Böyük turnirlərə uzaqdan baxmaqdan bezənlər - Artıq debüt vaxtıdır
Bizi izləyin

İdman

Böyük turnirlərə uzaqdan baxmaqdan bezənlər - Artıq debüt vaxtıdır

2016-cı ildə Fransada təşkil olunacaq Avropa çempionatının maraqlı keçəcəyi və daha çox tamaşaçı auditoriyası toplayacağı güman edilir. Səbəb iştirakçı komandaların sayının 16-dan 24-ə qədər artırılmasıdır. Yeni reqlament sayəsində uzun illər böyük turnirlərdən kənar qalan millilər də Fransaya yollanmaq şansı əldə edib. Hətta bir ayağı qitə çempionatının final mərhələsində olanlar da var.

Publika.az AÇ-2016-nın seçmə mərhələsində işləri yaxşı gedən Avropanın ortabab milli komandalarının vəziyyətini araşdırıb. İndidən deyək ki, təxminən bir ildən sonra Fransada Albaniya, Şimali İrlandiya və ya Uels kimi “həvəskarlar”ı görsəz təəccüblənməyin.

İslandiya

Adalılar indiyədək heç vaxt dünya və Avropa çempionatlarının final mərhələlərində oynamayıblar. Artıq vaxtdır. İslandiyalılar DÇ-2014-də iştirak etməyə yaxın oldu. Son anda pley-offda Xorvatiya səddini keçə bilmədi. AÇ-2016-nın seçmə mərhələsində isə 5 oyundan dördündə qələbə qazanıblar. Bunların arasında Hollandiya üzərində qələbə də var. A qrupunda 2-ci pillədə möhkəmlənən İslandiya millisi lider Çexiyadan yalnız 1 xal geri qalır.

Uels

Dünyanın ən bahalı oyunçularından biri sayılan Qaret Beylin liderlik etdiyi Uels millisi əfsanəvi Rayan Giqqzin dövründəki komandanın bacarmadığı nailiyyəti əldə edə bilər. Qitə çempionatlarına yolu düşməyən britaniyalılar yalnız bir dəfə - 1958-ci ildə mundial həyəcanı yaşayıb. Hazırda Kris Koulmenin komandası AÇ-2016-nın seçmə mərhələsində 5 oyundan sonra məğlubiyyətsiz irəliləyir. 11 xal toplayan Uels millisi B qrupunda Belçikayla 1-2-ci yerləri bölüşür.

İsrail

B qrupunda İsrailin də ən azı pley-offa vəsiqə verən 3-cü pilləni tutmaq şansı yüksəkdir. Yəhudilər yalnız bir dəfə DÇ-1970-də böyük turnir həyəcanı yaşayıb.

Şotlandiya

D qrupunda mübarizə aparan Şotlandiya millisi 5 turdan sonra 10 xal toplayan dünya çempionu Almaniya ilə 2-3-cü yerləri bölüşdürür. Ən gərgin qruplardan biridir. Təsəvvür edin, Polşa irəlidə, İrlandiya geridə... Onlardan fərqli olaraq, şotlandlar 1998-ci ildən bəri böyük turnirlərdə olmayıb.

Rumıniya

1990-cı illərdə dünya və Avropa çempionatlarının final mərhələlərini Rumıniyasız təsəvvür etmək çətin idi. Amma zaman gözləmir. 21-ci əsrdə rumınlar yalnız bir dəfə böyük futbol səhnəsində gürünüb. AÇ-2008-də iştirak etsə də, qrupdan çıxa bilməyib. UEFA-nın yeni reqlamenti həm də ənənələrin bərpasına şərait yaradacaq. Hələ ki, F qrupuna liderlik edən George Hacinin həmyerliləri ilk üç yerdən aşağı düşməməyə çalışmalıdır.

Şimali İrlandiya

Son turda Finlandiyanı məğlub edən (2:1) Şimali İrlandiya da rumınlardan geri qalmır. “Ağ-yaşıl ordu” üç dəfə dünya çempionatlarında (sonuncu dəfə 1986-cı ildə) iştirak edib. Amma AÇ-yə düşə bilməyib.

Macarıstan

F qrupunda Rumıniya və Şimali İrlandiyadan başqa Macarıstan da Fransada olmağa can atır. Vaxtilə dünyanın ən güclü millilərindən olan “Sehrbazlar” 1986-cı ildən sonra sanki sehrini itirib.

Avstriya

G qrupuna başçılıq edən Avstriya millisi 5 oyuna 13 xal toplayıb və tarixində ikinci dəfə qitə çempionatının final mərhələsində iştirak etmək niyyətindədir. Birinci 2008-ci ildə olub. Onda da Avstriya turnirə ev sahibi kimi qatılmışdı.

Norveç

Yadınızdadırsa, Ture-Andre Flu, Ole-Qunnar Sulşer kimi futbolçular vardı. Bax, bu futbolçular karyerasını bitirəndən sonra Norveçi böyük yarışlarda görən olmayıb. Millimizlə eyni qrupda yer alan “Vikinqlər” İtaliya və Xorvatiyayla rəqabətdə çətin ki, qalib gəlsin. Amma 3-cü yeri tutmaq real görünür.

Albaniya

Ötən ilin payızında Serbiya millisiylə qalmaqallı oyuna görə texniki məğlubiyyətə baxmayaraq, Albaniya İ qrupunda 2-3-cü yerlərdən birini tutmağa iddialıdır. “Dağ qartallar”ı böyük turnirlərə uzaqdan baxmaqdan bezib. Artıq debüt vaxtıdır.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm