• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aprelin 2-də “qızıl razborkası” aparılacaq

  • İdman
  • 31 Mart 2015 15:22
  • 407 Baxış
Aprelin 2-də “qızıl razborkası” aparılacaq

Azərbaycan Premyer Liqasında millinin oyununa görə verilmiş fasilə başa çatır. Aprelin 1-də 27-ci tura start veriləcək. Turun mərkəzi görüşünün - “Qarabağ” - “İnter” qaşılaşmasının bir gün sonraya keçirilməsi gülüş gününə ciddi oyun saxlamadı.

Publika.az 27-ci turun afişasını təqdim edir.

AZAL-ın itiriləsi nəyi qalıb ki?

Təəssüfləndirici də olsa, həqiqətdir. Azərbaycan Premyer Liqasında bir gündə keçiriləcək 3 qarşılaşmadan heç biri prinsipial əhəmiyyət daşımır. Yenə də az-çox Zaqataladakı oyunu qabartmaq olar. “Simurq” 4-cü pillə uğrunda mübarizə apardığından AZAL-la oyun müəyyən mənada maraq kəsb edir. Elə “Təyyarəçilər”in də avrokuboklara vəsiqə verən pilləni tutmaq üçün nəzəri şansları var. Məhz bu qarşılaşmada AZAL-ın nəzəri şanslarının real şansa çevrilib-çevrilməyəcəyi bəlli olacaq. Zaqatala klubu hazırda 4-cü pillədə qərarlaşmış “Qəbələ”dən 2 xal geri qalsa da, bir oyun az keçirib. Ona görə də əyalət təmsilçisinə bu oyunda qələbə hava-su kimi lazımdır. Ancaq onu da nəzərə alaq ki, “Simurq” son vaxtlar öz meydanında o qədər də yaxşı təsir bağışlamır. “Təyyarəçilər”in isə itiriləsi heç nəyi yoxdur. Qalibiyyət avrokuboklara vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün şans verəcəksə, məğlubiyyət “Təyyarə”nin anqara göndərilməsinin vacibliyini önə çıxaracaq - təmir üçün.

AZAL 9 oyundur “Simurq”a qalib gələ bilmir. Zaqatalada baş tutan son 3 qarşılaşmada qonaqlar qol da vura bilməyib.

Simurq – AZAL: 24 oyun, 6 qələbə, 10 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 25:28.

“Xəzər Lənkəran”ın məğlub olmağa haqqı yoxdur

“Fırtınalar meydanı”nda keçiriləcək oyunu isə yalnız “nüfuz döyüşü” adlandırmaq olar. “Xəzər Lənkəran” - “Sumqayıt” qarşılaşmasının turnir cədvəli baxımından heç bir əhəmiyyəti yoxdur. Bu komandaların çempionatdakı hədəfi turnir cədvəlində yalnız və yalnız bir-birini geridə qoymaqdan ibarətdir. Vəssalam. Amma bütün hallarda “Xəzər Lənkəran”ın bu mübarizədə məğlub olmağa haqqı yoxdur. Komandanın heç bir hədəfi olmasa da, futbolçular aldıqları məvacibə, onlara yaradılan şəraitə və ən əsası “Ağ-yaşıllar”ı dəstəkləyən azarkeşlərə hörmət əlaməti olaraq, qalib gəlməyə borcludular. AFFA-nın baş katibi Elxan Məmmədov “Sumqayıt”ın imkanlarını nə qədər şişirtməyə çalışsa da, bu komandanın gücü autsayder statusundan qurtulmağa yetmir. Cənublu futbolçular oyuna başdansovdu yanaşmasalar, “Sumqayıt”ı “Fırtınalar meydanı”nda baş katibin motivasiyası da xilas edə bilməz.

Əvvəlki 12 oyunun yarısında “Xəzər Lənkəran” qələbə qazanıb. Son 3 qarşılaşmada “Sumqayıt” meydanı qolsuz tərk etməyib. Son 4 görüşdən 3-də qonaq olan tərəf qalib gəlib.

Xəzər Lənkəran – Sumqayıt: 12 oyun, 6 qələbə, 4 heç-heçə, 2 məğlubiyyət, top fərqi – 20:12.

“Neftçi” üçün bundan yaxşı motivasiya?

Gülüş günündə daha bir əhəmiyyətsiz qarşılaşma “Neftçi” ilə “Bakı” arasında baş tutacaq. Son vaxtlar kəskin tənqid olunan “Ağ-qaralar” “Bakı”ya da qalib gələ bilməyib, kimə qalib gələcək ki... Əslində “Neftçi”nin yerli futbolçularında təpər olsa, çempionatın qalan oyunlarında ikiqat əzmlə çıxış etməlidilər. AFFA-nın baş katibi Elxan Məmmədovun, lap elə Robert Prosineçkinin acığına. Malta ilə oyuna “Ağ-qaralar”ın bir futbolçusu da dəvət almamışdı. Özünü sübut etmək üçün bundan yaxşı motivasiya? “Neftçi”nin yerliləri “Bakı” ilə oyunda zəif təsir bağışlasalar, Elxan Məmmədovu qınamaq arsızlıq sayılacaq. “Bakı”nın futbolçuları yəqin ki, böyük səbirsizliklə mövsümün sonunu gözləyirlər. Gözləyirlər ki, bu “cəhənnəm yuvası”ndan baş götürüb qaçsınlar. Belə əhvalda olan futbolçular çətin ki, “Neftçi”yə müqavimət göstərə bilsin. “Bakı”da özünü göstərmək istəyən bircə nəfər var. O da baş məşqçi İbrahim Uzuncadır. Onun da meydanda baş verənlərə təsir etmək imkanı yoxdur.

Son 3 paytaxt derbisində “Neftçi” qalib gəlib. “Bakı” səfərdə keçirdiyi son 3 görüşdə xal qazana bilməyib. Eyni rəqib üzərində qələbə sayında (28) rekorda malik “Neftçi” 1 qol vursa, eyni komandayla görüşlərdə vurulan top sayında da rekordu təkrarlayacaq. Söhbət bu rekorddan - “Neftçi”nin “Turan”a 69 qol vurmasından gedir.

Neftçi – Bakı: 48 oyun, 28 qələbə, 9 heç-heçə, 11 məğlubiyyət, top fərqi – 68:41.

Gürcü özünün qorxaq fəlsəfəsinə “xəyanət” edəcək?

Turun mərkəzi qarşılaşması isə aprelin 2-də keçiriləcək. Əslində “Qarabağ” - “İnter” oyununu turun yox, çempionatın mərkəzi qarşılaşması adlandırmaq olar. Məhz bu oyunda “qızıl söhbəti”nə son qoyula bilər. Təbii ki, “Qarabağ” qalib gəlsə. Hər iki komanda bu qarşılaşmaya eyni şərtlər altında çıxacaq. Həm “Qarabağ”ın, həm də “İnter”in bir neçə futbolçusu milli komandaların düşərgəsindən qayıdıb. Oyunun bir gün təxirə salınması Qurbanovu da, Tsxadadzeni də sevindirməlidir. Futbolçuların bərpa olunması üçün bir gün artıq vaxt qazanmağın nəyi pisdir ki? Bu qarşılaşmada qələbə “Qarabağ”dan çox “İnter”ə lazımdır. Məhz bu amili nəzərə alsaq, “İnter”in hücumameylli futbol sərgiləyəcəyini güman etmək olar. Amma bizim gümanlarımızla Tsxadadzenin düşüncəsi təzad təşkil edə bilər. Gürcü özünün qorxaq fəlsəfəsinə çətin ki, “xəyanət” etsin. Belə olacağı təqdirdə, Qurban Qurbanov niyə risk etsin ki? Onda baxımsız futbol izləyəcəyik? Bunun günahkarı isə Qurbanov yox, Tsxadadze olacaq.

Sonuncu dəfə 5 il əvvəl “Qarabağ”a qalib gələn “İnter” 17 oyundur rəqibini məğlub edə bilmir. Komandalar arasında son iki oyunda isə qapılara qol vurulmayıb. “Qarabağ” qalib gəlsə, “İnter”ə hamıdan çox məğlubiyyət (19) yaşadan “Neftçi”nin rekordunu təkrarlayacaq.

Qarabağ – İnter: 41 oyun, 18 qələbə, 14 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 46:26.

Natiq

Azərbaycan Premyer Liqası, 27-ci tur

1 aprel

15:00 Simurq – AZAL

Zaqatala şəhər stadionu

17:00 Xəzər Lənkəran – Sumqayıt

“Xəzər Lənkəran” mərkəzi stadionu

17:00 Neftçi – Bakı

“Bakcell Arena”

2 aprel

18:00 Qarabağ – İnter

“Bakcell Arena”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR