• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Türklərin “uğur çubuğu” - “Fantomas”

  • İdman
  • 20 Mart 2015 00:42
  • 1 346 Baxış
Türklərin “uğur çubuğu” - “Fantomas”

Pyerluici Kollina bütün futbolsevərlərin ən çox sevdiyi hakim idi. O, jestlərdən çox istifadə edərdi. Bu da Kollinanın italyan xarakterinin vazkeçilməz hissəsi idi. Onu özünəməxsus hərəkətlərinə görə yalnız futbolçular deyil, tamaşaçılar tərəfindən də alqışlanırdı.

Kollina UEFA-nın ən güvəndiyi hakimlərdən olub. Futbolsevərlər həmişə belə düşünüb: “Bu matçı Pyerluici Kollina idarə edirsə, başqa sözə ehtiyac yoxdur”. Bu o deməkdir ki, hər kəs onun doğru, dürüst matç idarə edəcəyinə əmin idi. Futbolçularla davranışına görə onun idarə etdiyi matçlar həmişə münaqişəsiz olardı.

Publika.az II taym layihəsi çərçivəsində futbolsevərlərin ən çox güvəndiyi əfsanəvi hakim Pyerluici Kollina haqqında məlumat verəcək.

Sabiq FİFA referisi Sergey Xusainov italyan həmkarını belə xarakterizə edir: “Gülümsəməklə gərginliyi azaldardı. Kollina matçın başlamasınadək isinmə hərəkəti edən ilk hakimlərdən idi. Futbolçulara qarşı səmimi rəftarıyla da diqqət çəkirdi.

Hazırda Pyerluici Kollina UEFA Hakimlər Komitəsinin rəhbəri, İtaliya Hakimlər Assosiasiyasının müşaviri, Ukrayna Futbol Federasiyası Hakimlər Komitəsinin kuratorudur.

“Kollina matçı ya yaxşı idarə edirdi, ya da çox yaxşı”.

Pyerluici Kollina 1960-cı il fevralın 13-də İtaliyanın şimalında yerləşən Bolonya şəhərində anadan olub. Onun qürurverici siyahısında DÇ-2002, ÇL-1999, Olimpiada-1996 və UEFA kuboku-2004-ün final matçları var. Türk futbolsevərləri onu 1996-cı il oktyabrın 17-də "Qalatasaray" - PSJ matçıyla tanıyıb. 4:2 hesabı ilə “Qalatasaray”ın qələbəsi ilə bitən matçda Kollina Hacinin əlini sıxmış, təbrik etmək üçün onun yanına getmişdi.

Onun qaydalar çərçivəsində oyunu idarə etdiyi üçün belə fikir də ortaya atılmışdı - “Kollina matçı ya yaxşı idarə edir, ya da çox yaxşı idarə edir”.

Yüksək səviyyəli hakimlər seminarında onun matça hazırlıq sistemini bütün digər hakimlərə nümunə gətirərdilər.

Kollina peşəsinin azarkeşi idi! O, futbolu əla bilirdi, stressə davamlı idi, epizodu anında dəyərləndirib qərar verməyi bacarardı və təbii ki, xarici görünüşü... Kollinanın imici, siması yaddaşlardan heç vaxt silinməz.

Onun saçını tökən xəstəlik

Kollina 24 yaşında alopesiya xəstəliyindən sonra keçəl qalıb. Bu xəstəlik insan bədənində qaş və kipriklər daxil bütün tüklərin tökülməsi ilə nəticələnir. Elə xarici görünüşünə görə də “Fantomas” təxəllüsü alıb. Bəzilərinə görə italyan kişilərindən fərqli olaraq, heç də yaraşıqlı sayılmayan Pyerluici ölkəsində aparılan bir sorğuya görə “İtaliyanın ən seksual kişisi” seçilmişdi.

Türklərin “uğur çubuğu

Nə zaman ki Türkiyə milli komandasının oyununu Kollina idarə edirdi, həmin görüş mütləq uğurlu başa çatırdı. Elə buna görə, o, türk xalqının təsəvvüründə “uğurlu hakim” obrazı yaratmışdı. Karyerasının zirvəsinə 2002-ci ildə idarə etdiyi Almaniya - Braziliya dünya çempionatının fiinalı ilə yüksəlib.

2002-ci ildə Türkiyə millisinin Yaponiya yığması ilə qarşılaşdığı matçı da Kollinaya həvalə etmişdilər. Bu matçdan sonra ona formasını hədiyyə edən Can Çobanoğluna fitini hədiyə vermişdi. Meydançada futbolçularla gülərək etdiyi söhbətlər də diqqətlərdən yayınmırdı. Hətta yerə yıxılan futbolçuya əl uzatdığı vaxtlar da olub.

2004-cü ildə hakimliyi buraxan “Fantomas”, əlavə olaraq bir il sadəcə İtaliya A seriyasının matçlarını idarə etdi. Son idarə etdiyi matç "Bolonya"nın matçıydı. Uşaqlıq zamanı azarkeşi olduğu komanda “Bolonya” həmin matçda liqadan düşdü.

Maraqlı fikirləri:

- Mən kofe içmirəm. Ola bilsin, bütün İtaliyada yeganə belə insanam.

- Ən yaxşı hakim oyun vaxtı gözə çarpmayan hakim deyil, ən yaxşı hakim ən çətin məqamda düzgün qərar verməyi bacarandır.

- Xarici görünüş elə də çox şeyi həll etmir. Mən 24 yaşımda xəstələndim. Ancaq mənim bəxtim gətirdi, çünki həmin yaşda şəxsiyyət artıq formalaşmış olur. Dəhşətli xarici görünüşümün olduğu barədə eşitmişəm, amma meydanda bu mənə təsir etmir”.

- Hakimin vəzifəsi öz qərarlarını zövqünə uyğun şəkildə tətbiq etmək və matçların müqəddəratını təyin etmək deyil, futbolçulara bacardıqlarını ən yaxşı şəkildə ortaya çıxartma fürsətini təqdim etməkdir.

- Hakimlər psixoloji olaraq da özlərini hazırlamalıdırlar. Özünüzü tənqid edə bilmək də çox vacibdir”.

O, əsrin hakimidir!

2012-ci ilin yanvar ayının sonlarında Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası son illərin ən yaxşı hakimlərinin adlarını açıqlayıb. 1987-2011-ci illəri əhatə edən bu siyahıda lider hələ də italyan Pyerluici Kollina seçilmişdi. “İlk üçlük”də onun alman həmkarı Markus Merk və Kim Milton Nilsen də var idi. Həmin siyahıda bütövlükdə 151 hakim yer almışdı. Altı dəfə dünyanın ən yaxşı hakimi adını alan Kollina, İFFHS tərəfindən futbol tarixində ilk dəfə olaraq əsrin ən yaxşı hakimi elan olunub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR