• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Cəzasını ödədi, Avropa çempionu oldu – “Özümə söz vermişəm”

  • İdman
  • 13 Aprel 2015 17:24
  • 1 558 Baxış
Cəzasını ödədi, Avropa çempionu oldu – “Özümə söz vermişəm”

Ağır atletika federasiyasında dopinqə görə günahlandırılan idmançılarımızdan biri də Bolqarıstan əsilli Valentin Xristov idi. O, 2 il yarışlardan uzaqlaşdırılmışdı. Ancaq təmsilçimiz 2 il sonra yenidən özünü sübut etdi. O, aprelin 12-də Tiflisdə ağırlıqqaldırma üzrə Avropa çempionatında uğurla çıxış edərək 62 kiloqram çəki dərəcəsində çempion oldu.

London Yay Olimpiya Oyunlarının mükafatçısı V.Xristov Publika.az-a uzun müddətdən sonra Avropa çempionatında qızıl medal qazanması və onu dəstəkləyənlər barədə danışdı.

- Növbəti dəfə çempion olmaq necə hissdir?

- Mən hər dəfə medal qazananda sevinirəm. Çünki qələbəm həm mənim fəxrim, həm də Azərbaycanın nailiyyətidir.

- Uzun müddətdən sonra yenidən mübarizəyə qoşulmaq çətin olmadı?

- Mənim üçün Avropa çempionatında yarışmaq çətin deyil. Çünki özümü məşqdəki kimi hiss edirəm.

- Qalib olacağına inanırdın?

- Mən daim yarışa inamla çıxıram. Ona görə uğurlu alınır.

- Qələbədən sonra bu sevinci ilk kimlə bölüşdün?

- Təbii ki, qələbədən sonra sevincimi ilk olaraq məşqçilərlə, kollektivimizlə bölüşdüm. Çünki məşqçilərin də, masajçının da, həkimin də mənim qələbə qazanmağımda böyük əməyi var.

- Maraqlıdır, yoldaşının - Nərgizin bu qələbəyə reaksiyası necə oldu?

- Yoldaşım yarışı canlı efirdə sevə-sevə izləyirdi. Təbii ki, həyəcan keçirirdi. Onun bütün ailə üzvləri də yarışa baxıb. Hər yanaşmamdan sonra çox seviniblər. Hətta qızım da məni izləyirdi.

- Qarşıda səni nə gözləyir? Məqsədin nədir?

- Onu deyə bilərəm ki, gələcəkdə arzum dünya, olimpiya çempionu olmaqdır. Bunun üçün var gücümlə çalışmağı, məşqlərimi axsatmamağa özümə söz vermişəm. Onu da qeyd edim ki, Azərbaycanda mənə kömək edən, dayaq olan federasiyamıza, Gənclər və İdman Nazirliyinə və bütün kollektivə çox sağ ol deyirəm. Onları həmişə yeni uğurlarımla sevindirəcəyimə söz verirəm.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR