“Barselona” belə oynayır: topu götür və rəqibi məcbur et ki, onu axtarsın!
Bizi izləyin

İdman

“Barselona” belə oynayır: topu götür və rəqibi məcbur et ki, onu axtarsın!

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları başa çatıb. 4 oyundan yalnız birində qeydə alınan hesab futbolsevərləri bir qədər təəccübləndirdi. “Portu” nə qədər evində inamlı təsir bağışlasa da, “Bavariya”nı belə asanlıqla məğlub edəcəyi təxmin edilmirdi.

İlk oyunlardan sonra “Barselona” və “Portu”nun cavab matçına daha rahat çıxacağını söyləmək olar. “Yuventus” ilk oyunda minimal hesablı (1:0) qələbə qazansa da, Monakoda çox çətin olacaq. ən müəmmalı vəziyyət isə Madrid derbisindədir. Həm “Atletiko”, həm də “Real” yarımfinal şansını bərabər səviyyədə saxlayır.

Publika.az baş məşqçilərin ilk oyunlardan sonra verdiyi açıqlamaları təqdim edir.

Luis Enrike: “Bizi məğlub etmək mümkün olmayacaq”

"Bizim oyunumuzu bir çox aspektlərdən xarakterizə etmək olar. Diqqətli olduq, topa nəzarət etdik, inamla müdafiə olunduq, xeyli təhlükəli vəziyyət yaratdıq. Təkrar görüşdə də belə oynamalıyıq ki, xoş olmayan sürprizlə üzləşməyək.

Luis Suares həm fiziki, həm də texniki cəhətdən güclüdür. Ancaq mən bu gün bütün futbolçuların yaxşı oynadığını qeyd etməliyəm. Belə oynasaq, bizi məğlub etmək mümkün olmayacaq.

Cavab görüşündə PSJ-nin heyətində bu gün meydana çıxmayanlar olacaq. Şübhəsiz, bizi çətin görüş gözləyir. Futbolda hər cür gözlənilməz ssenarilərə şahidlik etmişik. Ona görə də, rahatlaşmaq olmaz".

Loran Blan: “Hər şey 100 il əvvəlki kimi idi”

"Oyun fəlsəfəmiz topa nəzarət etməyin üzərində qurulub. Bunu edə bilməyəndə problem yaranır. Biz topun arxasınca qaçmağa öyrəşməmişik. Bundan əlavə, komandam fiziki cəhətdən də hazır deyildi. Zədələrə görə itkilərimiz də vardı. Ancaq indi mən sərəncamımda olmayan futbolçulardan danışmaq istəmirəm. Bütün hallarda, yetirmələrim maksimumu etməyə çalışdılar. Ancaq bu, yetərli olmadı.

"Barselona" bütün komponentlərdə meydanda dominantlıq etdi. Həm fiziki, həm də texniki yöndə. Bu gün "Barselona" mənim sevdiyim və dəyərləndirdiyim stildə oynadı. Hər şey 100 il əvvəlki kimi idi - topu götür və rəqibi məcbur et ki, onu axtarsın. Onların ideal oyunu fonunda biz ortabab təsiri bağışladıq. Buna görə də futbolçularım məyus olmuşdu. Onlar hiss edirdilər ki, bundan artığını bacarmırlar.

Təkrar oyunda PSJ fərqli komanda olacaq. Zlatan İbrahimoviç və Marko Verratti sıraya qayıdacaq".

Xulen Lopeteqi: “Bizim böyük ambisiyamız var”

"Bavariya"ya qarşı oynamaq olduqca çətindir. Ancaq dünyanın ən yaxşı komandasına qarşı matçın əvvəli bizim üçün əla alındı. İlk hissədə topa daha çox nəzarət etməliydik. Ancaq bu ideyamızı ikinci hissədə reallaşdırdıq.

Münhendə bizi olduqca çətin oyun gözləyir. Hələ yarımfinala gedən yolun yarısını qət etmişik. Bu gün möhtəşəm oynadıq. Futbolçularıma belə oyuna görə minnətdaram. Bizim böyük ambisiyamız var".

Xosep Qvardiola: “Bu gün bizdə alınmadı”

“Bu, tipik Çempionlar Liqası oyunu idi. Artıq 10-cu dəqiqədə 0:2 hesabı ilə məğlub olurduq ki, bu da yaxşı hal deyildi. Biz məyusuq, ancaq qarşıda 6 günümüz var. Cavab oyununa daha yaxşı hazırlaşmalı, daha çox məşq etməliyik ki, ideal səviyyədə oynaya bilək.

“Portu”nun startda göstərdiyi oyun bizi təəccübləndirmədi. Mən bilirdim ki, əla hücuma sahib olan güclü komanda ilə qarşılaşırıq. Bu oyunun səviyyəsi ən yüksək standarta cavab verirdi. Çempionlar Liqasında qalib gəlmək üçün ideal oyun sərgiləməlisən. Bu gün bizdə alınmadı. Ancaq cavab matçına daha yaxşı hazırlaşacağıq”.

Karlo Ançelotti: “Bu hesab bizim üçün heç də ən yaxşı nəticə deyil”

"Bu hesab bizim üçün heç də ən yaxşı nəticə deyil. Biz fərqlənmək üçün bir neçə qol fürsəti əldə etdik, ancaq onları dəyərləndirə bilmədik. Qaret Beylin 3-cü dəqiqədə vurduğu zərbədən sonra rəqib qapıçı çox gözəl oynadı. İkinci oyunda bu gün birinci hissədə göstərdiyimiz oyunu sərgiləməliyik".

Leonardo Jardim: “Monakoda hər şey fərqli olacaq”

"Hər iki hissənin ilk 20 dəqiqəsində meydanda biz üstün oynayan tərəf idik. Monakodakı oyunda hər şey fərqli oalcaq. Biz evdə tam başqa oyun nümayiş etdirəcəyik. Bu gün isə sadəcə "Yuventus"a ciddi problemlər yaratdıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm