• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

BAKI 2015-ə doğru: Nəzakət, düzgünlük, təmkin, sərbəst ruh tələb edən döyüş - FOTOLAR

  • İdman
  • 31 Mart 2015 18:40
  • 649 Baxış
BAKI 2015-ə doğru: Nəzakət, düzgünlük, təmkin, sərbəst ruh tələb edən döyüş - FOTOLAR

Taekvondo dəbdən düşməyən idman növlərindən biridir. Kökü Koreya ilə bağlı olan bu döyüşün prinsipləri sadədir - nəzakət, düzgünlük, təmkin, sərbəst ruh.

Koreya döyüş sənəti olan taekvondonun xarakterik xüsusiyyəti döyüşdə ayaqlardan və əllərdən fəal istifadə olunmasıdır. Bu idman növündə geyim 2 hissədən ibarətdir - dabok və kəmər. Dabok təmizlik rəmzidir. Dabok sözündəki "da" - həqiqi insanın həyat yolu, "bok" - paltar deməkdir. Koreyalılar ağ rəngi çox xoşladıqlarından, həm də Koreyada ipəkdən geniş istifadə olunduğundan dabok ağ rəngdədir. Taekvondo olimpiya idman növüdür.

Publika.az “Bakı 2015-ə doğru” rubrikasında bu dəfə taekvondo idman növündən danışacaq.

Silahsız özünümüdafiə

Yaponiya və Çin kimi, Koreya da öz kəşf etdiyi idmanı ilə dünyaya səs salıb. Qədim zamanlarda taekvondonun əsas işi at belindəki insanı yerə salmaqdan ibarət idi.

“Taekvondo” termini üç söz birləşməsindən - “Taek”-ayaq, “kvon”-yumruq, “do”-sənət - əmələ gəlib, ayaqla əl zərbələrini məqsəd üçün yönləndirmə deməkdir. 1955-ci il aprelin 11-də Çve Hon Hinin rəhbərliyi ilə ən böyük doqquz məktəb birləşərək "taekvondo" adı altında fəaliyyət göstərməyə başlamışlar. Çve Hon Hiyə görə taekvondo silahsız özünümüdafiə texnikası ilə təlqinedici məşqləri birləşdirən, həmçinin sağlamlıqla yanaşı, yalın əl və ayaqların köməyilə bir və bir neçə rəqibə təkmilləşdirilmiş zərbələr, bloklar və tullanmalar tətbiq edən bir sistemdir.

Dünya Taekvondo Federasiyası (DTF) 1970-ci illərdə təsis edilib və 1-ci DTF Dünya Taekvondo Çempionatı Koreyanın Seul şəhərində keçirilib. Taekvondo növbəti illərdə sürətlə inkişaf edib və bir idman növü kimi məşhurlaşması üçün 1988-ci ildə Seulda və 1992-ci ildə Barselonada keçirilmiş Olimpiya Oyunlarına daxil edilmişdi. İlk dəfə olaraq rəsmi Olimpiya yarışı kimi 2000-ci ildə Sidneydə keçirilmiş Olimpiya Oyunlarında yer alıb. Son illərdə taekvondo daha da məşhurlaşıb. Hazırda dünyada 100 milyondan çox insan taekvondo ilə məşğul olur.

Ölkəmizdə diqqət çəkən uğurlar

Getdikcə məşhurlaşan bu idman növü Azərbaycana 90-cı illərdə ayaq basıb. Azərbaycan Taekvondo Federasiyası (ATF) 1992-ci ildə yaradılıb. Yarandığı dövrdən taekvondoçularımız bir çox yarışlarda iştirak edib. Federasiyada rəhbər dəyişikliyi 1999-cu ildə baş tutub. Həmin ildən Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov seçilib. O andan etibarən taekvando daha da inkişafı etməyə və medalların sayı artmağa başladı.

Azərbaycan Taekvondo Federasiyası özünün yüksək təşkilatçılıq qabiliyyəti ilə də seçilib, bir çox mötəbər turnirlərə ev sahibliyi edib. 2004-cü il fevralın 21-22-də Afina Olimpiya Oyunlarına Avropa lisenziya turnirinin Azərbaycanda keçirilməsini nümunə göstərmək olar. Bundan başqa, 2003-cü ildə MDB ölkələrinin I Açıq Çempionatı və 2005-ci ildə Gənclər arasında Avropa Çempionatını da vurğulaya bilərik.

Analoqu olmayan bina

Öz maddi və texniki bazasına görə dünyada analoqu olmayan federasiya üçün tikilən yeni bina idmançılara yaradılan şəraitin əsas nümunəsidir. 2003-cü il oktyabrın 10-da binanın rəsmi açılış mərasimi olub. Burada idmançılar üçün mükəmməl şərait yaradılıb. Taekvondoçularımızın uğuru da elə onlara göstərilən diqqət və qayğının, yaradılan şəraitin bəhrəsidir. Diqqətinizə çatdıraq ki, bu idman növü tək Bakıda yox, bir çox bölgələrdə də inkişaf etdirilir.

Bu sahədə Azərbaycanın bütün bölgələrindən yüksək ixtisaslı məşqçi - müəllimlər fəaliyyət göstərir. Taekvondo Azərbaycanın bütün zonalarında inkişaf edir və hal-hazırda 2000 nəfərdən artıq adam bu döyüş-idman növü ilə məşğul olur ki, onların da 700 nəfərdən çoxu qara kəmər sahibidir.

Rəhbərlik və məşqçi heyəti

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovdur. K.Heydərov həm də Dünya Taekvondo Federasiyasının vitse-prezidentidir.

Qurumun I vitse-prezidenti vəzifəsini Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayev icra edir. Aydın Əliyev və Səməd Heydərov vitse-prezident, Nağı Səfərov icraçı vitse-prezident, Niyaməddin Paşayev isə milli komandalara nəzarət üzrə vitse-prezident kimi fəaliyyət göstərir. Taekvondo üzrə milli komandanın baş məşqçisi Ələkbər İmaməliyev, böyük məşqçi isə Gündüz Abdullayevdir.

8 dəst medal sahibini gözləyir

Hər kəsin səbirsizliklə gözlədiyi I Avropa Oyunlarına 73 gün qalıb. Bütün idmansevərlərin gün saydığı yarışa Taekvondo idmanı da daxildir. Elə Azərbaycanı medalla təmin ediləcəyi gözlənilən idman növlərindən biri də taekvandodur. Taekvondoçulara da ümid böyükdür.

Birinci Avropa Oyunları müddətində taekvondo yarışları Bakı Kristal Zalında keçiriləcək. Taekvondo idmanı dörd çəki kateqoriyasından ibarətdir. Dörd yarış günü (iyunun 16-20) ərzində ümumilikdə 128 kişi və qadın idmançı mübarizə aparacaq. Ev sahibliyi edən ölkəyə yarışda iştirak üçün bir yer verilir. Bundan başqa, təsnifat yarışlarında uğur qazana bilməyən ölkələrdən birinə də universallıq prinsiplərinə əsasən Oyunlarda iştirak etmək üçün bir yer ayrılır. İlk Avropa Oyunlarında taekvondoçular 8 dəst medal üçün mübarizə aparacaq.

Aygün İlqarqızı

Əvvəlki yazıların linkləri: Gimnastika, Stolüstü tennis, Triatlon, Atıcılıq, Badminton, Avarçəkmə, Velosiped idmanı, Basketbol, Çimərlik futbolu, Karate.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR