“Neftçi” baş katibin hədiyyəsindən də yararlana bilməyəcək?
Bizi izləyin

İdman

“Neftçi” baş katibin hədiyyəsindən də yararlana bilməyəcək?

Azərbaycan Premyer Liqasında 28-ci turun bütün oyunları eyni gündə - aprelin 5-də keçiriləcək.

Publika.az 28-ci turun afişasını təqdim edir.

“Qarabağ”lılar nədən qorxacaq ki?

Bununla da çempionatın sonuncu - dördüncü dövrəsinə start veriləcək. Çempionluq uğrunda mübarizədə sular demək olar ki, durulub. Suyu 27-ci turda “İnter” “bulandıra” bilərdi ki, “Bankirlər” də lider “Qarabağ”la oyunda bunun öhdəsindən gələ bilmədi. “Köhlən atlar” sonuncu dövrəyə ən yaxın izləyicisindən 9 xal öndə qədəm qoyur ki, bu da böyük fərqdir. Heç 28-ci turda da bu fərqin azalacağına, çempionatda intriqa yaranacağına ümid bağlamayın. Niyə? Ona görə ki, “Köhlən atlar” “Bakı”ı ilə qarşılaşacaq. Taleyi ilə çoxdan barışan, can üstündə olan “Bakı” ilə. “Qarabağ”ın futbolçuları bu qarşılaşmaya nə qədər arxayın çıxsalar da, qorxusu yoxdur. “Zolaqlılar”ın oyunçuları artıq meydana çıxmamış məğlub olublar. “Qarabağ”lılar çempionluq hayındadırlar, “Zolaqlılar” da maydan sonra yeni iş yeri tapmaq hayında. “Qarabağ”ın “motor”u Almeyda bu qarşılaşmada meydanda olmayacaq. Braziliyalı sarı vərəqə limitini doldurduğuna görə, cəzalı duruma düşüb. Əvəzində eyni səbəbdən “İner”lə oyunu buraxan onun həmyerlisi - Reynaldo meydanda olacaq. Reynaldo meydandadırsa, “Qarabağ” üçün qol vurmaq daha asan olur.

50-ci dəfə üz-üzə gələcək komandaların duellərində Ağdam təmsilçisi üstünlüyə malikdir. İki ildir rəqibinə uduzmayan “Qarabağ” 5 görüşdür meydanı xalsız tərk etmir. Mövsümün ilk 3 oyununda hər iki komanda qol sevinci yaşayıb.

Bakı – Qarabağ: 49 oyun, 15 qələbə, 15 heç-heçə, 19 məğlubiyyət, top fərqi - 53:68.

“Bankirlər”i gümüş maraqlandırır

“Qarabağ”ın əsas izləyicisi “İnter”in də işi bu tur asan olmalıdır. Təbii, “Bankirlər” “Köhlən atlar”a çata bilməyəcəklərini yaxşı bilirlər. Ancaq “İnter” indi qızıl haqqında düşünmür. Gümüşü itirməmək üçün mübarizə aparır. Bu turu yəqin ki, arxayın şəkildə yola vermək olar. Rəqib “Xəzər Lənkəran”dır. Cənublu gənclər nə qədər əzmkar oynasalar da, hələ “İnter”ə müqavimət göstərmək gücündə deyillər.

“Xəzər Lənkəran” son 3 oyunda rəqib qapısına qol vurmağı bacarıb. Öz meydanındakı son iki görüşdə qalib gələn “İnter” son 7 ev oyununda məğlub olmayıb.

İnter – Xəzər Lənkəran: 31 oyun, 11 qələbə, 15 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 35:27.

Həm özü üçün oynayacaq, həm də...

Zaqatalada keçiriləcək qarşılaşmanı turun ən prinsipial oyunu hesab etmək olar. “Simurq” həm özü üçün oynayacaq, həm də “qardaş” haqqında fikirləşəcək. Turnir cədvəlində 4-cü pilləyə yüksələn “Simurq” “Qəbələ”ni yaxına buraxmamaqla yanaşı, “Neftçi”nin də “böyük qardaş”a - “İnter”ə yaxınlaşmasına icazə verməməlidir. Asan olmayacaq. Yox, “Neftçi” əlahiddə oyun göstərmir ki, bunu nəzərə alaq. Sadəcə, AFFA-nın baş katibi Elxan Məmmədov hakimlərin əli ilə öz işini görüb. Baş katib “Neftçi”yə gətirdiyi yeni kadrlara özünəməxsus hədiyyə edib. Ötən tur AZAL-la oyunda “Simurq”un liderləri - Draqan Çeran və Samir Zərgərov “zərərsizləşdirilib”. Onlar sarı vərəqə limitini doldurduqlarına görə, “Neftçi” ilə oyunda iştirak etməyəcəklər. “Ağ-qaralar” yarımcan vəziyyətə salınmış komandaya da qalib gələ bilməyəcək? “Neftçi” mütləq qalib gəlməli, Elxan Məmmədov Çingiz Abdullayevin gəlişini Zaqatalada qeyd etməlidir.

Komandaların son 8 oyununda meydan sahibi məğlub olmur. Bundan başqa, “Neftçi” son 3 səfər matçında qol vurmayıb. Amma bakılılar rəqib meydanında indiyədək 1 dəfə uduzub.

Simurq – Neftçi: 23 oyun, 2 qələbə, 7 heç-heçə, 14 məğlubiyyət, top fərqi – 9:31.

O, bu bəhanəni çoxdan hazırlayıb

AZAL - “Qəbələ” oyunu da müəyyən mənada gərgin alına bilər. Əslində ötən tur Zaqatalada “zədələnən” “Təyyarəçilər”i məğlub etmək “Qəbələ” üçün çətin olmamalıdır. Bir halda ki, əsas hədəf avrokuboklara vəsiqə qazanmaqdır, onda bu oyundan 3 xalla ayrılmaq “Qəbələ” üçün mütləqdir. Ancaq adamın “Qəbələ”dən beli bağlı deyil axı. İndi necə deyə bilərik ki, millinin oyunu ilə bağlı verilən fasilədən sonra istirahət etməsi “Qəbələ”nin xeyrinədir? Roman Qriqorçuka nə var, uğursuzluq olsa, durub deyəcək ki, oynamamağımız bizə mane oldu. Necədir, ukraynalıya bəhanə verdim? Vallah, o, bu bəhanəni çoxdan hazırlayıb. Amma “Qəbələ” indi elə vəziyyətdədir ki, heç bir bəhanəyə yer yoxdur. Ya varsan, ya da yoxsan.

“Qəbələ” son 4 qarşılaşmada rəqibinə qalib gələ bilməyib. AZAL da öz meydanında 3 oyundur rəqibini məğlub edə bilmir. Bakıdakı son 4 matçda hər iki komanda qol sevinci yaşayıb.

AZAL - Qəbələ: 21 oyun, 9 qələbə, 7 heç-heçə, 5 məğlubiyyət, top fərqi - 32:19.

Azərbaycan Premyer Liqası, 28-ci tur

5 aprel

15:00 Bakı - Qarabağ

Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov.

AFFA nümayəndəsi: Oqtay Abdullayev.

Hakim-inspektor: Kərim Ağayev.

Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.

17:00 AZAL - Qəbələ

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev.

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

Bakı. "AZAL Arena".

17:00 Simurq - Neftçi

Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov.

Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.

Hakim-inspektor: Şahin Cəfərov.

Zaqatala. Şəhər stadionu

18:00 İnter - Xəzər Lənkəran

Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Rauf Hüseynli.

Hakim-inspektor: Fazil Mürşüdov.

Bakı. "İnter Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm