Azərbaycanlı K-1 üzrə Qran-pri turnirinin qalibi olub
Bizi izləyin

İdman

Azərbaycanlı K-1 üzrə Qran-pri turnirinin qalibi olub

Moldovada keçirilən K-1 üzrə "KOK – King of Kings World" Qran-pri turnirində ölkəmizi 75 kq çəki dərəcəsində təmsil edən Tural Bayramov yerli idmançı Sergey Morariy üzərində parlaq qələbə qazanıb. İdmançımız uğurlu çıxışı ilə turnirin qalibi adını qazanıb.

T.Bayramovun parlaq qələbə ilə bağlı Bakıda jurnalistlər üçün keçirdiyi mətbuat konfransında Azərbaycanın və Yaxın Şərqin K-1 nümayəndəliyinin - “Best of the Best Promotion”un rəhbəri Elnur Məmmədov, üçqat dünya çempionu Tural Bayramov və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən Elnur Məmmədov idmançımızı qələbə münasibətilə təbrik edib. Bildirib ki, “Eurosport” kanalının top onluğuna düşən döyüşdən sonra Moldovanın sabiq prezidenti Vladimir Voronin idmançımızı təbrik edib. Azərbaycanlı idmançının uğurlu çıxışı yerli azarkeşlər tərəfindən alqışlarla qarşılanıb. “Best of the Best Promotion”un rəhbəri rəqibin Moldovanın bir nömrəli döyüşçüsü olmasına baxmayaraq, Turalın da döyüşə yaxşı hazırlaşdığını deyib.

Turnirin qalibi Tural Bayramov bildirib: “Rəqib gözlədiyimdən də yaxşı hazırlaşmışdı. Döyüşdən sonra məşq yoldaşları onun bu döyüşə aylarla hazırlaşdığını dedilər. Mən həm texniki, həm taktiki, həm də psixoloji cəhətdən yüksək səviyyədə hazırlaşmışdım. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirdim”.

Tural Bayramov, həmçinin dünyanın bütün güclü döyüşçüləri ilə rinqdə görüşməyə hazır olduğunu qeyd edib.

K-1-in Azərbaycan və Yaxın Şərq üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov gələcək planlarla bağlı məlumat verib. O, mayda mötəbər qran-pri silsiləsindən olan turnirə dəvət aldıqlarını deyib. Həmin yarışda Alim Nəbiyevin iştirak edəcəyini vurğulayan rəsmi nümayəndə iyunda Almaniyada keçiriləcək yarışda da ölkəmizin təmsil olunacağını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm