Səksəkə, qorxu altında olanları məğlub etmək üçün nə lazımdır?
Bizi izləyin

İdman

Səksəkə, qorxu altında olanları məğlub etmək üçün nə lazımdır?

Azərbaycan Premyer Liqasında 30-cu turun oyunları da həmişə olduğu kimi eyni gündə - aprelin 30-da keçiriləcək. Oyunlar eyni gündə keçirilməsəydi, PFL PFL olmazdı ki... Peşəkar bir qurum olardı. Hələ ki, Azərbaycan futbolsevərləri peşəkar bir qurumu xəyallarında qura bilərlər...

Publika.az 30-cu turun afişasını təqdim edir.

Qurban Qurbanov da onlara təsir edə bilmir?

Əslində çempionatda intriqa tamamilə itdiyindən turun prinsipial qarşılaşmasını da müəyyənləşdirmək çətindir. Elə ona görə də, liderin - “Qarabağ”ın oyunundan başlayaq. Son turlar “Köhlən atlar”ın oyununda eniş hiss olunur. “Qarabağ”ın futbolçuları o qədər arxayınlaşıblar ki, deyəsən heç Qurban Qurbanov da onlara təsir edə bilmir. İndi “Köhlən atlar”da əvvəlki istək və təravət yoxdur. Bu amilləri, “Simurq”un ənənəvi olaraq “Qarabağ” üçün çətin rəqib olduğunu nəzərə alıb, “Köhlən atlar”a Zaqatalada çətin olacağını iddia edə bilərdik... Amma “Simurq”un özünün də vəziyyəti ağırdır axı... Komandada iki aydan yuxarıdır ki, məvaciblərin verilmədiyi deyilir. Sponsorunu itirən Zaqatala təmsilçisi elə oyun ritmini, qələbə qazanmaq istəyini də itirib. Bu da arın-arxayın “Qarabağ”ın dadına çata bilər.

Komandaların son 3 oyununda “Qarabağ” qalib gəlib. Lakin ağdamlılar son 5 səfər matçında 1 qələbə əldə edib.

Simurq – Qarabağ: 23 oyun, 6 qələbə, 9 heç-heçə, 8 məğlubiyyət, top fərqi – 17:17.

Onların yadına nə kubok, nə də çempionluq düşür

Elə “Simurq”un “böyük qardaşı” “İnter”in də vəziyyəti ürəkaçan deyil. “Bankirlər” kubokun yarımfinalının ilk oyununda “Neftçi” qarşısında aciz qaldılar. Hiss olunurdu ki, bu, o “İnter” deyil. Himayəçinin dəyişməsi futbolçuları “sındırıb”. Tsxadadzenin Araz aşığından, Kür də topuğundandır. Gürcüstan millisi ilə müqavilə bağlayan Kaxa Azərbaycanda günlərini sayır. Vay futbolçuların halına. Sponsorsuz qalan futbolçular növbəti mövsüm üçün komanda axtarırlar. İndi onların yadına nə kubok, nə də çempionluq düşür. Amma bununla belə, “Bankirlər” bu tur qalib gəlməyə məhkumdurlar. Rəqib “Bakı”dır axı. “Bakı”ya qalib gəl, “kiçik qardaş”ın “Qarabağ”ı büdrətməsini arzula. Arzula ki, çempionluq arzuların da cücərsin. Amma bunun üçün futbolçuların “hər şey yaxşı olacaq, “İnter” dağılmayacaq” arzusu da kök tutmalıdır axı.

Son 4 paytaxt derbisində “İnter” quru hesablı qələbə qazanıb. “Bakı” isə son 3 ildə baş tutan 13 qarşılaşmada qalib gəlməyib.

Bakı – İnter: 41 oyun, 13 qələbə, 9 heç-heçə, 19 məğlubiyyət, top fərqi – 31:47.

“Qəbələ” nədən qorxacaq ki?

Turun az-çox intriqa vəd edən görüşündə “Neftçi” “Qəbələ”ni qəbul edəcək. Roman Qriqorçukun yetirmələri ardıcıl qələbələrdən sonra qorxunu atıblar. Nədən qorxacaqlar ki? Daha “Simurq”un onları haqlaması mümkünsüz görünür. Ancaq əvəzində “Qəbələ” “Neftçi”ni haqlaya bilər. Niyə də olmasın ki... İştah diş altındadır. “Neftçi”ni məğlub etmək də çətin olmamalıdır. “Ağ-qaralar”ın kubok qarşılaşmasında “İnter”i məğlub etməsini qabartmağa da lüzum yoxdur. “Bankirlər”in problemlərini sadaladıq. “Neftçi”nin daxilində də vəziyyət gərgindir. Biri gedir, biri gəlir. Hələ gedənlər çox olacaq. O cümlədən məşqçilər korpusundan, futbolçulardan da. Hamı səksəkə içində, qorxu altındadır “Neftçi”də. Belə komandanı məğlub etmək üçün “Qəbələ”yə nizam-intizamlı oyun yetər.

“Qəbələ” cari mövsümə təsadüf edən 3 oyunda qalib gələ bilməyib. “Neftçi” isə son iki ev oyununda qələbə qazanmayıb.

Neftçi – Qəbələ: 27 oyun, 13 qələbə, 7 heç-heçə, 7 məğlubiyyət, top fərqi – 38:24.

Qələbə kimə təsəlli olacaq?

Turun digər qarşılaşması haqqında nəsə deməyə lüzum var? AZAL - “Sumqayıt” oyunu azarkeşlər üçün hansı əhəmiyyəti kəsb edə bilər? Bunu müəyyənləşdirmək çox çətindir. Bəlkə qələbə Tərlan Əhmədova da, rəhbərliyə də kiçik təsəlli olacaq? Bəlkə “Sumqayıt”ın qələbəsi AFFA-nın baş katibi Elxan Məmmədovun simasına təbəssüm gətirəcək? Onun “unikal” layihəsi olan “Sumqayıt”ın nə vaxt qələbə qazandığını statistiklər də xatırlamırlar axı.

Paytaxt təmsilçisi son 3 qarşılaşmada xal qazanıb. AZAL indiyədək ev oyununda “Sumqayıt”a məğlub olmayıb. Bu matçlardan meydan sahibləri qol vurmadan ayrılmayıb.

AZAL – Sumqayıt: 15 oyun, 6 qələbə, 6 heç-heçə, 3 məğlubiyyət, top fərqi – 22:16.

Azərbaycan Premyer Liqası, 30-cu tur

17 aprel

16:00 Bakı - İnter

Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, İsgəndər Əliyev, Xəlil Xəlilov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Kərim Ağayev.

Bakı. "Bakı"nın təlim-məşq bazasının stadionu.

16:00 AZAL - Sumqayıt

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Elşən Acalov, Etibar Həsənov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Səfər Haşımov.

Bakı. "AZAL Arena".

18:00 Simurq - Qarabağ

Hakimlər: Rəhim Həsənov, Nahid Əliyev, Azər Əsgərov, Elvin Əsgərov.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

Zaqatala. Şəhər stadionu.

20:00 Neftçi - Qəbələ

Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Vaqif Musayev, Mahir Məmmədov.

AFFA nümayəndəsi: Elbrus Abbasov.

Hakim-inspektor: Fazil Mürşüdov.

Bakı. "Bakcell Arena".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm