İdman
Futbolçular məni soyundurdular, paltarlarımı götürüb getdilər - FOTOLAR
6 konfederasiyada, 15 ölkədə top qovan “səyyah”
Futbol tarixi qəhrəmanlarla doludur. Bunlara misal olaraq Maradonanı, Peleni, Ronaldonu, Herd Mülleri, Yohan Kroyffu və başqalarını göstərmək olar. Bu oyunçular oynadığı dövrlərdə ən yüksək futbol birinciliklərində komandalarına yaxından kömək edərək uğurlar qazandırıblar. Ancaq futbol tarixində bir ad da var ki, onun nailiyyətləri yuxarıda adını çəkdiyim əfsanələrin uğurlarının yanından belə keçməyib. Ancaq onun futbolçu karyerasını yazsan kitab olar. Bu oyunçunun adı futbol tarixinə düşüb. Düzü, onun futbol naminə yaşadığı həyata görə qəhrəman da demək olar.
Publika.az alman qapıçı Luts Pfannenştildən söhbət açacaq. Bəs
karyerasını dünyanın zəif klublarında keçirən bu qapıçını tarixə
salan nədir? O, dünya çempionatlarında, yüksək liqalarda çıxış
etməyib, titullar qazanmayıb, əvəzində hamıdan çox gəzib, FİFA-nın
6 konfederasiyasının hamısında çıxış edən yeganə futbolçu olub.
İnanmaq çətin olsa da, bu səyyah-futbolçu karyerası ərzində 15
ölkənin 25 klubunun şərəfini qoruyub. Bu ölkələrdə o, yüksək
titullar qazanmasa da, heç vaxt unutmayacağı macəralar
yaşayıb...
Luts Pfannenştil 1973-cü il mayın 12-də Almaniyanın Çvizel
şəhərində dünyaya gəlib. İlk futbol biliklərinə 1986-cı ildə məhz
yerli "Çvizel" futbol klubunda yiyələnməyə başlayıb. Üç il doğma
şəhərinin klubunda oynadıqdan sonra "Vilşoven"ə keçib. 1991-ci ildə
Almaniyanın 5-ci liqa klubu "Bed Kotsinq"də forma geyinən qapıçı,
1993-cü ildə Malayziyanın "Pednanq" klubundan gələn təklifi
məmnuniyyətlə qəbul edir. Almaniyanın aşağı liqalarında gün
keçirməkdən bezən Luts “dünya səyahəti”nə çıxmağa qərar verir.
Qapıçının Malayziya karyerası sakit keçir. Növbəti dayanacaq Avropa
olur. Amma doğma Almaniyada yox, İngiltərədə oynamağı daha üstün
tutur. O, aşağı liqa klubu "Uimbldon"la anlaşır. Burda isə onu
kriminal futbolçu kimi tanınmış, sonradan aktyorluğu ilə
məşhurlaşmış Vinni Cons və onun özünə bənzəyən dostları gözləyirdi.
O, bu kriminal futbolçular arasında başına gələn hadisələrdən
birini belə nəql edir:
"Bir gün bütün komanda ilə parkda məşqə getmişdik. Məşqdən sonra
futbolçular hamısı məni tam soyundurdular. Sonra isə paltarlarımı
götürərək getdilər. Orda tamamilə çılpaq vəziyyətdə qalmaq necə
utancverici bir hissdir, anlaya bilməzsiz. Təsəvvür edin, parkdan
evə qədər nə qədər qadının yanından qaçaraq keçdim. Onlar mənə çox
qəribə baxırdılar. Parkdan evə qədər təxminən 5 km-lik məsafəni
belə - tamamilə çılpaq vəziyyətdə qaçdım".
Luts İngiltərədən sonra Cənubi Afrika Respublikasının "Orlando
Pirates" klubuna transfer olur. Burada da özünü qərib bir diyardakı
kimi hiss edir. O, komandadakı qaradərili futbolçular arasında
yeganə “ağ adam” idi. Şəhərdə hərəkət etmək də onun üçün təhlükəli
idi. Burda cəmi 7 oyunda meydana çıxan futbolçu yenidən Avropaya
qayıdır. Finlandiyada karyerasını davam etdirən qapıçı daha sonra
vətəni Almaniyada da oynayır. Ancaq Luts yenidən sıxılmağa
başlayır. Bu dəfə o, Sinqapurdan gələn təklifi qəbul edir.
Sinqapur qanunların ən sərt olduğu ölkələrdən biridir. Burada hətta
asfalta siqaret kötüyü atmağın 500 dollar cəzası var. Belə sərt
qanunları olan ölkə Lutsu qorxutmur. O, yerli "Qeylanq Yunayted"in
formasını geyinməyə başlayır. Burada əvvəllər hər şey yolunda getsə
də, yerli çempionatın oyunlarından biri səs-küyə səbəb olur. Belə
ki, “Qeylanq”lı oyunçular matçı satmaqda ittiham olunur. Luts hər
nə qədər günahsız olduğunu desə də, cəzadan canını qurtara bilmir.
Ancaq futbolçunun qalmaqallı oyunun ən yaxşısı seçildiyini nəzərə
alsaq, bu, onun doğrudan da, günahsız olduğunu düşünməyə əsas
verir. Qapıçı bütün təkziblərinə baxmayaraq, sərt Sinqapur
qanunları qarşısında aciz qalır. Onu həbs edirlər. Luts özü həmin
dövrü belə xatırlayır:
"Həmin dövrləri xatırlamaq belə istəmirəm. Təsəvvür edin mənim
Sinqapurda hər cür şəraitə malik lüks evim, "Armani" istehsalı
mebelli otağım, özümün televiziya şoum var idi. Ancaq bir gün məni
günahsız ola-ola həbs etdilər. Orada qaldığım yer beton otaq idi.
Nə yataq var idi, nə də ki, ayaqyolu. Hətta mənə diş fırçası belə
verməmişdilər. Dəhşət idi. Orada cəmi 101 gün qalsam da, bu mənə 25
il kimi gəldi".
Daha sonra ölkəsinə ekstradisiya edilən futbolçu faciəvi Sinqapur
karyerasının ardından Yeni Zelandiyaya yollanır. Burada "Danidin
Teknikal"la anlaşan Luts özünü yaxşı tərəfdən göstərə bilmir.
Alınmayan Yeni Zelandiya karyerasından sonra o, İngitərəyə gəlir.
"Bredford"a icarəyə verilən qolkiper sonradan bir neçə dəfə
İngiltərə - Yeni Zelandiya marşrutuyla hərəkət edir. Bu illərdə
qapıçıya bəlkə də, həyatını dəyişdirəcək bir təklif gəlir. O,
"Milan"da oynamaq fürsəti əldə edir. 2003-cü ildə Çempionlar
Liqasını qazanmış "rossonyerlər" ona Didanın əvəzedicisi gözüylə
baxırdı. Ancaq alman qapıçı ehtiyatda oturmağı heç cür qəbul edə
bilməzdi. Etmədi də. O, dünyanı gəzməyi Avropanın ən nəhəng
klublarından birinin ehtiyatında oturmaqdan üstün tutdu.
Daha sonra o, karyerasını Norveç, Kanada kimi ölkələrdə də davam
etdirir. Onun yolu hətta Ermənistanla da kəsişib. Futbolçu buradakı
karyerasıyla bağlı xatirələrində yalnız güclü maliyyə
problemlərinin qaldığını deyib.
Luts 2011-ci ildə qapıçı əlcəklərini mismardan asdıqdan sonra
məşqçi kimi fəaliyyətini davam etdirib. Belə ki, o, hələ bir neçə
il öncədən oynadığı klublarda qapıçı-məşqçi kimi fəaliyyət
göstərməyə başlamışdı. Onun yaşıl meydana çıxdığı ölkələr arasında
vətəni Almaniyadan başqa İngiltərə, Yeni Zelandiya, Sinqapur, ABŞ,
Braziliya, CAR, Finlandiya, Malayziya, Belçika, Kanada, Namibiya,
Norveç, Ermənistan və Albaniya var.
Kimsə bu qədər macəra yaşamış olsa, başına gələnləri yazsa, kitab
olar deyirlər. Elə Luts da bunu edib, onun 2011-ci ildə çap olunmuş
"Qapıçı heç bir zaman dayanmamalıdır" kitabı Vilyam Hill tərəfindən
həmin ilin ən yaxşısı seçilib. Hazırda ölkəsində - "Hoffenhaym"da
məşqçi kimi çalışan Pfannenştil bəlkə də yeni ekzotik macəraların
planını qurur.
Publika.az
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB19 Aprel 21:50
95 yaşlı diplomat öldü