“Böyük oyun”da böyük itkilər
Bizi izləyin

İdman

“Böyük oyun”da böyük itkilər

Azərbaycan Premyer Liqasının 29-cu turunda “Xəzər Lənkəran” “Neftçi”ni qonaq edəcək. “Böyük oyun” bu gün saat 17:00-da başlayacaq. Komandaların hazırki durumu, futbolçuların vəziyyəti ilə bağlı klub rəsmiləri ilə əlaqə saxladıq.

“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Publika.az-a komandanın vəziyyəti ilə bağlı bunları dedi:

“Komandamız dünən oyun öncəsi sonuncu məşqini edib. Zədəli futbolçumuzun olmaması bizim üstünlüyümüzdür. Stadionun ot örtüyü də ideal vəziyyətdədir. İnşallah maraqlı oyun keçər. Hamı başa düşür ki, ən azı məğlub olmamaq lazımdır. İndiyə qədər biz Lənkəran stadionunda uduzmamışıq. Amma indi bizim komanda gəncləşib. Yenə əlimizdən gələni edəcəyik uduzmamaq üçün”.

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbasov isə komandada zədəli və cəzalı futbolçuların olmasına baxmayaraq, vəziyyəti normal kimi qiymətlənidirib:

“Komandada vəziyyət yaxşıdır. Hər şey qaydasındadır. Zədəli və cəzalı futbolçularımız var. 6 futbolçunun xidmətindən yararlana bilməyəcəyik. Onu deyim ki, bizi burada çox yaxşı qarşıladılar”.

Qeyd edək ki, “Neftçi”də Məqsəd İsayev, Ernest Nfor zədəli olması, Rauf Əliyev isə suçiçəyi xəstəliyinə tutulması səbəbindən “Xəzər Lənkəran”la oyunu buraxacaq. Cəzalı durumda olan Mirhüseyn Seyidov, Əziz Quliyev və Karlos Kardoso da bu oyunda komandasına kömək edə bilməyəcək. Kardoso ötən turda "Simurq"la keçirilən oyunun 74-cü dəqiqəsində etdiyi hərəkətə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmışdı. Buna görə ona 3 oyun cəza verilib. Amma cəzanın iki oyunu şərti tətbiq olunub və ona 6 aylıq sınaq müddəti verilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm