Məşhur futbolçumuza atdılar – ev də yoxdur, 48 min manat da
Bizi izləyin

İdman

Məşhur futbolçumuza atdılar – ev də yoxdur, 48 min manat da

Azərbaycanın məşhur futbolçusu, hazırda “Sumqayıt” klubunun rəhbərliyində təmsil olunan Ceyhun Sultanov mənzil fırıldaqçılığı ilə üzləşib.

Publika.az AzerFax-a istinadən xəbər verir ki, futbolçu 2008-ci ildə özünə mənzil almaq istəyib və bu məqsədlə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundova məxsus yeni binalardan birini seçib. Talıblı küçəsi 4 ünvanında (Yeni Yasamal) yerləşən həmin bina tikilib hazır vəziyyətə gətirilsə də, C.Sultanov hələ də mənzilini ala bilməyib. Məlumata görə, futbolçu yeni mənzilə görə əvvəlcədən 48 min manat ödəyib. C.Sultanov ödədiyi vəsaiti də geri ala bilmir.

Aldadıldığını görən futbolçu məsələ ilə bağlı məhkəməyə də müraciət edib. İşə Yasamal rayon məhkəməsində baxılıb və C.Sultanov zərərçəkmiş şəxs kimi tanınaraq onun mənzil almaq məqsədilə 48 min manat ödədiyi təsdiq olunub. Məhkəmə futbolçunun xeyrinə müvafiq qərar çıxarsa da, problem bu günə qədər həllini tapmayıb.

İsfəndiyar Axundovun sahibi olduğu “Şərur” MTK-dan bildirilir ki, onlar Talıblı küçəsi 4 ünvanındakı binanın tikintisini “Olimpus” firmasına həvalə ediblər və C.Sultanov da vəsaiti məhz həmin firmaya ödəyib. Bu səbəbdən də “Şərurlu İsfəndiyar” futbolçunun iddiası ilə razılaşmır.

Qeyd edək ki, “Olimpus” firmasının rəhbəri Rauf adlı şəxs bir müddət əvvəl həbs olunub və orada da dünyasını dəyişib.

Faktı C.Sultanovun özü də təsdiqləyib.

Qeyd edək ki, Ceyhun Sultanov karyerası ərzində "Fərid" (Bakı), "Neftçi", "Dinamo" (Bakı), "Maşınsazi" (Təbriz, İran), "Bakı", "Xəzər Lənkəran", "Kəpəz", "Sumqayıt" və "Qəbələ" klublarında çıxış edib, milli komandada keçirdiyi 16 oyunda 1 qol vurub. O, 2006-cı ildə Azərbaycan çempionluğunu (Bakı), 2005 (Bakı) və 2008-ci illərdə (Xəzər Lənkəran) ölkə kubokunu, həmçinin "Birlik Kuboku"nu (2008, Xəzər Lənkəran) qazanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm