Bakı 2015: Təhlükəsizlik tədbirləri gücləndirilir
Bizi izləyin

İdman

Bakı 2015: Təhlükəsizlik tədbirləri gücləndirilir

Avropa Oyunları Əməliyyat Komitəsi ilə birgə aparılmış ilkin hesablamalara görə nəzarət-buraxılış yerlərində xüsusi yoxlama avadanlıqlarından istifadə ediləcəyi nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu barədə aprelin 16-da Daxili İşlər Nazirliyində «Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin edilməsi»nin və « I Avropa Oyunları ilə əlaqədar ictimai qaydanın qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi və texniki vasitələrlə təminat sahəsində görülən işlər»in vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirilib.

Qeyd edilib ki, Bakı şəhərində 290 nöqtədə videomüşahidə kameralarının quraşdırılması üzrə işlərin 65 faizi artıq tamamlanıb. Hazırda «Təhlükəsiz Şəhər» sisteminin respublika üzrə (Metropoliten də nəzərə alınmaqla) 2039 nöqtədə 8085, o cümlədən paytaxtda 1356 nöqtədə 4224 kamerası quraşdırılıb.

Bildirilib ki, Avropa Oyunlarına hazırlığın mühüm komponentlərindən olan yol hərəkəti təhlükəsizliyinin təşkili ilə əlaqədar 2014-cü ildə və cari ilin ötən dövründə 798 ədədi günəş enerjisi ilə qidalanan olmaqla 2377 yeni yol nişanı qoyulub və ya yenisi ilə əvəzlənib, 25 təkrarlanan işıqfor obyekti quraşdırılıb, küçə və yollarda 224 min paqonmetr cizgiləmə işləri aparılıb.

Həmçinin vurğulanıb ki, ictimai asayişin qorunmasında iştirak edəcək bayır xidməti əməkdaşlarının peşə hazırlığının və vətəndaşlarla ünsiyyət səviyyəsinin yüksəldilməsi məsələlərinə də böyük önəm verilərək lazımi tədbirlər davam etdirilib. Belə ki, daxili işlər orqanlarında xidmətə qəbul zamanı xarici dil bilən namizədlərə üstünlük verilib, habelə «Polis əməkdaşının davranış qaydaları» adlı metodik vəsait hazırlanaraq öyrənilməsi üçün bütün orqan və hissələrə göndərilib, Çevik Polis Alayının və paytaxtın orqan və hissələrinin bayır xidmətinin ümumilikdə 1000 əməkdaşı üçün ingilis dili kursları təşkil edilib.

Diqqətə çatdırılıb ki, Əməliyyat Komitəsi tərəfindən mütəmadi olaraq işçi qrupun iclasları keçirilir, yaranmış problemlərin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülür.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm