• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Qarabağ”lılar “Təyyarə”ni söküb-yığacaq?

  • İdman
  • 8 Aprel 2015 13:20
  • 356 Baxış
“Qarabağ”lılar “Təyyarə”ni söküb-yığacaq?

Azərbaycan Premyer Liqasında 29-cu turun oyunları da eyni gündə - aprelin 9-da keçiriləcək. Hətta oyunlardan 3-ü eyni saatda - 17:00-da başlayacaq. Yəqin ki, Azərbaycandan başqa dünyanın heç bir ölkəsində belə anormal təqvim olmaz. Çempionatda tur ərzində cəmisi 4 qarşılaşma olsun, stadionlara da üst-üstə vur-tut 2-3 min azarkeş gəlsin. Və oyunlar eyni gündə, eyni saatda başlasın. Bu yerdə PFL rəsmilərinin şəninə bir “tuş” deyək, keçək qarşılaşmalara.

Publika.az 29-cu turun afişasını təqdim edir.

“Neftçi” üzərində qələbə yaraya məlhəm olar

29-cu turda bir vaxtlar Azərbaycan Premyer Liqasının bəzəyi olan, adına “böyük oyun” deyilən qarşılaşma da baş tutacaq. “Xəzər Lənkəran” “Fırtınalar meydanı”nda “Neftçi”ni qəbul edəcək. Amma əyyam o əyyam deyil. İndi bu qarşılaşmaya demək olar ki, maraq yoxdur. Yox, təkcə “Xəzər Lənkəran”ın iddiasından geri çəkilməsinə bağlamaq olmaz bu maraqsızlığı. Azərbaycan futboluna rəhbərlik edənlər bu illər ərzində əllərindən gələni etdilər ki, “böyük oyun”u kiçiltsinlər. Kiçiltsinlər ki, azarkeşlərin gəldiyi yeganə qarşılaşma da boş tribunalar önündə keçirilsin. Lənkəranda bu dəfə ajiotajın olmayacağı dəqiqdir. Amma “Ağ-yaşıllar” elə stadiona gəlmək istəməyən azarkeşlərin bu vaxta qədər çəkdiyi zəhmətin müqabilində meydanda can qoymalıdırlar. Cənublu azarkeşlər üçün “Neftçi” üzərində qələbə yaraya məlhəm olar. “Ağ-qaralar”dan qorxmağa dəyməz. Qorxaq futbol fəlsəfəsinə tapınan bu komanda onsuz da “Fırtınalar meydanı”na ayaq basanda qorxudan əsir. Bu dəfə azarkeşlərin az olması “Neftçi”liləri qorxu sindromundan qurtara bilər. Ancaq cənublu gənclərdə özünəinam hissi yüksək olsa, “Neftçi” “Fırtınalar meydanı”ndan sağ çıxmaya bilər.

Ardıcıl 6 matçdır “böyük oyun”lardan qolsuz ayrılmayan “Neftçi” son 7 qarşılaşmadan hər birində ən azı 1 xal qazanıb. 8 ildir öz meydanında uduzmayan “Xəzər Lənkəran” ardıcıl 11 ev matçında xal qazanıb. Cənubluların meydanındakı son 3 görüşdə heç-heçə qeydə alınıb.

Xəzər Lənkəran – Neftçi: 32 oyun, 7 qələbə, 13 heç-heçə, 12 məğlubiyyət, top fərqi – 25:36.

“Qəbələ”nin qələbəsi bütün suallara aydınlıq gətirəcək?

Turun mərkəzi görüşü Qəbələdə baş tutacaq. Ötən tur AZAL üzərində qazanılan parlaq qələbə sayəsində 4-cü pilləyə yüksələn “Qəbələ” bu qarşılaşmadan mütləq qalib ayrılmalıdır. Qalib ayrılmalıdır ki, bütün suallara aydınlıq gətirsin. Roman Qriqorçukun komandası avrokuboklara vəsiqə verən yer uğrunda mübarizədə əsas rəqibinə qalib gəlsə, daha “Qəbələ”yə zaval olmayacaq. “Simurq” ötən tur öz meydanında “Neftçi”yə uduzmaqla potensialı barədə bədbin fikir formalaşdırdı. Görünür, bu komanda hələ böyük vəzifələr üçün hazır deyil. Belə getsə, heç vaxt da hazır olmayacaq. Hər halda, bəraət üçün hələ imkan var. Təbii ki, “Simurq” bunun üçün “Qəbələ”yə qalib gəlməlidir.

Eyni sayda qələbə qazanan komandaların duelində “Qəbələ” top fərqində minimal üstünlüyə malikdir. Zaqatala təmsilçisi son 3, qəbələlilərsə evdəki son 4 görüşdə qol vurub.

Qəbələ – Simurq: 25 oyun, 9 qələbə, 7 heç-heçə, 9 məğlubiyyət, top fərqi – 25:24.

“Qarabağ”lılardan nə tələb olunur?

Demişdik axı... Demişdik ki, çempionatda “Qarabağ”ın rəqibi elə özüdür. “Qarabağ” yalnız özü-özünü məğlub etməklə, digər rəqiblərini çempionluq mübarizəsinə qoşa bilər. Buyurun, ötən tur “Köhlən atlar”ın “Bakı” ilə oyunda xal itirməsinə izah verin. Nə izah verəcəksiz ki? “Qarabağ”ın futbolçularına izah yox, qulaqburması lazımdır. Onu da Qurban Qurbanov verməlidir. Verib də yəqin. Yaxşı qulaqburması veribsə, onda bu tur AZAL-ın işi çətin olacaq. “Təyyarə”ni söküb-yığacaqlar. “Qarabağ”ın dalbadal 3-cü oyunda da xal itirmək haqqı yoxdur. AZAL hazırda motoru tökmüş təyyarəni xatırladır. Sadəcə, “Qarabağ”lılardan meydana arxayın çıxmamaq tələb olunur. Məsuliyyət olacaqsa, qələbə də asan əldə ediləcək.

Ardıcıl 5 oyunda rəqibinə qalib gələn “Qarabağ” 6 matçdır meydanı qolsuz tərk etmir. AZAL isə son 3 səfər oyununda rəqib qapısına yol tapıb.

Qarabağ – AZAL: 25 oyun, 14 qələbə, 6 heç-heçə, 5 məğlubiyyət, top fərqi – 32:23.

Nəhayət, qələbə qazanmaq olar

Turun daha bir qarşılaşmasında isə autsayderlər üz-üzə gələcək. “Sumqayıt” “Bakı”nı qəbul edəcək. AFFA-nın baş katibi Elxan Məmmədovun “möhtəşəm” layihəsinin - “Sumqayıt”ın əlinə əla fürsət düşüb. Nəhayət, qələbə qazanmaq olar. Amma bu qələbə “Sumqayıt”a nə verəcək? Yəqin ki, heç nə. Heç Azərbaycan futboluna da heç nə verməyəcək. Nə qazanacaqsa, belə anormal layihələrin ideya müəllifləri qazanacaq. Oyundu da... Oyun xatirinə.

Komandaların son 5 oyununda 4 heç-heçə qeydə alınıb. Bu matçlarda bakılılar qalib gəlməyib. Paytaxt təmsilçisi səfərdəki son 4 qarşılaşmada qol buraxıb.

Sumqayıt – Bakı: 11 oyun, 2 qələbə, 5 heç-heçə, 4 məğlubiyyət, top fərqi – 7:9.

Azərbaycan Premyer Liqası, 29-cu tur

9 aprel

17:00 Xəzər Lənkəran – Neftçi

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mübariz Haşımov, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Maşallah Əhmədov.

Hakim-inspektor: Əhmədağa Cabbarov.

“Xəzər Lənkəran” mərkəzi stadionu

19:00 Qəbələ – Simurq

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Munis Abdullayev, Nahid Əliyev.

Əlavə köməkçi hakimlər: Vüsal Əliyev, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Asim Xudiyev.

Qəbələ şəhər stadionu

17:00 Qarabağ – AZAL

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rəvan Həmzəzadə, Rza Məmmədov.

Əlavə köməkçi hakimlər: Xəlil Xəlilov, Etibar Həsənov.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Məlik Həsənov.

“Bakcell Arena”

17:00 Sumqayıt – Bakı

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Coşqun Həsənov, Nail Nağıyev.

AFFA nümayəndəsi: Sakin Məmmədzadə.

Hakim-inspektor: Rövşən Əhmədov.

“Kapital Bank Arena”

Xəbər lenti

DAHA ÇOX XƏBƏR