Rinqdə rəqibin ayağını qıran “Üsyankar türk” - “Şiddət yox, sevgi doluyam”
Bizi izləyin

İdman

Rinqdə rəqibin ayağını qıran “Üsyankar türk” - “Şiddət yox, sevgi doluyam”

Gökhan Saki - bu adı K-1 sevərlər çox yaxşı bilir. Ona türkəsilli holland boksçu da deyirlər. Çünki Gökhan Rotterdamda yaşayır və ikili vətəndaşlığa sahibdir. Gökhan Sakinin boyu 183 sm, çəkisi isə 100 kq-dır.

Publika.az II taym layihəsi çərçivəsində “Üsyankar” ləqəbi ilə tanınan kikboksun K-1 stilində döyüşlərə çıxan Gökhan Saki haqqında məlumat verəcək.

Gökhan Muay tay döyüşlərində də özünü sınayır. Ancaq onu K-1 ustası kimi daha çox tanıyırlar. Artıq 2 ilə yaxındır ki, məşqçisini dəyişib, Mike Passenier ilə çalışmağa başlayıb.

Hollandiyada Golden Glory Gym komandasında mübarizə aparan Saki 2 dəfə Muay-tay üzrə Hollandiya və Avropa çempionu, “K-1” üzrə Dünya çempionudur (2008-2011). Ağır çəkidə vuruşan idmançı bu günə qədər keçirdiyi 100 matçın 81-ni qələbə ilə başa vurub. Bu qələbələrdən 58-i nokautla bitib. 16 məğlubiyyətin 10-da nokauta düşüb, 1 dəfə isə heç-heçəyə “razılaşıb”.

Ata razıdır, ana hələ də fikrindən dönməyib

1983-cü il oktyabrın 19-da dünyaya gələn Gökhan Saki uşaqlıqdan idmana maraq göstərib. 10 yaşından kikboksinqlə məşğul olmağa başlayıb. Əvvəllər kikboksa getdiyini ailəsindən gizləyirdi. Çünki Gökhan düşünürdü ki, valideynləri onun belə bir çətin idman növünə başlamasına icazə verməyəcək. Həm də atası oğlunun yaxşı futbolçu olmasını istəyirdi. Bir gün atasını keçirdiyi döyüşlərdən birinə aparır və həmin döyüşdə qalib gəlir. O gündən atası onun ən böyük dəstəkçisi olur.

Gökhan Saki onu kikboksa gətirən səbəblə bağlı belə danışıb:

“Uşaq idim, bir gün Hollandiyada küçədə futbol oynayırdıq, əfsanəvi idmançı Mustafa Dedeni çempionluq kəməriylə yoldan keçərkən gördüm. Ondan "qardaş, o kəməri haradan almısan" deyə soruşdum. O da gülərək "Oğlum, mən bu kəməri almamışam, biləyimin gücüylə qazanmışam" dedi. O gündən bu idmanla məşğul olmağa qərar verdim və kikboksa başladım”. Ancaq anası onun bu təhlükəli idmanla məşğul olmasını istəmirmiş. Məlum məsələdir, ana ürəyi övladının xəsarət almasına dözmür. Həmişə ona “oğlum, sən bu idmanı burax” deyirdi. Buna görə də Gökhan adətən döyüş ərəfəsində anasına heç nə demir. Qalib gələndən sonra anasına zəng vuraraq qələbə xəbərini çatdırır.

“Bir nömrə olacam”

Gökhan Saki müsahibələrinin birində bütün zamanların ən yaxşı kikboksçusu kimi tanınan Tay Ramon Dekkersi idealı olaraq gördüyünü deyib: “Dekkersi hər zaman özümə nümunə saymışam. Məşqlərdə intizama xüsusi diqqət yetirirəm. Ən qısa zamanda bir nömrə olacağam. Bu hədəfə çatmaq üçün də əzmlə çalışıram”.

Dünya arenasında “çılğın türk”

Bu gün Gökhan Saki özündən qat-qat güclü idmançılara da qalib gəlmək potensialına malikdir. Çünki onun döyüşərkən qalib gəlmə səbəblərindən biri rəqibi yaxşı analiz etməsi, qarşısındakının ani səhvindən istifadə etmək bacarığıdır. Elə özü də döyüşmək üçün gücün əsas olmadığını deyir:

“Rinqdə qazanmaq üçün sadəcə güc lazım deyil. Məndən boy və çəkidə qat-qat artıq olan rəqiblərimi rahat şəkildə məğlub edə bilərəm. Çünki kikboksinqdə taktika önəmlidir. Burada mühüm olan çox yumruq vurmaq yox, yumruğu doğru anda dəqiq hədəfə vurmaqdır.

Döyüş bitdiyi zaman rəqibi qucaqlayır, onun ağrısına kədərlənirik. Və həqiqi idmançılar, kikboksçular şiddəti sevmir. Mən bəlkə kiçik yaşlarda küçələrdə döyüşmüşəm, amma idmançı olandan sonra heç vaxt kənarda dalaşmamışam. Yəni şiddət yox, sevgi doluyam. Və bir çox insandan daha xoşniyyətli olduğumu da deyə bilərəm”.

Bu gün onu dünya kikboksinq arenasının "Çılğın türk"ü kimi göstərirlər.

Onun bu sözləri türk xalqını duyğulandırmışdı:

“Mən türk olduğum üçün Türkiyə adına yarışıram. Düzdür, uğur qazandıqca Hollandiyadan bəzi təzyiqlər oldu, ancaq bu məni maraqlandırmır. Sonuna qədər bayrağımı dalğalandırmağa və Türkiyəyə kuboklar qazandırmağa davam edəcəyəm”.

Fanatik “Qalatasaray”lı – Sneyderlə dostluğu

Gökhan Saki uğurlu idmançı olması ilə yanaşı, qatı “Qalatasaray” azarkeşidir. Hətta “sarı-qırmızı”lı komandanın oyunçusu Sneyderlə də yaxın dostdur. Dostluqdan əlavə Sneyderin müəllimi də demək olar. Çünki ulduz futbolçu futboldan sonra kikboksla da məşğul olur. Bu zaman onun ən böyük yardımçısı dostu Gökhan Saki olur.

Gökhan Saki Sneyderlə bağlı belə bir fikir bildirib:

“Uesli Sneyderi təbii ki, əvvəllər də tanıyırdım. Ancaq əsl səmimiyyət yoldaşının dəvətindən sonra başladı. O andan etibarən möhkəm dost olduq. Söhbətlərimizdə futbol və kikboksdan bəhs edərdik, birdən ona kömək olmağım fikri ortaya atıldı. Xüsusilə zədəli olduğu dövrdə fiziki və taktiki cəhətdən çalışması lazım idi, mən də ona kömək edə biləcəyimi dedim. O da bunu qəbul etdi. Elə Braziliyadakı dünya çempionatı ərəfəsində birlikdə çalışdıq. Gördüyümüz işlər sayəsində Sneyder inanılmaz dərəcədə gücləndi və taktiki kondisiyaları xeyli artdı. Sneyder öyrənməyi çox sevir. Hətta mənimlə çalışarkən boksu da öyrəndi. Heç kim onun boyuna fikir verməsin. Heç kim ona zəif kimi baxmasın. Boyu qısa olsa da, inanılmaz texnikası var və dəhşətli dərəcədə sürətlidir. Məndən ən çox öyrəndiyi şey gücünü yaxşı istifadə etməsi və meydanda birdən sürətlənməsi oldu”.

Bildirim ki, atam "Beşiktaş"lıdır, amma mən "sarı-qırmızı" rənglərə aşiqəm. Ən çox da derbi matçlarına heyranam”.

Dostları döyüşünə gəlib

Sneyder dəfələrlə dostunun matçını izləməyə gedib. Hətta son döyüşlərinin birinə Sneyder həyat yoldaşı Yolante Kabau ilə getmişdi. Həmin matçda Saki Tayron Sponqun ayağını qırmışdı. Təbi ki, həmin matçı izləyənlar arasında Gökhanın bir dostu da – azərbaycanlı K-1 ustası Zabit Səmədov da vardı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm