• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Azərbaycanlı məşqçi Türkiyə kanalına müsahibə verdi

  • İdman
  • 3 Aprel 2015 16:41
  • 369 Baxış
Azərbaycanlı məşqçi Türkiyə kanalına müsahibə verdi

Türkiyənin TRT Avaz kanalı da Bakıda keçiriləcək Avropa Oyunlarına biganə qalmayıb. Kanal Avropa oyunlarına hazırlıq, idmançıların durumu ilə bağlı reportaj hazırlayıb.

Publika.az xəbər verir ki, reportaja mötəbər turnirdə medal gətirəcəyinə ən çox inanılan güləş milli komandası ilə başlayıblar. Elə kanaldan da bu cür şərh gəlib:

“Azərbaycanın ən iddialı olduğu idman növlərindən biridir. Bir ay öncə də Tehranda dünya kubokunda yunan-Roma güləşçiləri komanda şəklində çempion oldular. Bundan öncə də Azərbaycan güləş yığmaları bir çox çempionluqlar yaşayıblar. Bu da təbii ki, gözləniləni artırır”.

Daha sonra kanal sərbəst güləş üzrə milli komandanın böyük məşqçisi Firdovsi Umudovdan müsahibə götürüb. Müxbir F.Umudovu tanıdarkən 2012-ci ildə “dünyanın ən yaxşı məşqçisi” seçilməsinə də toxunub.

Böyük məşqçi güləşçilərin baş tutan təlim-məşq prosesindən də danışıb:

“İlin əvvəlində Kislovodsk şəhərinin Olimpiya idman bazasında təlim-məşq toplanışına başladıq. Bir çox beynəlxalq turnirlərdə iştirak etdik. Bir neçə gündən sonra ABŞ-dakı Dünya kuboku üçün yola düşəcəyik. Bundan sonra da I Avropa Oyunları gəlir. Elə bu da bizim builki əsas hədəfimizdir”.

Firdovsi Umudov jurnalistin “neçə qızıl medal götürə bilərsiz?” sualına belə cavab verib:

“Sərbəst güləşçilərimiz 8 çəki dərəcəsində mübarizə aparacaq. Komandanın heyətində bir neçə güləşçi var ki, onlara daha çox ümid bəsləyirik. Ümumilikdə isə bütün güləşçilərimizdən uğurlu çıxış gözləyirik. Onların qızıl, gümüş, bürünc medallar qazanmaq potensialları var və qazanacaqlar. Çünki hazırlıq yüksək səviyyədə gedir. Həm dövlətimiz, həm güləş federasiyası, həm də Gənclər və İdman Nazirliyi tərəfindən yüksək şərait yaradılıb. Biz də bundan bəhrələnib qarşıdakı yarışlarda xalqımızı sevindirməliyik”.

Daha sonra mütəxəssis İlk Avropa Oyunlarına toxunub:

“Nəzərinizə çatdırım ki, mən də güləşçi kimi millinin tərkibində bir çox yarışlarda olmuşam. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Bu gün milli komandanın tərkibində olanlar 1990-1992-ci il təvəllüdlü idmançılardır. Onlar mənim çıxış etdiyim vaxtdakı kimi çətin şəraiti görməyiblər. O dövrdə belə idman zalları, idman qurğuları yox dərəcə idi. Biz o vaxt xəyal edirdik ki, Azərbaycanda beynəlxalq yarışlar keçirilə bilər. İndi Azərbaycanda beynəlxalq yarışlar keçirilir, dünya kuboku turnirləri təşkil olunur. İndi isə I Avropa Oyunları keçiriləcək. Biz də çalışacağıq ki, inamı doğruldaq”.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR