Rusiyadakı səfirimizin müavini: “Ermənilərdən üzr istəməmişəm” – TƏKZİB
Bizi izləyin

İdman

Rusiyadakı səfirimizin müavini: “Ermənilərdən üzr istəməmişəm” – TƏKZİB

Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda 3-cü yeri tutan idmançımız Bəxtiyar Abbasovun Ermənistan himni çalınan zaman nümayişkəranə şəkildə oturması və himni ayaqüstə dinləməməsi mənfur düşmənlərimizin içini yandırıb. İki gündü vəziyyətdən yararlanmaq üçün müxtəlif iyrənc üsullara əl atan ermənilər indi də Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanovun məlum məsələyə görə üzrxahlıq etməsiylə bağlı xəbər yayıb.

Q.Osmanov sosial şəbəkə vasitəsiylə belə xəbərlərə birdəfəlik son qoymaq üçün fikirlərini paylaşıb. Publika.az həmin şərhi olduğu kimi diqqətinizə çatdırırıq.

Son zamanlar Azərbaycan KİV-də sambo güləşi üzrə idmançımız Bəxtiyar Abbasovun erməni himninə göstərdiyi münasibət geniş müzakirə olunur.

Sözü gedən tədbirdə digər yüksək qonaqlar, o cümlədən Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə rəyasət heyətində əyləşmişdim. Digər çəki kateqoriyaları üzrə yarışlarda birinci yer tutan idmançının təmsil etdiyi dövlətin himni səsləndirildiyi zaman rəyasət heyətində əyləşən qonaqlar və bütün digər iştirakçılar ayağa qalxırdı. Təbii, bizim idmançımızın məğlubiyyəti məni məyus etdi. Hətta yanımda əyləşən keçmiş samboçu, tanınmış siyasi-ictimai xadim Aslanbek Aslaxanov Bəxtiyar Abbasovun layiqli döyüşçü olduğunu vurğulayaraq, təəssüfünü bildirdi. Nəticədə bizim idmançımız 3-cü yer, erməni idmançı isə 1-ci yeri tutdu. İdmançılar mükafatlandırılmaq üçün meydana dəvət olunarkən mən rəyasət heyətini tərk etdim.

Tədbirdən sonra ziyafətdə, bir çox nüfuzlu qonaqlar mənə yaxınlaşıb Bəxtiyar Abbasovun erməni himni səslənən zaman oturduğunu danışdılar və mənim oranı tərk etməyimi gedib Bəxtiyara məsləhət verməyim kimi qiymətləndirdilər. Cavab olaraq onlara söylədim ki, idmançını görmədim və mənim oranı tərk etməyim və onun hərəkəti aramızda razılaşdırılmamışdı. Həmçinin söylədim ki, "O ki qaldı Ermənistan dövlətinə, bu dövlət və onun rəhbərliyi Azərbaycan xalqına qarşı böyük cinayətlər törədib, təcavüzkar dövlət olaraq 20 faiz torpaqlarımızı işğal edib, 1 milyon qaçqınımız doğma yerlərindən didərgin düşüb, 100 il ərzində Qərbi Azərbaycandan doğma yurdlarından planlı şəkildə azərbaycanlılar qovulub və Azərbaycan torpaqları ərazisində Ermənistan dövləti yaradılıb". Həmçinin onlara Xocalı soyqırımını xatırlatdım. BMT-nin Təhlükəsizlik Şurasının hələ də 4 qətnaməsinin yerinə yetirilmədiyini, Rusiyanın erməni-azərbaycan münaqişəsinin həlli yolunda apardığı cəhdləri erməni tərəfinin puça çıxartdığını qarşı tərəfə söylədim. Sonda qeyd etdim ki, "himn hər bir ölkənin rəsmi simvoludur, Ermənistanın isə Azərbaycana qarşı təcavüzkar dövlət olmasını nəzərə alaraq, mən oranı tərk etdim". O ki qaldı üzr istəmək məsələsinə, bu, erməni KİV-nin növbəti uydurmasıdır.

Yeri gəlmişkən, bu gün xalqımız bütün dünyada, o cümlədən biz də səfirliyimizdə, 31 mart ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım gününü geniş şəkildə qeyd edirik.

Xatırladaq ki, yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub. 3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər. Qaliblərin mükafatlandırılması zamanı samboçumuz Bəxtiyar Abbasov qalib gəlmiş erməni idmançının şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə oturub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm