Bakı-2015: Azad Rəhimov idmançılarımıza müraciət etdi
Bizi izləyin

İdman

Bakı-2015: Azad Rəhimov idmançılarımıza müraciət etdi

Bu gün Azərbaycan idman federasiyalarının İlk Avropa Oyunlarına hazırlıq səviyyəsinə həsr olunmuş hesabat görüşü keçirilib.

Publika.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov idmançılarımıza hər cür şərait yaradılmasından, göstərilən diqqətdən danışıb:

“İdmançılarımız ilk Avropa Oyunlarında yüksək nəticələr nümayiş etdirməli və ölkəmizə medallar qazandırmalıdırlar. Bunun üçün hər cür şərait yaradılıb”.

İdmançılarımızın London Olimpiya Oyunlarında yüksək nəticələr nümayiş etdirdiyini xatırladan nazir qeyd edib ki, ilk Avropa Oyunlarında bundan da yüksək nəticələr əldə olunmalıdır.

A.Rəhimov əlavə edib ki, ilk Avropa Oyunları Azərbaycanın tarixində ən böyük hadisədir. O bildirib ki, bu Oyunların yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi işlər görülür: “Görürsünüz nə qədər işlər aparılır, Bakının simasi dəyişir, yeni yollar, idman kompleksləri tikilir”.

Nazir əlavə edib ki, aprel ayında bütün idman kompleksləri təhvil veriləcək: “Onların bəziləri artıq təhvil verilib. Həm təhlükəsizlik baxımından, həm də nəqliyyat işləri baxımından bütün işlər görülür, heç bir gecikmə yoxdur”.

A.Rəhimov ilk Avropa Oyunları zamanı 18 min könüllünün fəaliyyət göstərəcəyini də diqqətə çatdırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm