İlk Avropa Oyunlarına 1000-dən çox jurnalist gələcək
Bizi izləyin

İdman

İlk Avropa Oyunlarına 1000-dən çox jurnalist gələcək

Bakı 2015 Avropa Oyunları Avropa Milli Olimpiya Komitələrinin mətbuat xidmətləri və beynəlxalq media nümayəndələri üçün nəzərdə tutulan ikinci və yekun Kommunikasiya Seminarına ev sahibliyi edib.

Publika.az xəbər verir ki, iki günlük proqram müddətində Avropadan olan 54 nəfər nümayəndə Bakı 2015 obyektlərini ziyarət edib və Avropa Oyunlarına hazırlıq işlərini və Oyunlar zamanı media nümayəndələri üçün təşkil olunacaq şəraiti əhatə edən plenar sessiyada iştirak edib.

Mətbuat Əməliyyatları, Protokol, Yayım və Kommunikasiya şöbələrinin rəhbər heyətləri daxil olmaqla bir neçə Bakı 2015 direktoratlığı seminar iştirakçıları üçün təqdimatlar ediblər. Nümayəndələr, həmçinin yeni ilin və baharın gəlişini xəbər verən Novruzun axır çərşənbəsini də qeyd ediblər.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq deyib: “Milli Olimpiya Komitələrinin kommunikasiya komandaları və onların ilk Avropa Oyunlarını işıqlandıracaq media nümayəndələri ilə əlaqələrin gücləndirilməsi bizim üçün çox vacibdir.

Bütövlükdə Avropanı qitənin idman təqvimində yer alan bu geniş miqyaslı tədbirlə yaxından tanış etmək, Oyunlarla bağlı gözləntiləri artırmağa kömək etmək və Azərbaycanda gördüyümüz işlər haqqında ictimaiyyəti məlumatlandırmaq üçün Milli Olimpiya Komitələrinin dəstək və əməkdaşlığı böyük əhəmiyyət kəsb edir”.

Milli Olimpiya Komitələrinin kommunikasiya əməkdaşları ilə yanaşı, 1000-dən çox avropalı jurnalistin Bakı 2015 Avropa Oyunlarına qatılması nəzərdə tutulur. Mətbuatın böyük maraq göstərməsi səbəbilə jurnalistlərin akkreditasiyası üçün son müraciət tarixi 3 aprel 2015-ci ilədək uzadılmışdır.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs qeyd edib: “Bu, Avropa Milli Olimpiya Komitələrini və mətbuatı Avropa Oyunları haqqında məlumatlandırmaq, Oyunlar zamanı Bakı 2015 Əməliyyat Komitəsinin necə işləyəcəyini onlara tam şəkildə izah etmək üçün əla fürsətdir.

Biz, həmçinin Bakı 2015 Avropa Oyunları zamanı “I-Zona”nın işləmə prinsiplərini nümayiş etdirmək imkanı da əldə etdik. Bu, Oyunlar zamanı Media “Mix” Zonasını və Media Konfrans Otağını əvəzləyəcək yeni konsepsiyadır.”

Bütün qəzetlərin, internet səhifələrinin, radio və televiziya stansiyalarının işıqlandıracağı 17 günlük birinci Avropa Oyunlarında 6000-dən çox idmançı yarışacaq.

Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin Kommunikasiya şöbəsinin direktoru cənab Uilyam Lui-Mari söyləyib: “Milli Olimpiya Komitələrinin Bakı 2015 Avropa Oyunları ilə bağlı hazırlıq işlərinə tam şəkildə cəlb olunması bizim üçün çox əhəmiyyətlidir və biz ilk Avropa Oyunlarının uğurla həyata keçirilməsinə yardım edəcək bütün müvafiq yenilik və xəbərlərin çatdırılması üçün onlarla sıx əməkdaşlıq edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm