Nə imici varsa, bu postda itirə bilər - Mətbuat Abdullayevi çək-çevir etdi
Bizi izləyin

İdman

Nə imici varsa, bu postda itirə bilər - Mətbuat Abdullayevi çək-çevir etdi

"Neftçi" yenə gündəmdədir. Bu dəfə hansısa intriqa, hansısa etirazla yox. Bu dəfə gündəmdə olan lap "baş hissə"dir. Sadıq Sadıqovun "Ağ-qaralar"ın prezidenti postundan istefa verəcəyi, onu məşhur yazıçı Çingiz Abdullayevin əvəzləyəcəyi haqda artıq məlumatlısız.

Biz isə "Neftçi"də gözlənilən bu dəyişikliyə həmkarlarımızın münasibətini öyrənmək istədik.

Mahir Rüstəmli, "Futbol+" qəzetinin baş redaktoru:

"İmkan verin gəlsin də (gülür). Bildiyim qədər, orda struktur dəyişikliyi olacaq, klub prezidenti postu ləğv edilir, Müşahidə Şurası yaranır və Çingiz müəllim də bu qurumun sədri olacaq. Bu da yeni idarəçilik formasıdır. Peşəkar yazıçımızın "Neftçi" kimi köklü bir klubda rəhbər olma iddiasında olması isə çox qəribə görünür. Çünki onun belə bir həvəsə düşəcəyinə inanmırdım. Çingiz müəllim idarəetmədə nə isə dəyişə bilər. Amma futbolun inkişafı baxımından nikbin sonluğa inanmıram".

İxtiyar Əsgərov, "Apasport.az" saytının baş redaktoru:

"Açığı, Çingiz Abdullayevin "Neftçi"yə prezident gələcəyi xəbərini ictimaiyyətin bu qədər şok hadisə kimi qarşılamasını başa düşə bilmirəm. İndi deyirlər ki, yazıçının futbolda nə işi var? Guya "Neftçi"nin bundan əvvəlki prezidentlərinin hamısı futbol adamları idi? Bəlkə digər klublardakı rəhbərlərin hamısı futbolun içindən çıxmış insanlardır? Avropada da vəziyyət bundan çox fərqli deyil. Amma bizdən fərqli olaraq, onlarda qurulmuş bir sistem var. Orda prezident kim olursa-olsun, işlər öz axarı ilə gedir. Çünki infrastruktur var, hər klubun özünün İdarə Heyəti, büdcəsi və s. var. Bir sözlə, peşəkardırlar. Biz də ilk növbədə peşəkarlaşmalıyıq. Klub prezidenti futbolu bilən insanlarla çalışmalıdır. O ki qaldı Çingiz Abdullayevə, klub yayda gəncləşdirmə siyasətini seçməsə, ən azı hazırki heyətini qorusa, hesab edirəm ki, "Neftçi" yenə həmin komanda olacaq, eyni iddiasını davam etdirəcək. Bu dəyişikliklə "Neftçi" nə Avropada tüğyan edəcək dərəcədə güclənəcək, nə də birinci diviziona düşəcək qədər zəifləyəcək. Bir sözlə, mən bu təyinatla ciddi bir dəyişikliyin olacağını düşünmürəm".

Elşən Məmmədov, "Sportnet.az" saytının baş redaktoru:

"İndidən Çingiz Abdullayevin klub prezidenti təyin olunacağını demək tez olardı. Mənə elə gəlir ki, o, Müşahidə Şurasının sədri təyin olunacaq. Məqsəd isə kluba və ümumilikdə futbolumuza yeni ab-hava gətirmək, azarkeşlik mədəniyyətini zənginləşdirməkdən ibarətdir. "Neftçi"nin 1960-1980-ci illərdəki ev oyunları zamanı stadionlara gələnlər arasında yetərincə ziyalıya, görkəmli mədəniyyət işçisinə rast gəlmək olardı. İndi isə futbolu izləməyə gələnlərin tərkibi xeyli fərqlidir. Bu mənada, Çingiz Abdullayev "Neftçi"nin oyunlarını stadiondan izləməklə, tribunalara özünəməxsus yenilik gətirəcək, həm də onun sayəsində futbolumuza olan maraq artacaq, azarkeş sayı çoxalacaq. Ən azı bu məqsədin güdüldüyünü düşünürəm".

İbrahim Cəfərov, "Futbolxeber.az" saytının baş redaktoru:

"İndidən konkret nələrin dəyişəcəyini demək çətindir. Bu təyinatı faciəyə çevirməyi də, indidən "hər şey əla olacaq" deməyin də əleyhinəyəm. Zaman hər şeyi göstərəcək. Amma hesab edirəm ki, Çingiz Abdullayev ağıllı adamdır. Ağıllı adamlarsa heç vaxt hansısa işə düşünmədən girişmirlər. Abdullayev də yəqin onu hansı çətinliklərin gözlədiyini bilir. Deməli, bu işə qol qoyursa, özünə güvənir".

Səxavət Qurbanov "İdmanxeber.com" saytının baş redaktoru:

"Özünü təsdiq edib-etməyəcəyini təbii ki, zaman göstərəcək. Ancaq şəxsən mənim fikrimcə, heç nə dəyişməyəcək. Yenə "yuxarılar"ın göstərişiylə idarə ediləcək bir komanda olacaq. Hər halda, "Neftçi"yə AFFA "damğa"sı dəyib. Ora kimin gəlməsindən asılı olmayaraq, ciddi dəyişiklik gözləməyə dəyməz. Ancaq Abdullayev vicdanlı biridir. Hər halda, təmiz işləməyə çalışacaq. Buna imkan verərlər, ya yox, bu başqa... Təkcə bir şeyə sevinirəm ki, Çingiz Abdullayev futbolu AFFA-da oturanlardan yaxşı bilir. Nisbətdə xeyiri dəyə bilər".

Elmar Rzayev, idman jurnalisti:

"Əsaslı olaraq nəyinsə dəyişəcəyinə inanmıram. Çingiz Abdullayevin bu posta təyinatında da faciəli bir şey olduğunu düşünmürəm. Çünki ən azı Misir Əbilov kimilər bu ölkədə klub prezidentidir. Eləcə də, AFFA-nın rəhbəri də "fair-play" və "play-off"un fərqini bilməyəcək qədər futboldan uzaq adamdır. Özünü təsdiqə gəlincə, məncə, Abdullayev buna səy göstərməyəcək. Onun bu posta təyinatını da bir növ "cəza" kimi qiymətləndirirəm".

Vüsal Mahmudov, "Futbolinfo.az" saytının baş redaktoru:

"Bu təyinat mənim üçün qara qutudur. Düzü, səbəbini və nəticəsini proqnozlaşdıra bilmirəm. Hər şey şərtlərdən və SOCAR-ın siyasətindən asılı olacaq. Ciddi dəyişiklik olmasa, Abdullayev illərlə qazandığı nüfuzu bir ilin içində xərcləyə bilər. Amma Çingiz bəy də ağıllı adamdır, inanmıram ki, kimlərəsə kölgədə gizlənib onun nüfuzundan yararlanmağa imkan versin. Amma dəqiq sözü yalnız yeni işlə bağlı ilkin addımlar atıldıqdan sonra bildirmək olar. Təkcə ona əminəm ki, hər yeni gələn əvvəlkindən azacıq da olsa, yaxşı olmağa çalışır".

Kənan Məstəliyev, "Rekord.az" saytının baş redaktoru:

"Məncə, Çingiz Abdullayevin təyinatı lazımsızdır. Ona bir yazıçı kimi hörmətimiz var. Ancaq klub prezidenti kimi uğur qazanacağına inamım azdır. Nə imici varsa, bu postda itirə bilər. Çünki indi mətbuatla daha sıx ünsiyyətdə olacaq, ilk mərhələdə yetərincə səhvlər edəcək, sonra isə bunun öhdəsindən gələ bilməyəcək. Futbol bir oyun olsa da, yetərincə ciddi sahədir. Üstəlik, Abdullayevin müstəqil olacağına da inanmıram. Mənə elə gəlir ki, ona yuxarıdan verilən tapşırıqları icra edəcəyindən, fiaskoya uğrama ehtimalı böyükdür. Çünki AFFA-nın, daha doğrusu, Elxan Məmmədovun müdaxiləsi ilə işləyən heç bir klub hələ xeyir tapmayıb. "Neftçi"ni də həmin aqibət gözləyə bilər. Ümid edirəm ki, Çingiz Abdullayev bu duruma düşməyəcək və lap səhvlər etsə belə, müstəqil addımlar atmağı bacaracaq".

İlqar Tağıyev, "Het-trik news" qəzetinin baş redaktoru:

"Fikir bildirməyə çətinlik çəkirəm. Çünki Çingiz müəllim futbol adamı deyil. Amma bu var ki, o, idarəetmədə yaxşı ola bilər və ortada Yazıçılar Birliyindəki işi var. Futbolun inkişafı baxımından nə töhfə verəcəyini demək çox çətindir. "Neftçi"də rəhbərliyin dəyişməsi isə vacib idi. Arzu edək ki, gələcəyi təqdirdə, Çingiz müəllim "Neftçi"dəki intriqanı və bu baxımdan bütün şeyləri dağıdıb yaxşı bir sistem ortaya qoysun və "Neftçi"nin uğurlarında pay sahibi olsun".

Pərviz Hikmət, "Publika.az" saytının idman redaktoru:

"Konkret Çingiz Abdullayevdən söhbət gedirsə, gözlənilməz və müəmmalı təyinat olacaq. Düzdür, onu nə vaxtsa stadionda görüblər, ola bilsin futbola marağı var. Amma sahə tam fərqlidir. Onun uğurlu olub-olmayacağı həm də klubdakı struktur dəyişikliyindən asılı olacaq. Dünya praktikasında hansısa yazıçının və ya şairin klub rəhbəri olduğunu xatırlamıram. Yəqin ilkləri xoşlayan "Neftçi" bu mənada da seçilmək niyyətindədir. Çingiz Abdullayevin fəaliyyətinə gəlincə, onun birbaşa daxili işlərə qarışacağını güman etmirəm. Deyildiyi kimi, İdarə Heyəti yaradılsa, o, sadəcə ümumi göstərişlər verəcək və nəticə tələb edəcək. Hər halda, bizi qarşıda maraqlı günlər gözləyir".

(Komanda.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm