• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Peşəkar jurnalist və idmançı: “Bir gün gəldilər ki, oğlun əsgərlikdən qaçıb”

  • İdman
  • 11 Aprel 2015 16:12
  • 1 191 Baxış
Peşəkar jurnalist və idmançı: “Bir gün gəldilər ki, oğlun əsgərlikdən qaçıb”

Çingiz İsmayılov həm peşəkar futbolçu, həm də peşəkar jurnalist olub desək yerinə düşər. Qadağalara baxmayaraq, idmana olan böyük sevgisi onu peşəkar futbola gətirib. Ç.İsmayılov 9 il “Neftçi”nin əsas heyətində oynayıb, qapısını qoruyub. Futbolu buraxdıqdan sonra isə jurnalist kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində 19 il fəaliyyət göstərib. Diktor kimi də səsi çox bəyənilib. Hər iki karyerası ilə yaddaşlarda iz qoyan Çingiz İsmayılov keçmişi bir də Publika.az-ın əməkdaşı ilə söhbətdə “vərəqlədi”.

- Azərbaycan xalqı Çingiz İsmayılovu kifayət qədər tanıyır. Bəs siz özünüzü necə təqdim edərdiz?

- 1935-ci ildə Bakı şəhəri, Çəmbərəkənd deyilən bir ərazidə anadan olmuşam. Uşaqlığım Lermontov küçəsində keçib. Məktəbə bir qədər gec, 1945-ci ildə getmişəm. Atam əsgərlikdə olduğu üçün bu bir qədər gec reallaşıb. Özümdən iki yaş kiçik qardaşımla eyni vaxtda 1-ci sinifdə oxumuşam. 199 saylı məktəbi bitirmişəm. Mənim uşaqlığım da bir o qədər şən keçməyib. Futbola məhəllədən başlamışam.Yaşadığımız ərazidə kifayət qədər tanınmış idmançılar yaşayırdı: futbolçular – Ələkbər Məmmədov, Boris Pataşov, voleybolçular – Xəyyam Zülfüqarov, Oqtay Ağayev və başqaları. Həmin məhəllədə, İsmayılov soyadlı üç ailə yaşayırdı. Qohumlarımız idi. Amma məhəllədə futbol oynamağa qoymurdular. Mərkəzi Komitənin birinci katibi Mircəfər Bağırov da orada yaşayırdı. Piyada işə gedib-gəlirdi deyə, dəfələrlə topumuzu alıb cırırdılar. Çox vaxt top olmayanda köhnə əskiləri corabın içinə doldurub, top əvəzinə sağa-sola qovardıq.

- Küçə futbolunda da qapıda dayanırdız?

- Qapıcı da olurdum, oynayırdım da (gülür). Həmin məktəbin həyətində səhər saat 9-dan axşama kimi futbol oynayırdılar. Amma millidə və klublarda qapıçı olmuşam.

- Qapıçılığı nəyə görə seçdiz? Boyunuza görə?

- Həm boyuma görə, həm də qapıçıya daha çox xas olan xüsusiyyətlərim var idi.

- Bizə bir az “Neftçi”yə gəlişinizdən danışın?

- 7 il, 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qorumuşam. Məşqçilər məni görüb bəyəndilər və dərhal flaqmana götürdülər. Onu deyim ki, “Neftçi”də ilk gündən əsas heyətdə oynamışam. Mən oynadığım dövrdə daim kənardan məşqçilər gəlirdi. Əksəriyyəti Moskvadan olurdu. Məni də küçədə oynayarkən Viktor Novikov görüb dəvət etmişdi. Flaqmanda çıxış etdiyim 6 il ərzində Novikov, Timakov, Krılov, Arkadyevin rəhbərliyi altında oynamışam. İlk oyunum indiki Nijni Novqorod, əvvəllər isə Qorki şəhərini təmsil edən “Volqa”ya qarşı oynamışam. O vaxtlar xaricə nadir hallarda gedirdilər. Amma mən bu klubun tərkibində bir çox ölkələri gəzmişəm.

- Təhsiliniz?

- O vaxtlar bizi məcbur edirdilər ki, oxumaq lazımdır, futbolçular mütləq ali təhsil almalıydı. İndi bilmirəm necədir, tələb edilir, ya yox... Əvvəl sənədlərimi Bədən Tərbiyəsi institutuna verdim. O vaxt komandada azərbaycanlıların sayı az idi - 2-3 nəfər. Düzdür, digərləri də Bakıda anadan olub böyümüşdülər, bakılı sayılırdılar. Amma Azərbaycan dilində danışan az idi. Ona görə də 1957-ci ildə İrandan qayıdandan sonra məni radio studiyaya dəvət etdilər. Valid Sənani məndən İran səfəri haqqında müsahibə aldı. Sonradan əlaqələrimiz möhkəmləndi. Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin rəhbəri Ənvər Əlibəyli mənə deyirdi ki, karyeranı başa vurduqdan sonra buraya gəlib veriliş apararsan. Onu da vurğulayım ki, əmək kitabçam 1956-cı ildə “Neftçi” komandası ilə başlayıb, 1995-ci ildə “Neftçi” komandası ilə də bitib.

- Ailənizdə futbola maraq göstərən olmayıb?

- Atam və əmilərim Azərbaycanda sovet mətbuatının əsasını qoyan adamlar olub. Nəslimiz mətbuata bağlı idi. Müharibə illərində atam Krımda Azərbaycan diviziyası üçün qəzet buraxanların sırasında idi, mətbəənin direktor vəzifəsində çalışırdı. Rəsul Rza, Əli Vəliyev, Manaf Süleymanovun iştirakıyla həmin qəzet ərsəyə gəlirdi. Əmim Mirzə 1947-ci ildə Almaniyaya çap maşınları gətirməyə gedəndə Qərbi Ukraynada cinayətkarlar onun getdiyi qatarın sonuncu vaqonunu ayırıblar və əmimi öldürüblər. Atam da futbolçu olmağımın əleyhinə idi.

- “Neftçi”dən sonra futbolçu karyeranızın necə davam etdi?

- Bir az Bakının “Dinamo”sunda oynadım. 1965-ci ildə Gəncənin “Dinamo”suna uduzduq və onlar SSRİ çempionatının birinci dəstəsinə çıxdılar. Bizim komanda isə dağıldı. Mən də Gəncənin komandasına keçdim. Burada 1967-ci ildə zədələndim. Ona görə Gəncə “Dinamo”su güclülər dəstəsində çıxış edəndə oynaya bilmədim. Həmin ildə Kuybışevdə (indiki Samara) ciddi zədə aldım və əməliyyat olundum. Bundan sonra futbolu bitirdim.

- Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinə necə keçdiniz? Yəqin nitqiniz bəyənilib ki, ora qəbul edilmisiz?

- Karyeramı bitirdikdən sonra atam məsləhət gördü ki, komsomolda Bədən Tərbiyəsi və İdman şöbəsinə işə düzəlim. Məvacibi 80 manat idi. İmtina etdim. 1967-ci ilin oktyabrında karyeramı bitirdim və elə həmin ayda da Televiziya və Radio Verlişləri Komitəsinə işə qəbul olundum. Mənim danışığım ola bilər indi bir qədər məhdudlaşıb. Çünki 2003-cü ildən təqaüddəyəm. Amma hafizəm hələlik yerindədir (gülür). Valid Sənani görüşü şərh edəndə oturub yanında qulaq asmışam və öyrənmişəm. 19 il Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində işləmişəm. Kiçik redaktorluqdan baş redaktor müavini vəzifəsinə kimi böyümüşəm.

- “Neftçi”dən təklif alanda 19 ildən sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsindən çıxıb orada işləmək çətin deyildi?

- 1986-cı ildə mənə dedilər ki, Fuad Musayev səni “Neftçi” komandasının rəisi təyin etmək istəyir. Mən də baş redaktor Elşad Quliyevlə danışdım. Dedim ki, “ona etibar etmək olmur. İki ildən sonra məni də çıxaracaq”. Elşad da təminat verdi ki, “sənin vəzifəni heç kimə verməyəcəm. Nəsə problem olsa, qayıt”. Bu doğrudan da belə oldu. Elşad işdən çıxan kimi o ştata Abbas Əzimovu təyin etdilər. “Neftçi”yə bağlı adam idim. Orada oynamışam. Lakin o dövr çətin idi. Xüsusilə də 1990-cı illər. Yadımdadır, o ərəfədə az qala komanda dağılacaqdı. Futbolçular da “Neftçi”dən getmək istəyirdilər. 1988-ci ildə Sumqayıt hadisələri olmasaydı, komanda daha yaxşı oynayacaqdı. Təsəvvür edin, 1980-1987-ci illərdə komanda heç vaxt ilk 10-luğa düşə bilmirdi. Öz yerini qorumağa çalışırdı. Amma iş elə gətirdi ki, 1987-ci ildə mən komandada rəis olanda komanda 9-cu yeri tutdu.

- AFFA-ya gəlişiniz necə oldu?

- 1994-cü ildə AFFA-dan Rauf Adıgözəlov mənə zəng etdi ki, Fuad Musayev səninlə görüşmək istəyir. Musayevdən bir gün möhlət istədim və sonra baş katib kimi işləməyə razılıq verdim. Onu da deyim ki, Fuad Musayevlə bir məhəllədə böyümüşük. Onunla da küçə futbolunda birlikdə oynamışıq.

9 il AFFA-da çalışmışam. Ümumiyyətlə, heç kim deyə bilməz ki, Çingiz kimdənsə rüşvət alıb. Mən həmişə təmiz yaşamışam. Çalışmışam ki, vicdanla işləyim.

İndi Azərbaycan futbolunun inkişafı üçün klublara dəvət olunan legionerlər mütləq öz ölkəsinin millisində oynayanlar olmalıdır. Deyirlər atı atın yanına bağlayanda həmrəng olur, ya həmxasiyyət. O biri legionerlər dəvət olunur, onlar da bizimkilər kimi oynayır sonradan. Gərək güclü 2-3 legioner dəvət oluna ki, futbolçularımız da onlardan nə isə götürsün.

- Yoldaşınızla necə tanış olduz?

- (gülür) Məşqə gedirdim, məhəllədən keçəndə gördüm. Soruşdum ki, o kimdir. Dedilər filankəsdir, elə bizim məhəllədə olur. Onun ailəsi əvvəlcə razı deyildi. Çünki o vaxtlar futbolçulara pis baxırdılar. Deyərdilər ki, “tursik-mayka” geyinib yekə-yekə kişilər çıxırlar meydana ki, nədi-nədi topu yuxarı-aşağı vuracaqlar. Nəysə, 1961-ci ildə ailə həyatı qurduq. İki övladım, 3 nəvəm var. Böyük oğlum hazırda Almaniyada yaşayır. Orda bir nəvəm böyüyür. Kiçik oğlum İnşaat Mühəndisləri İnstitutunu bitirdikdən sonra hərbi xidmətə yollandı. Zirədə xidmət edirdi. Bir gün gəldilər ki, oğlun qaçıb. Sən demə əsgərlikdə əslən qarabağlı bir dostu varmış. Oğlum da ona qoşulub müharibəyə gedib. Komandiri Rövşən Əkbərov idi. Fizulidə vuruşurdu. 1994-ün yanvar ayı idi. Oqtay Abdullayevə dedim ki, gedək bir uşağa baş çəkək. Yolda gördük ki, təcili yardım maşınları düzülüb yolboyu. Müharibə zonasına buraxmadılar. Komandirinə zəng etdilər ki, həmin zonaya keçmək istəyirik. Özü maşın göndərdi və bizi ştaba apardılar. Gündüz vaxtı idi. Əkbərov gəldi ştaba və dedi ki, oğlunuz yaralanıb, Beyləqana göndərmişik. Bir nəfəri də təhkim etdi bizə ki, həmin xəstəxananı tapa bilək. İçəri daxil olduqda baş həkim məni tanıdı. Nə üçün gəldiyimizi bildirdik. O da dedi ki, uşağı İmişliyə göndərmişik. Həmin xəstəxananı tapanda gecə saat 3 idi. Nəhayət, oğlumu tapdım. İçəri daxil olanda ayağının sarıqlı olduğunu gördüm. Sən demə minaya düşübmüş. Dedilər ki, sabah Bakıya aparacağıq. Dedim, maşınlayıq, özümüz apararıq. Müalicəsi qurtardıqdan sonra yenə 777-ci diviziyaya qayıtdı. Ancaq həmin diviziyanı artıq Gəncəyə köçürmüşdülər. Oğlum əsgərlikdə idi, evimizə adam gəlmişdi ki, bəs övladın fəraridir. Xəstəxanadan epikrizi göstərdim, yenə inanmadı. Nə yaxşı ki, hərbi prokuror məni də tanıyırdı, oğlumun yaralanmasını da bilirdi. 1997-də qayıtdı, iki il sonra isə evləndi. Hazırda onun da iki oğlan övladı böyüyür.

- Nə jurnalist, nə də futbolçu kimi yolunuzu davam edən olmadı?

- Xeyr olmadı. Düzdür, nəvəm özü üçün futbol oynayır. Amma heç mən də razı olmaram peşəkar futbola getməyinə.

- Futbolu izlədiyinizi dediz. Bəs şərhçilərimizi bəyənirsizmi?

- Xeyr, çünki ixtisaslaşmaq lazımdır.

- Banişevskiylə münasibətiniz necə olub?

- Banişevski ilə eyni komandada oynamamışam, amma dostluğumuz var idi. O özü də Azərbaycan dilində bilirdi. Özünü əsl bakılı hesab edirdi. Rusiya futbolunun 100 illiyi idi. Moskvada kim SSRİ yığmasının üzvü olubsa, onların hamısını Moskvaya dəvət edirdilər. O zaman Banişevskiyə teleqrama gəldi. O da həmin vaxt xəstə idi. Orada Paramanov var idi, vitse-prezident. Banişevskiyə də 3 min dollar mükafat yazmışdılar. Mən gedib aldım onun üçün o pulu. Dedim o pulu verin, amma yazın ki, doğrudan da ona çatacaq bu pul. Çünki Moskvada yoxlayırdılar. Verdilər, mən də o pulu Banişevski üçün gətirdim. Banişevki yeganə adam idi ki, ancaq Azərbaycanda oynadı, getmədi başqa ölkədə oynamağa.

- Çingiz müəllim, sizi öncədən təbrik edirik. Aprelin 12-də yubileyinizdir.

- Təşəkkür edirəm.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR