qapıçı da daxil olmaqla meydanda ümumilikdə 5 oyunçu ilə mübarizə aparır. Oyunçu dəyişdirmə haqqı limitsizdir. Futbolçular ayaqyalın oynamaq məcburiyyətindədir, ancaq dizlik taxa bilərlər. Hər komanda ehtiyatlar da daxil cəmi 10 oyunçudan ibarət olur. Bu gün çimərlik futbolu beynəlxalq səviyyədə nümayiş etdirilən, ən tez yayılan, idman sənayesində görüntüləri artan və bütün dünya üzrə 170 ölkənin televiziyası ilə yayımlanan idman növlərindən biridir.

Publika.az səbirsizliklə gözlənilən I Avropa Oyunlarında keçiriləcək idman növləri və iştirakçıları ilə bağlı silsilə yazıların təqdimatını davam etdirir. Bu dəfə çimərlik futbolu haqqında məlumat verəcəyik.

Futbol dahilərindən əyləncəli kəşf

Gələcəklərini futbolla təmin edən kasıb braziliyalı ailələr daha bir idmanın tarixinə adlarını yazdırıblar. Onlara qumda həm əyləncə, həm də mübarizə xarakteri daşıyan çimərlik futbolunun banisi desək, yanılmarıq. Əsası Braziliyada qoyulan və bu ölkənin “plyaj”larında yerlilər arasında əyləncə xatirinə oynanarkən kəşf edilən çimərlik futbolu indi də Braziliya xalqının ən çox sevdiyi oyunlardan sayılır.

Vaxt keçdikcə daha da sevilən bu məşğuliyyəti idman növü halına gətirmək qərarı aldılar. Məhz buna görə 1992-ci ildə qaydalar tərtib edildi və əsas mərkəz Los Anceles şəhərində quruldu. Yayda ilk peşəkar çimərlik futbolu yarışı Mayamidə baş tutdu. Yeni və əyləncəli olduğu üçün maraqla qarşılanan ilk turnirdə ABŞ, Braziliya, Argentina və İtaliyadan olan komandalar iştirak etdi.

Bir müddət sonra çimərlik futbolu üzrə daha böyük turnirlər təşkil olunmağa başlandı. 1994-cü ilin aprelində Rio-de-Janeyronun Kopakabana sahilində növbəti yarış oldu. Bu yarış tarixində ilk dəfə televiziya kanalları tərəfindən yayımlandı. Bir il sonra isə həmin məkanda çimərlik futbolu üzrə ilk dünya çempionatı baş tutdu. Elə qələbə də ev sahiblərinin oldu.

1998-ci ildə Avropa Çimərlik Futbolu Liqası (EPBSL) yarandı. Bundan sonra bütün rəsmi yarışların peşəkar səviyyədə keçirilməsi üçün tədbirlər görülməyə başlanıldı.

Hazırda Avropa ÇF Liqası kimi tanınan EPBSL bütün qitə miqyasında reklam işlərini birləşdirərək media, sponsor və azarkeşlərin tələblərinə cavab verir. Hazırda çimərlik futbolu yarışmasının miqyası BƏƏ, Tayland, Meksika, Yunanıstan, Yaponiya, Avstraliya və Birləşmiş Krallığa qədər genişlənmişdi.

Nəhayət, FİFA-nın diqqətini cəlb edə bildi

Dörd il ərzində EPBSL dünyada ən güclü çimərlik futbolu yarışına çevrildi. 2004-cü ilə qədər bu komandalar sırasına 17 dövlət qoşuldu, 2005-ci ildə isə bu rəqəm Avropa ÇF Liqası daxilində 20-yə qədər yüksəldi. Bu da həmin yarışmaların televiziya vasitəsi ilə yayımlanma dairəsini də genişləndirərək 70-dən çox ölkədə reklam şirkətlərinin yüksək dərəcədə tələbatının artımına gətirib çıxartdı.

Nəhayət, FİFA da bu yarışmanı tanıyaraq BSWW-ni çimərlik futbolunun yaradılması və inkişafında başlıca qurum olaraq qəbul etdi. Həmçinin 2005-ci ilin mayında FİFA Çimərlik futbolu üzrə dünya kubokunun keçirilməsinə səbəb olan yüksək təminatlı əməkdaşlıq təklif etdi.Təbii ki, geniş auditoriya marağına səbəb olan çimərlik futbolu bukmeker kontorlarının da diqqətindən qaça bilməzdi.

Bizimkilər...

Qısa müddət ərzində bütün Avropaya daha sonra, bütün dünyaya yayılan çimərlik futbolu ölkəmizə də “təşrif buyurdu”. Azərbaycanda bu əyləncəli idmana marağın az olmadığını anlayan mütəxəssislər 2008-ci ildən federasiya yaratdılar. Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) prezidenti vəzifəsinə iş adamı, biznesmen Fərid Novruzi seçildi və milli yığma komanda təşkil olundu. Federasiyada heyətlər toplanmağa, məşqçi kollektivi yaradılmağa başlandı.

Həmin ilin iyun-sentyabr aylarında braziliyalı mütəxəssis “Quqa” ləqəbli Qustavo Enrike Zlokkovik baş məşqçi vəzifəsinə dəvət olundu. Təlim-məşq toplanışları keçirildi.

Çox keçmədi ki, Mərdəkanda yerləşən “Dalğa” idman istirahət kompleksində AFFA tərəfindən çimərlik futbolu üçün nəzərdə tutulmuş təlim meydançası hazırlandı. Daha sonra, avqustda həmin meydançanın ərazisində beynəlxalq səviyyəli stadion inşa edildi. Həmin ilin sentyabr ayında keçirilən “Avropa Kuboku 2008” beynəlxalq yarışında ev sahibi kimi iştirak edən Azərbaycan millisi 3-cü yeri tutdu.

Yerli mütəxəssislərin fikrincə, 1000 tamaşaçı tutumu olan həmin stadion azarkeşlər üçün bütün zəruri şəraiti təmin edir, qollu və baxımlı oyun üçün idmançıların motivasiyasını artırır.

Hazırda çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsini portuqaliyalı mütəxəssis Xose Miqel Mateus icra edir. 56 yaşlı mütəxəssis 2013-cü ildən bu postdadır.

Qələbəyə ümidli federasiya

Əsası Braziliyada qoyulan bu idman növü hər kəsin səbirsizliklə gözlədiyi I Avropa Oyunlarına da daxil edilib. Elə Xose Miqel Mateus da millinin baş məşqçisi təyin edilərkən onun qarşısına 2015-ci ildə Bakıda təşkil olunacaq I Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşmaq tapşırığı qoyulub.

İyunun 24-dən 28-nə kimi çimərlik futbolu üzrə bir medal uğrunda yarış keçiriləcək. Hər komandada 8 nəfər olmaqla 5 gün davam edən yarışda 96 idmançı üz-üzə gələcək.

I Avropa Oyunlarında qələbəyə ümidli olan Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi millini ilk üçlükdə gördüyünü deyib:

“Çimərlik futbolu həvəskarlar arasında həmişə sevilib. Elə peşəkarlar arasında çimərlik futbolu da inkişafdadır. Avropa oyunları bu idman növünün inkişafına güclü təkan olacaq. Hədəfimiz Avropa Oyunlarını ilk üç pillədə tamamlamaqdır. Komandamız da buna hazırdır. Doğma vətəndə oynayacağıq. Rəqiblərimizi də yaxşı tanıyırıq. Qrupumuzda olan komandalar eyni səviyyədədirlər. Ümid edirəm ki, Bakıda hədəfimizə çatacağıq”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR