Avropa çempionatında medal qazananlar mükafat alacaq – ÖZƏL
Bizi izləyin

İdman

Avropa çempionatında medal qazananlar mükafat alacaq – ÖZƏL

Ağır atletika federasiyasında yenilənmə dövrü gedir. Məlum dopinq cəzalarından sonra uzun müddət özünə gələ bilməyən qurum sanki “uğursuzluq zolağı”na düşmüşdü.

Federasiya bu uğursuzluğu aradan qaldıra bilmək üçün məşqçi dəyişikliyinə də əl atdı. Ağır atletika üzrə milli komandanın baş məşqçi postundan bolqar mütəxəssis Zlatan Vanaev göndərildi, yerinə macarıstanlı Tamas Feher gətirildi. Ancaq Tamas Feherin də federasiyadakı işləri qənaətbəxş sayılmadı. Buna görə də rəhbərlik 5 ay sonra polşalı Miroslav Çorosla anlaşdı.

Fövqəladə iclas

Publika.az-ın əldə etdiyi məlumata görə, bu yaxınlarda Tiflisdə keçirilən Avropa Çempionatından öncə federasiyada fövqəladə iclas keçirib. Bunun da səbəbi qarşıdakı beynəlxalq turnir olub. Federasiya rəhbərliyi Avropa çempionatından mütləq nəticə gözlədiyini bildirib. Əks halda, ixtisarların ola biləcəyi də deyilib.

Xüsusilə də kişilərdən ibarət milli komanda üçün “uğursuzluq zolağı”ndan çıxmaq əsas məqsəd idi. Buna görə də kişilərdən ibarət milli komanda bu turnirə 4 nəfərlə - Elmar Alıyev, Valentin Xristov, Əfqan Bayramov və İvan Stoitsovla yollandı. Kişilərin yarışında üzləri ən çox güldürən 2 illik dopinq cəzasını başa vuran olimpiya mükafatçımız Valentin Xristov oldu. O həm təkanla qaldırmada, həm də toplamda qızıl medal qazanaraq himnimizi səsləndirməyi bacardı. Elmar Alıyev medalsız qalsa da, Əfqan təkanla qaldırmada qızıla yiyələndi. İvan Stoitsov isə zədəsi üzündən mübarizəyə çıxa bilmədi.

Xanımlar yığmamızın medal sayını 9-a yüksəltdi

Hafiz Süleymanovun baş məşqçisi olduğu qadınlardan ibarət milli komandamız bizi daha çox sevindirdi. Tiflisdə keçirilən Avropa çempionatına iki idmançısını aparan H.Süleymanov vətənə medallarla qayıdır. Boyanka Kostovanın (53 kq) qızıl medalından sonra növbəti medalı Anastasiya İbrahimli qazanıb. Qadın atletimiz uğurla çıxış edərək fəxri kürsüyə qalxıb. Anastasiya birdən qaldırma hərəkətində 103 kq nəticə ilə 6-cı olub. Təkanla qaldırma hərəkətində isə İbrahimli 130 kq ilə 3-cü yeri tutub. Anastasiyanın öz aktivinə yazdığı 2 – təkanla qaldırma və toplamda – medal Azərbaycan yığmasının ümumi medal sayını 9-a yüksəldib. Bu isə Avropa çempionatında çıxış edən bütün ölkələrdən daha çoxdur.

Diqqətinizə çatdıraq ki, Hafiz Süleymanov Anastasiya İbrahimlinin həm millidəki, həm də şəxsi məşqçisidir. Aldığımız məlumata görə H.Süleymanovun qısa müddət ərzində qadınlardan ibarət milli komandada gördüyü işlər rəhbərliyin də diqqətindən yayınmayıb.

Mükafat gözlənilir

Publika.az-ın əldə etdiyi digər məlumata görə, Avropa çempionatında uğurlu çıxış edən idmançıları rəhbərlik tərəfindən mükafat gözləyir. Məlumata görə, mükafatlar əldə edilən nəticələrə görə veriləcək.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm