Bu gün “ulduzlar” toqquşacaq
Bizi izləyin

İdman

Bu gün “ulduzlar” toqquşacaq

Bu gün ulduzların toqquşduğu, bütün dünyanın diqqətinin bir nöqtəyə cəmləşdiyi gündür. Futbol həvəskarları var ki, mövsüm ərzində yalnız bir dəfə ekran qarşısında 90 dəqiqə oturmağa səbr edir. “El-Klasiko”nun əhəmiyyətini, dəyərini sözlə çatdırmaq çox çətindir. Turun, ayın, mövsümün, hətta ilin oyunu da deyə bilərik. Uzun sözün qısası, müasir futbolun iki fövqəlistedadı – Ronaldoyla Messi üz-üzə gələcək. Bu sadə çempionat oyunu deyil. Bu, çempionluq yükünü daşıyan oyundur. Bu, iki superfutbolçunun qarşılaşmasıdır. Bu, bombardirlər yarışını da yaxından maraqlandıran supermatçdır. Başqa sözə ehtiyac varmı?

Publika.az La Liqanın 28-ci turunda baş tutacaq “Barselona” – “Real” matçına xüsusi yer ayırmaq qərarına gəldi.

Mövsüm uzun marafondur. Bir aydan o biri aya, hətta turdan-tura çox şey dəyişə bilər. Ötən ilin noyabrında, birinci dövrədəki “El-Klasiko”dan əvvəl Ronaldonun aktivində 18, Messidə 7 qol vardı. Bu ilin yanvarında portuqaliyalı hücumçu argentinalı vizavisini 8 top qabaqlayırdı bombardirlər siyahısında: 26 qola qarşı 15 qol vurmuşdu Leo. Çoxları “Qızıl buts”un taleyinin həll olunduğunu vurğulayırdı. Amma növbəti 10 turda inanılmaz hadisələr baş verdi. Bu zaman kəsiyində “Real”ın lideri cəmi 4 dəfə “əzələlərini nümayiş etdirdi”. Messi isə 17 (!) dəfə rəqib qapılarına yol tapdı. Hazırda bombardirlər yarışında vəziyyət dəyişib. Hesab argentinalı dahinin xeyrinədir: 32-30. Messinin inanılmaz sürət yığması sanki Ronaldonun əl-qolunu bağladı. Hətta Leonun karyerası ərzində ən yaxşı dövrünü yaşadığını desək, “Barselona” azarkeşləri bizi qınamaz. Ronaldo əvvəlki kimi motivasiyalı görünmür. Buna ya “Qızıl top”, ya da İrina Şeykdən ayrlması səbəb ola bilər. Dəqiq izah tapmaq çətindir. Amma fakt odur ki, Çempionlar Liqasında “Şalke”ylə biabırçı oyundan sonra (“Real” öz meydanında uduzsa da, iki oyunun nəticəsinə görə mərhələ adladı) Ronaldo dözməyərək “bu faciədir” demiş, mövsümün sonuna kimi mətbuata danışmayacağını bildirmişdi. Ronaldo məsələsinə yenidən qayıdacağıq.

Elə bil dünən olmuşdu. Avropa mətbuatı “Barselona”nın düşərgəsində baş verən daxili çəkişmədən yazırdı. Messinin baş məşqçiylə yola getmədiyi söylənilirdi. Artıq Luis Enrikenin qovulma xəbəri gündəmdə idi. Leonun isə çamadanını hazırlayıb İngiltərəyə köçəcəyi deyilirdi. Böhran kulminasiya nöqtəsinə çatdığı məqamda nəsə baş verdi. Luço heyət və oyun sxemini səhvsiz qurmağa başladı, Leo “Tanrı rejimi”nə keçdi və “Barsa” 18 oyundan 17-də qələbə qazandı. Nəticədə kataloniyalılar hazırda çempionluğa əsas favorit sayılır.

Dünən az qala hər oyunda yeni-yeni rekordlar müəyyənləşdirən “Real” birdən-birə dəyişdi. Bədlik gələndə batmanla gəlir deyiblər ha, madridlilər həmin vəziyyətə düşüb. Məğlubedilməzlik ruhu yoxa çıxıb, Ronaldonun bombardirlik sehri itib. Baş məşqçi Karlo Ançelotti soyuqqanlı olmağa çalışsa da, nə edəcəyini bilmir. Son 3 turda Ronaldo bir, Messi 6 qol vurursa, buna məşqçi nə edə bilər? Bu “El-Klasiko” çox şeyə aydınlıq gətirəcək. “Real” ya çempionluqdan əlini üzüb səhnəni məğlub kimi tərk edəcək, ya da “desima” qəhrəmanları “drim-tim” olduğunu yadına salıb əvvəlki kimi oynamağa başlayacaq. Bu gün İspaniyanın yeni çempionunun adına aydınlıq gələ bilər...

“Real”ın uğursuz çıxışını şərtləndirən əsas səbəb Ronaldonun özünə bənzəməməsidir. Portuqaliyalı futbolçu üçün 2015 karyera baxımından yaxşı başlamadı. Düzdür, ilin əvvəlində “Qızıl top” ona qismət olsa da, sonradan başverənlər ortaya xeyli suallar çıxartdı. Məsələ burasındadır ki, yanvardan bəri Kriştiano bütün turnirlərdə cəmi 9 qol vura bilib. Bu, onun “Real”da çıxış etdiyi dövrdə mövsümün bu hissəsində qeydə alınan ən zəif göstəricisidir. Statistika vəziyyəti çılpaqlığı ilə göstərir. Ötən il az qala hər oyun meydandan qolla ayrılan, yorulmadan mübarizə aparan, motivasiyası ətrafa “sıçrayan” Ronaldodan əsər-əlamət qalmayıb. “Qızıl top”u alandan sonra La Liqada 4 oyunluq diskvalifikasiya da ona psixoloji cəhətdən mənfi təsirini göstərdi. Bir tərəfdən də şəxsi problemləri futbolçu Ronaldonu “söndürdü”. Bilirsiz hansı vəziyyətdir? 2012-ci ilin sentyabrını xatırlayırsız? Kriştiano “Real”da xoşbəxt olmadığını demişdi. Bəlkə də bütün bunlar hər bir komandanın və ya futbolçunun düşə biləcəyi “uğursuzluq zolağı”dır. Hər halda, bu gün ssenarini dəyişmək üçün əla fürsətdir. Ronaldo – Messi duelinin növbəti pərdəsi yenə azarkeşlərə kimin dahi olduğunu düşünməyə əsas verir. Tənqidləri və təzyiqləri kəsmək üçün bundan yaxşı şans ola bilməz. Özü də “Nou Kamp”da.

Bu komandaların son 17 matçında heç bir qapıçı qapısını toxunulmaz saxlaya bilməyib. Sonuncu dəfə Viktor Valdes 2011-ci ildə “quru” qalıb. Hazırda “Barselona”nın hücum xətti istənilən qapıçı üçün “kabus”a çevrilib. Messi, Neymar və Luis Suares üçlüyü birlikdə komandalarının 100-cü qoluna doğru inamla addımlayırlar. Çempionlar Liqasında “Mançester Siti”ylə cavab oyunu Leonun benefisinə çevrildi. O, qol vurmasa da, fenomenal çıxış etdi.

“Real” budəfəki “El-Klasiko”ya heç də yüksək əhval-ruhiyyədə hazırlaşmayıb. Ançelottinin yetirmələri La Liqada liderliyi itirib, məhsuldarlıq aşağı düşüb. Madridlilər “Nou Kamp”da qalib gələ bilməsə, bir də “Barsa”nı keçmək şansı qazanmaya bilər. Bu qarşılaşma həm də baş məşqçilərin gələcəyi üçün önəmlidir. Həm Ançelotti, həm də Enrikenin postunda qalması “El-Klasiko”nun nəticəsindən asılı ola bilər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm