Bəhram Bağırzadə işə çoxdan başlayıbmış - “Qurban Qurbanova dedim ki...”
Bizi izləyin

İdman

Bəhram Bağırzadə işə çoxdan başlayıbmış - “Qurban Qurbanova dedim ki...”

Xəbər verdiyimiz kimi, dünən “Neftçi” klubunun rəhbərliyində köklü dəyişikliklər oldu, yeni post - Müşahidə Şurası yaradıldı. Məşhur yazıçı Çingiz Abdullayev şuraya sədr təyin edildi. Bu xəbər çoxlarını təəccübləndirdi. Müşahidə Şurasında yer alan daha bir nəfərin təyinatı maraqla qarşılandı.

Klubun yeni Müşahidə Şurasının üzvü Bəhram Bağırzadəylə əlaqə saxlamaq qərarına gəldik. Publika.az-a danışan keçmiş “KVN”-çi təklifin necə gəlməsindən və Qurban Qurbanovun zəngindən danışdı.

- Necə oldu ki, “Neftçi”dən təklif aldız?

- “KVN”-dən (Şən və Hazırcavablar Klubu) 25 il öncə təklif almışdım, dəvəti qəbul etdim, əsrin çempionu oldum. “Neftçi”dən də dedilər ki, Müşahidə Şurasının üzvü olum. Mən də razılıq bildirdim. Çünki “Neftçi” uşaqlıqdan azarkeşi olduğum bir komandadır. Az deyil, düz 35 ildir ki, bu komandanın azarkeşiyəm. Ən azından bilirəm ki, orada ürəyimi qoyacam, bildiklərimi əsirgəməyəcəm ki, mənə aid olan vəzifənin öhdəsindən gəlim. Azarkeşlərlə bağlı çalışacam. Çalışacam ki, klubun tərəfdarları bütün oyunlara gəlsinlər, azarkeşlərin sayı çoxalsın. Mən sadəcə ictimai işlərlə məşğul olacam ki, azarkeşlər stadiona toplaşsın.

- Təklif gələn kimi qəbul etdiz, ya “mənə düşünməyə vaxt verin” dediz?

- Bu elə bir təklifdir ki, mən onu qəbul etməyə bilməzdim. 10-15 ildir ki, bu arzu ilə yaşayırdım. Düşünürdüm ki, belə bir qurum olsun, mən də öz töhfəmi verim. Bu, vəzifə deyil, sadəcə ictimai işdir. Öz fikirlərimi deyəcəm, səlahiyyətimdə olan işləri görəcəm.

- Bu günə qədər “Neftçi”dən kiminlə əlaqəniz, dostluğunuz olub?

- Nəinki “Neftçi”, mən ümumiyyətlə, futbolla nəfəs alıram. “Qarabağ”la da çox yaxın idim, “İnter”lə də, “Bakı” ilə də... Demək olar ki, bütün klublarla əlaqəm var. Mən futbolun azarkeşiyəm. Son 15 ildə də demək olar ki, futbol oyunlarını buraxmıram. Bakıda olan bütün beynəlxalq oyunlarda olmuşam. Futbolu içindən bilən biriyəm.

- “KVN”-çinin bu posta gətirilməsi necə qarşılandı? Hamı sizi şən və hazırcavablar klubunun üzvü kimi sevib...

- Çox gözəl. İlk olaraq “KVN”-çilər zəng etdilər. Sonra keçmiş “Neftçi” üzvləri, veteranlar zəng vurdu, təbrik etdilər. Həmçinin sevindirici hal oldu ki, veteran oyunçu, dostum-qardaşım, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da zəng edib təbrik etdi. Onun özünə çox böyük hörmətim var. Hətta Qurbana zarafatla dedim ki, “Çalışacam yaxşı işləyim, daha güclü rəqabət yaradım ki, bütün komandalar yaxşı oynasınlar”.

- İşə başlamısız?

- İşə çoxdan başlamışam. Sadəcə Allahın köməyi ilə onları həyata keçirmək qalıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm