• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Müşahidə Şurasının gündəmindəki 7 məsələ

  • İdman
  • 14 Aprel 2015 22:59
  • 296 Baxış
Müşahidə Şurasının gündəmindəki 7 məsələ

Aprelin 13-də "Bakcell Arena"da "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib.

Publika.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

1. "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasına kimi, klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb.

2. "Neftçi" PFK-nın yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib.

Vəli Qasımov futbolçu olduğu dönəmdə Azərbaycan milli komandası və "Neftçi" ilə yanaşı, İspaniya və Portuqaliyanın elit klublarında çıxış etmiş, "Real Betis" klubunun heyətində İspaniya çempionatının bürünc mükafatını qazanmışdır. Peşəkar karyerasını başa vurduqdan sonra əsas yığma komandada köməkçi-məşqçi vəzifəsini yerinə yetirmiş Vəli Qasımovun beynəlxalq təcrübəyə malik olduğu nəzərə alınaraq, onun "Neftçi" PFK-nın idman direktoru vəzifəsində faydalı ola biləcəyi qənaətinə gəlinib.

3. "Neftçi" PFK-nın Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi"nin təsis edilməsi haqqında qərar qəbul edilib.

Qapıçılar məktəbinə "Neftçi"nin əfsanəvi futbolçusu Sergey Kramarenkonun adının verilməsi təsadüfi deyil. "Neftçi" ilə SSRİ çempionatının bürünc medallarını qazanmış Sergey Kramarenko, yüksək dəstədə rekord sayda - 312 oyun keçirib. Karyerasının böyük hissəsini "Neftçi"nin heyətində keçirmiş qapıçı, nəinki Azərbaycanın, ümumilikdə Sovet futbolunun tanınmış simalarındandır. Layihənin icrasında əsas məqsəd uşaq və yeniyetmə istedadların üzə çıxarılması və onların peşəkar səviyyədə hazırlanmasıdır. Hazırda Azərbaycan milli komandasının və Almaniyanın "Ayntratxt" klubunun üzvü olan qapıçı Emil Balayev də məhz "Neftçi"nin yetirməsidir. Bununla yanaşı, "Neftçi"nin bir neçə üzvü mütəmadi olaraq, müxtəlif yaş qrupu üzrə yığma komandalara cəlb olunur. Onlardan Kamran İbrahimovla Tural Osmanov U-17, Məhərrəm Əhmədovla Nail Alışov U-15 komandalarının üzvləridir. Məqsəd bu siyahının daha da genişlənməsi və ixtisaslaşmış qapıçı məktəbində yaradılacaq sağlam rəqabət mühitində yeni adların meydana çıxarılmasıdır.

4. İclasda "Neftçi" PFK-nın muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq.

5. "Neftçi" PFK-nın iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"unun təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

6. "Neftçi" PFK-nın Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib.

Layihənin icrası azarkeşlərin komanda ilə daha yaxın təmasının yaradılması, onların məlumatlandırılması və stadionlara cəlb olunması baxımından əhəmiyyətli hesab edilib.

7. "Neftçi" PFK-nın rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında geniş miqyaslı sorğunun təşkil olunmasına qərar verilib.

"Neftçi" PFK-nın rəsmi loqotipi indiyə kimi 4 dəfə yenilənib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR