BİABIRÇILIQ: Belə futbolçularla hara kimi gedəcəyik?
Bizi izləyin

İdman

BİABIRÇILIQ: Belə futbolçularla hara kimi gedəcəyik?

"Futbolu ayaqla yox, başla oynayırlar" deyimi artıq aksiomaya çevrilib. Futbolu başla oynamaq üçün isə ilk növbədə başın olması vacibdir. Ağıllı, məntiqlə düşünə bilən başın. Amma nə yazıq ki, Azərbaycanda belə futbolçular azdı, lap az. Biz demirik ki, azərbaycanlı futbolçu alim olmalıdır, tariximizi, ədəbiyyatımızı mükəmməl bilməlidir. Yox, buna heç ehtiyac da yoxdur. Amma sadə həqiqətləri, faktları bilməlidilər axı. Hər kəsin oxumağa belə, ehtiyac olmadan bildiyi faktları, elementləri deyirik. Bunu da bilmirlər.

Deyirik ki, onlar, heç olmasa, nəticə çıxarsınlar, nəsə öyrənməyə cəhd etsinlər. Cəhd etsinlər ki, futbolu da ayaqla yox, başla oynasınlar. Oynasınlar ki, özləri futbolçu olsun, Azərbaycanda da futbol olsun.

Publika.az Azərbaycan çempionatının bombardiri, guya perspektivli futbolçu sayılan Nurlan Novruzovun "Futbol+" qəzetinin "Bura vətəndir" rubrikasının suallarına verdiyi cavabları təqdim edir. Oxuyandan sonra əmin olacaqsız ki, belə başla futbolu başla oynamaq olmaz.

- Xəlil Rza Ulutürk kimdi?

- Belə suallar verəcəksənsə, gəl indidən sağollaşaq.

- Abşeron yarımadası hansı istiqamətdən suyla əhatə olunmayıb?

- Vallah, bilmirəm.

- Yaxşı, Babəki tanıyırsan da?

- Babək kimdi? Koroğlu, Babək, onları deyirsən?

- Ümumiyyətlə, Babək kimdi?

- Mən bilən döyüşkən adam olub.

- Kimlərə qarşı döyüşüb?

- Babək, yəqin ki, müsəlmandı, xristianlara qarşı döyüşüb.

- Aydındı. "Cahargah", "Humayun" və ya "Şüştər". Söhbət nədən gedir?

- Bilmirəm, qardaşım...

- Heydər Əliyev neçənci ildə hakimiyyətə gəlib?

- Yəqin, mən hələ anadan olmayanda.

- Əbülfəz Elçibəyin təmsil etdiyi partiyanın adı nə idi?

- Yox, belə şeyləri bilmirəm.

- "Bəxtiyar" filminə baxmısan? Bəxtiyar obrazını kim canlandırıb?

- Adını eşitmişəm, amma baxmamışam. Yox, bilmirəm.

- 20 yanvar şəhidlərindən, heç olmasa, ikisinin adını çəkə bilərsən?

- Dondum, qaldım ey...

- Xiyabana girəndə birinci kimlərin məzarını görürük?

- İnanırsan, Şəhidlər Xiyabanında olmamışam.

- İntertoto kuboku da daxil olmaqla avrokuboklarda ilk mərhələ adlayan klubumuzun adını deyə bilərsən?

- "Bakı" olub da.

- İlk mərhələ keçən?

- Lap əvvəlləri deyirsən?

- Hə, ilk dəfə hansı klubumuz mərhələ adlayıb?

- Mən bilən "Şəmkir" keçib, deyəsən.

- İlk dəfə İntertoto kubokunda "Qarabağ" mərhələ adlayıb.

- Bilmirdim.

- "Azərbaycan deyəndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər". Yəqin ki, bu misraların müəllifinin kim olduğunu da bilməzsən...

- Yox.

- Heç olmasa, Məmməd Arazı tanıyırsan?

- Yox ey, yox, tanımıram.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm