Vitse-prezidentin fikirləri təhrif olunub – “Biz dostuq”
Bizi izləyin

İdman

Vitse-prezidentin fikirləri təhrif olunub – “Biz dostuq”

Yerli mətbuatda kikboksinq üzrə 21 qat dünya çempionu Eduard Məmmədovun titullarının saxta olması, qeyri rəsmi turnirlərdə qazandığı “titullar” olması barədə məlumat yayılıb. Bu barədə Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Güloğlan Cabbarovun açıqlama verdiyi iddia edilib.

Biz də xəbərə aydınlıq gətirmək, Güloğlan Cabbarovun niyə belə açıqlama verdiyini öyrənmək üçün “Ağ canavar” ləqəbli idmançı Eduard Məmmədovla əlaqə saxladıq.

Publika.az-a danışan idmançı G.Cabbarovun açıqlamasının təhrif olunduğunu dedi:

“Güloğlan Cabbarov vitse-prezidentimiz olması ilə yanaşı, mənimlə çox yaxın dostdur. Hətta o, “Facebook” səhifəsində o cür açıqlama vermədiyini, dediklərində dəyişiklik edildiyini bildirib. Bilirdim ki, Güloğlan müəllim o sözləri deməz. G.Cabbarovdan bu barədə münasibət öyrənilib. Amma olduğu kimi çatdırmayıblar, xeyli dəyişiklik edilib. Güloğlan müəllim qeyd edib ki, Eduard WAKO üzrə 3 qat dünya çempionudur. Amma deməyib ki, bu yarışlar saxtadır və ya qəbul edilmir. Sadəcə olaraq deyib ki, WAKO daha güclü yarışdır. O bildirib ki, “Eduardın döyüşdüyü yarışlarda mən də vuruşmuşam. Onunla çiyin-çiyinə vuruşub, bayrağımızı qaldırmışam”.

Bildirim ki, WAKO-ya hər ölkənin ən peşəkar idmançıları qatılır. Amma digərləri heç də zəif yarışlar deyil. Bu yarışa da ölkənin seçilmiş güclü idmançıları gedir.

Mən idmanın fanatıyam. Bu yarışlarda iştirak etməkdə məqsədim bayrağımızı qaldırıb, idmanımızı bütün ölkəyə tanıtmaqdır. Başqa bir məqsəd güdmürəm.

Mənim az yaşım yoxdur, 37 yaşım var. İndi veteranlar arasında da vuruşa bilərəm, mənim üçün çox asan olar veteranlar arasında qələbə qazanmaq. Amma mən çətin yolla əldə edilən qələbəni seçirəm. Bundan sonra da ölkəm üçün vuruşmağa davam edəcəm.

Qeyri-rəsmi yarış necə ola bilər axı? O yarışa qatıla bilmək üçün Gənclər və İdman Nazirliyinin, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyevin xüsusi icazəsini alıram.

Heç mənə yaraşmaz axı qeyri-rəsmi yarışlara qatılım. WAKO üzrə 3 qat dünya çempionuyam, bu böyük uğurdur. Amma niyə 3 qat dünya çempionuyam deməliyəm, sonuncu qələbəmlə də 21 qat dünya çempionuyam”.

Güloğlan Cabbarov isə məsələ ilə bağlı “facebook”da belə açıqlama verib:

“Bu gün məndən müsahibə aldılar və Eduard Məmmədovun necə 21 qat dünya çempionu olmasını soruşdular. Mən də bizim WAKO Federasiyası ilə əməkdaşlıq etdiyimizi, başqa yarışların – VPKA,VKA federasiyalarının isə II dərəcəli olduğunu bildirdim.

Eduard Məmmədovun WAKO-da 3 qat dünya, 3 qat Avropa çempionu olduğunu dedim. Məqsədim bununla nə federasiyamızın ən titullu idmançısını gözdən salmaq, nə də qazanılan medallarına kölgə salmaqdı. Hər bir uğurda alın təri var. WAKO-dan zəif yarış olsa da, VPKA və VKA-da qaldırılan bayrağımız var. Bu yarışlarda mən də medallar qazanmışam, bayrağımızı qaldırmışam. Bunun yanlış başa düşülməsini istəmirəm. Eduardla həm bir yerdə yığma komandada məşq etmişəm, həm də uzun illərdir rəhbərlikdə bir yerdə dəfələrlə yarışlara qatılmışıq. Yenə deyirəm, bizim üçün dəyərli və əvəzi biçilməz idmançıdır. Kiçik anlaşılmazlıqların da bəzi insanların əllərində alət olmasını istəmirəm”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm