Canını meydanda tapşıranlar – Ölsə də, finişə birinci çatdı, çempion oldu – FOTOLAR
Bizi izləyin

İdman

Canını meydanda tapşıranlar – Ölsə də, finişə birinci çatdı, çempion oldu – FOTOLAR

Ölümün nə vaxt gələcəyini bilmək olmur. Elə ona görə də “ölüm qaşla göz arasındadır” deyirlər. Qaşla göz arasında olan ölüm idman meydançalarında da “at oynadır”.

Bəzən hər hansı idmançı ondan gözləniləndən artıq nəticə verəndə və ya gözlənildiyindən çox canfəşanlıq edəndə meydanda "can qoydu" deyirlər. Ancaq bəzi idmançılar var ki, onlar meydanda sözün həqiqi mənasında can qoyurlar.

Bir neçə gün öncə Azərbaycanda da belə hadisə qeydə alındı. Qaydasız döyüş üzrə Azərbaycan çempionatında 27 yaşlı idmançı Ramin Zeynalov döyüş zamanı başından aldığı zərbədən beyninə qan sızaraq dünyasını dəyişdi.

Publika.az dünyanın idman aləmində ən çox səs-küyə səbəb olan ölüm hadisələrini təqdim edir:

Antonio Puerta

"Sevilya"lı futbolçu Antonio Puerta 2007-ci il avqustun 25-də komandasının La Liqa oyunlarından birinin 35-ci dəqiqəsində heç kimin gözləmədiyi halda yerə yıxıldı. Həkimlərin müdaxiləsindən sonra ayağa qalxan Puerta paltardəyişmə otağına yollandı. Burda vəziyyəti yenidən pisləşən 22 yaşlı futbolçu bu dəfə xəstəxanaya göndərilir. Xəstəxanada 3 gün qalan Antonio həyatla əbədi vidalaşaraq ailə üzvləri kimi bütün komanda yoldaşlarını və azarkeşləri şoka salır. Həkimlər futbolçunun ölümünə səbəb kimi onda irsi ürək çatışmazlığının olmasını göstərir.

Mark Vivyen Foe

Ən çox səs-küyə səbəb olan ölümlərdən biri də kamerunlu Mark Vivyen Foenin həyatla vidalaşması olub. 2003-cü il iyunun 26-da FİFA Konfederasiyalar kubokunun Kamerun - Kolumbiya oyununun ikinci hissəsində anidən yerə yıxılan futbolçuya həkimlər ilkin müdaxiləni etsələr də, onu həyata qaytara bilmirlər. Komanda yoldaşlarının ölümündən dəhşətə gələn kamerunlular meydandaca göz yaşlarına hakim ola bilmirlər. Fubolçunun ölümündən sonra Kamerun millisinin həkimləri ağır tənqidlərə məruz qaldı. Tənqidçilər həkimləri futbolçuda olan ürək çatışmazlığını vaxtında müəyyən edə bilməməkdə günahlandırırdılar.

Reggi Lüis

1992-ci ildə ilk dəfə “All Star”a seçilmə haqqı qazanan "Boston Seltiks"in basketbolçusu Reggi Lüis cəmi bir il sonra həyatla vidalaşdı. Belə ki, o, 27 iyul 1993-cü ildə komandasıyla çıxdığı məşqdə dünyasını dəyişir. İlk öncə 27 yaşlı basketbolçunun ölüm səbəbi kimi əvvəllər narkotikdən istifadə etməsi göstərilsə də, daha sonra onun ürəyində anadangəlmə qüsur olduğu aydınlaşır.

Konrad Makrae

Karyerası ərzində İspaniya, Fransa, İtaliya və Türkiyə kimi ölkələrdə çıxış etmiş amerikalı basketbolçu Konrad Makrae 1999-cu ildə MBA klublarından "Denver"lə yeni müqavilə bağlayır. Komandasının məşqlərinin birində özündən gedən basketbolçunun sağlığında problem olduğunu düşünən "Denver" rəhbərliyi onunla müqaviləni pozur. Makraenin yeni klubu "Orlando Mecik" olur. Yeni klubuyla qatıldığı ilk təlim-məşq toplanışında basketbolçu həyatla vidalaşır. 29 yaşlı basketbolçunun ölüm səbəbi dəqiq bilinmir.

Miklos Feher

O, Macarıstan futbolunun son illər yetişdirdiyi ən istedadlı futbolçulardan sayılırdı. "Benfika"lı futbolçu 2004-cü il yanvarın 25-də klubunun "Gimaraynş"a qarşı oyununda hakim tərəfindən sarı vərəqəylə cəzalandırılır. Bu, onun karyerası ərzində gördüyü son vərəqə olur. Hakimdən fərqli olaraq, həyat ona qırmızı vərəqə göstərir. Belə ki, anidən vəziyyəti pisləşən futbolçu gözlənilmədən yerə yıxılır. Həkimlərin ilkin müdaxiləsindən sonra xəstəxanaya çatdırılan 24 yaşlı futbolçu burada gözlərini həyata əbədi olaraq yumur.

Frensis Krippen

2009-cu ildə dünya çempionatının bürünc mükafatını qazanmış amerikalı üzgücü Frensis Krippen də həyatla idman meydanında vidalaşanlardandır. Belə ki, 2010-cu il oktyabrın 23-də BƏƏ-də 10 km-lik məsafəyə üzmə yarışlarına qatılan Krippen finiş xəttinə çatmır. Dərhal başlanan axtarma əməliyyatı düz saat yarım sonra nəticə verir. Frensisin cansız bədəni finiş xəttindən 500 metr aralıda tapılır. 26 yaşlı idmançının ölümünə səbəb “astma” olur.

Denni Hulme

1967-ci ildə "Brabham" komandasıyla "Formula-1"-də çempionluq sevinci yaşayan zelandiyalı pilot Denni Hulme də yarış meydanında can verib. Belə ki, 1992-ci il oktyabrın 4-də Avstraliyada "Bathurst 1000" adındakı yarışa qatılan pilot infarktdan sükan arxasındaca dünyasını dəyişir. 56 yaşlı Denni avtomobil yarışlarında qəza xaric dünyasını dəyişən ilk pilot olur.

Sergey Qrinkov

1988 və 1992-ci illərdə uyğun olaraq, SSRİ və Rusiya üçün qatıldığı iki qış olimpiadasında qızıl medal qazanan fiqurlu konkisürən Sergey Qrinkov da işinin qurbanı olub. İdmançı 1995-ci ilin 25 noyabrında məşq edərkən ürək damarlarında yaranan tutulmadan həyatla vidalaşır. Sergey 28 yaşında həyatdan köçür.

Çarlz Frederik Hyuz

Amerikan futboluyla məşğul olan Hyuz da meydanda can verib. "Detroyt"un uğurları üçün çalışan Çarlz komandasının 1971-ci il oktyabrın 24-də baş tutan oyunlarından birində gözlənilmədən yerə yıxılır. Həkimlər futbolçuya müdaxilə üçün meydana çıxanda 28 yaşlı oyunçunun həyatla vidalaşdığının şahidi olurlar. Çarlzın da ölümünə ürək damarlarının tutulması səbəb olur. Hyuz ölümü ilə Amerikan Futbol Liqasının tarixinə düşür. Belə ki, o, meydanda can verən yeganə amerikan futbolu oyunçusudur.

Frank Hayes

Coker Frank Hayes öldükdən sonra nəticə əldə edən ilk idmançıdı. Çətin ki, kimsə bundan sonra amerikalı idmançının nəticəsini təkrarlasın. Frank 1923-cü ilin 4 iyun tarixində "Svit Kiss" adlı atı ilə Nyu-Yorkda qatıldığı turniri sağ başa vura bilməməsinə baxmayaraq birinci olub. O, buna görə "Svit Kiss"ə borclu olmalıdı. Belə ki, Hayes yarışın gedişində öz atının üzərindəcə infarkt keçirərək həyatla vidalaşsa da, "Svit Kiss" öz sahibinin cansız bədənini finişə birinci çatdırıb. 35 yaşlı Hayes öldükdən sonra çempion olan yeganə idmançıdı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm