Prosineçkinin debütünə verilən qiymət: “...belə oyunla nəyəsə ümid etməyə dəyməz”
Bizi izləyin

İdman

Prosineçkinin debütünə verilən qiymət: “...belə oyunla nəyəsə ümid etməyə dəyməz”

Futbol üzrə milli komandamız AÇ-2016-nın seçmə mərhələsində məğlubiyyət seriyasına Malta üzərində qələbəylə son qoydu. Respublika stadionunda baş tutan qarşılaşmada Robert Prosineçkinin yetirmələri 2:0 hesablı qələbə qazandı. Yeri gəlmişkən, xorvat mütəxəssisin millimizin sükanı arxasında ilk rəsmi oyununun uğurlu alındığını deyə bilərik. Amma rəqib Malta olduğu üçün bu qələbə futbolsevərlər tərəfindən o qədər də böyük coşquyla qarşılanmadı.

Publika.az Prosineçkinin təxminən 3 aylıq fəaliyyətinin nəticəsini qiymətləndirmək üçün ölkənin tanınmış idman jurnalistlərinə üz tutdu. Onlara konkret sualla müraciət etdik: “Millimizin qələbəsi Prosineçkinin xüsusi əməyinin bəhrəsidir, yoxsa rəqib zəif idi?” Cavablar heç də birmənalı olmadı.

Kənan Məstəliyev, rekord.az saytının baş redaktoru:

“Mən deməzdim ki, Prosineçki möhtəşəm bir iş gördü. Hamımız bilirdik ki, rəqib zəif idi. Bu oyun ən azından Prosineçkinin millidən nə istədiyini görmək üçün yaxşı şans idi. Məncə rəqib zəif olduğu üçün bu qarşılaşmada müəyyən eksperimentlər həyata keçirmək olardı. Amma bunu görmədim. Sanki xorvat mütəxəssis bir az çəkindi. Hərçənd onu qorxaq məşqçi kimi tanımırıq. Ümumilikdə, Malta ilə oyun Prosineçkinin millidəki işi ilə bağlı fikir yürütmək üçün tutarlı əsas vermədi”.

Ceyhun Əzizli, aut.az saytının baş redaktoru:

“90 dəqiqə ərzində orda nə məşqçini dəyərləndirmək olar, nə də oyunçuları. Maltaya qalib gəlməklə gücümüzü göstərmiş olmadıq. Malta ilə oyunda Prosineçkinin işində bəyəndiyim yerli oyunçulardan istifadə etməsi oldu. Özümüzünkülərə qiymət verdi. Foqtsdan fərqi sadəcə bu idi. Maltaya qalib gəlməklə millimizə qiymət verə bilmərik. Buna qədər xal almayan iki komanda var idi - biri biz, digəri isə Andorra idi. Buna görə də qələbəni şişirtmək lazım deyil”.

İlkin Xəlilov, “Atv-İdman”ın redaktoru:

“Qələbə olubsa, burda məşqçinin rolu önəmlidir. Necə ki, məğlubiyyət olanda məşqçinin yaxasından yapışıb hesabat tələb ediriksə, qalib gəldikdə də demək lazımdır. Heyəti məşqçi qurur, taktikanı verir. Sözsüz ki, məşqçi əməyi var. Çünki yığmamız da nəhəng komanda sayılmır. Azərbaycan millisi İspaniya, İngiltərə, İtaliya yığmaları deyil. Demək olar ki, Malta səviyyəsində bir rəqibdir. Amma gələcək, perspektiv haqda fikir bildirmək düzgün deyil. Çünki futbolda bir oyundan sonra qərar vermək çox çətin məsələdir. Qarşıda bizi çox çətin sınaqlar gözləyir, güclü oyunlar var. Həmin oyunlarda komandanın potensialı da, Prosineçkinin futbolçulara verdikləri də özünü göstərəcək. İndiki halda milli komandanı təbrik etmək və uğurlar arzulamaq qalır”.

Rəşad Ergün, komanda.az saytının baş redaktoru:

“Qələbə qazanmışıqsa, baş məşqçinin əməyi var deməkdir. Yəni Prosineçkinin işini heçə saymaq da olmaz. Amma Malta elə rəqibdir ki, bu komandanı udmaq qəhrəmanlıq tələb etmir. Yəni rəqib zəif idi. Millimizdən daha parlaq, daha yaxşı oyun gözləyirdim. Prosineçkinin məşqçilik bacarığı Norveçlə oyunda bilinəcək.

Mahir Rüstəmli, “Futbol+” qəzetinin baş redaktoru:

“Qələbə bütün hallarda gözəldir, özü də debüt oyununda qazanılıbsa. Məncə, Malta yığması elə də güclü komanda deyil. Yəni qələbəni həm Prosineçkinin, həm də rəqibin zəifliyinin ayağına yazmaq olar. Ümumiyyətlə, məşqçiyə bir oyuna görə qiymət verməyin əleyhinəyəm. Söhbət oyun keyfiyyətindən gedirsə, belə oyunla qrupdakı başqa rəqiblərlə mübarizədə nəyəsə ümid etməyə dəyməz.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm