“Qarabağ ailəsi” Avstriyada “qan eləyir”
Bizi izləyin

İdman

“Qarabağ ailəsi” Avstriyada “qan eləyir”

Son illərdə “Qarabağ” bizi çox sevindirdi. Bizə yaşamadığımız hissləri yaşatdı. Şərt avrokubokda mərhələ keçmək, lap elə qrup mərhələsinə düşmək deyil. Bunu “Neftçi” də bacarmışdı. Onda da çox sevinmişdik. Bu hissləri ilk dəfə yaşadığımız üçün, Avropanın sayılıb-seçilən klublarını Bakıya gətirdiyimiz üçün, avrokubok həyəcanını 3-4 ay davamlı yaşadığımız üçün. Amma “Qarabağ” başqa aləmdi. “Qarabağ” bizə qələbə sevinci yaşatdı, pley-offa çıxmasa da, onun həyəcanını yaşatdı, haqlı ola-ola mübarizədən kənarda qalmağın üzüntüsünü yaşatdı...

“Köhlən atlar” Avropa Liqasında elə “çapdı” ki, ayaq səsləri ta Braziliyaya kimi gedib çıxdı. Bütün dünya, tanımayanlar da “Qarabağ”ı tanıdı. Neytral azarkeşlər də Agdam klubunun uğurlarına sevindi və özündən asılı olmayaraq, azarkeşlik etməyə başladı. Təsadüfi deyil ki, bu gün Rusiyada, Avstriyada “Qarabağ”ın şərəfinə həvəskar klublar yaradılıb. Böyük klub olmaq üçün ilk növbədə məhz sevgi qazanmalısan, azarkeş sevgisi...

Avstriyada “Qarabağ Vyana” klubu fəaliyyət göstərir. Diqqətli futbolsevərlər yəqin ki, bu haqda məlumatlıdır. Təxminən bir il olar yaradılıb. Həvəskarlar liqasında uğurlu çıxış edən avstriyalı “Köhlən atlar” cari mövsümdə 17 turdan sonra 29 xalla 4-cü pillədə qərarlaşıb. Komandanın ən yaxşı oyunçusu Erdal Kara 22 topla A Oberliqasının bombardiridir.

Klubun emblemində Qarabağ atının şəkli əks olunub. Prezidenti Orxan Vəliyev olan “Qarabağ Vyana”nı avstriyalı İliya Sormaz çalışdırır. Rəhbərlik əsasən azərbaycanlı və türkiyəlilərdən təşkil olunub.

Klubun rəsmi saytında Qarabağ haqda yazılanlar xüsusilə təqdirəlayiqdir. Saytın “tarix” bölməsində yazılanları diqqətinizə çatdırırıq:

Qarabağ beynəlxalq aləmdə Azərbaycan ərazisi kimi tanınır. Qədim Qarabağ ölkəyə bir çox istedadlar verən Azərbaycanın ürəyidir. Buradan neçə-neçə şair, yazıçı, musiqiçi, idmançılar çıxıb. Qarabağ Azərbaycan musiqisinin beşiyidir. Nəyə görə FC Qarabağ Vyana? Futbol klubu adını 2 müxtəlif şəhərin adından götürüb. Hər iki şəhərin özünəməxsus tarix, mədəniyyət və incəsənəti var. Biz hər iki şəhərin adını idmana gətirməyə çalışırıq. FC Qarabağ Vyana nəinki Azərbaycan və Avstriya arasında, həmçinin də Avropa və Asiya arasında körpü rolunu oynayır. Gələcək futbol tarixində tez-tez eşidəcəyiniz çempionlarıq. Biz bir-birimizlə nadir hallarda qarşılaşdığımız fərqli mədəniyyət, şəhər, millət qarışığı olan insanlarıq. Zənnimizcə, ən yaxşı komanda müxtəlif millətlərin yaratdığı komanda hesab olunur. Siz bizə özümüz dediyimiz kimi Qarabağ ailəsi deyə bilərsiniz.

Məqsəd və hədəfimiz çempionluq, müvəffəqiyyət, ədalətli oyundur. Biz bu deyilənləri necə həyata keçirəcəyik? Çalışqanlıq, nizam-intizam, hörmət, tolerantlıq və inam sayəsində. Bizim arzu, istək və xəyallarımız var. Ona görə də, onlara çatana kimi oynayacağıq.

Bu ideyanı yalnız alqışlamaq lazımdır. Ümumiyyətlə, xarici ölkələrdə Azərbaycanı təmsil etmək nə qədər gözəldirsə, bunu “Qarabağ” adıyla etmək ondan da gözəldir. Yolunuz uğurlu olsun, “Qarabağ ailəsi”!!!

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm