Balotelli ilə Mahir Şükürovun fərqi
Bizi izləyin

İdman

Balotelli ilə Mahir Şükürovun fərqi

Balotelli ilə Mahir Şükürovun fərqi

Ötən həftə İtaliya çempionatında Mario Balotelli qol vurdu və qolunu bir həftə öncə irqinə görə onu təhqir edən azarkeşlərə həsr etdi.

Balotelli təhqir olunan həftə Azərbaycan çempionatında Mahir Şükürov da azarkeşlər tərəfindən təhqir edildi. Mahir təhqirə cavab olaraq, azarkeşlərə orta barmağını göstərməklə cavab verdi. Yəni təhqirə təhqirlə cavab verdi.

Qeyd edim ki, bir azərbaycanlını var-yox söyüşü nə qədər təhqir edirsə, bir zəncini də irqinin ələ salınması o qədər təhqir edir. Yəni burda hər iki futbolçu eyni dərəcədə özlərini təhqir olunmuş sayıblar. Ancaq göründüyü kimi, reaksiyalar fərqli olub. Mən burda bir çoxları kimi Mahirin üstünə düşüb onu qınamaq, Balotellini ona nümunə göstərmək fikrində deyiləm. Hər iki futbolçunun niyə fərqli reaksiya verməsinin səbəblərini araşdıracam.

Məlumdu ki, hər bir xalq kökünə, adətinə, ənənəsinə bağlı olur. Artıq iki min ildi ki, xristianlıq Avropada, min dörd yüz ildi ki, müsəlmançılıq şərqdə kök salıb. Və bu keçən dövr ərzində bu dini cərəyanların qanunları həmin ərazilərin adət-ənənəsinə çevrilib. Haqqında danışdığımız dinlər arasında oxşarlıqlar varsa, fərqliliklər də var. Məsələn, İsa peyğəmbərin rəvayətində danışılır ki, o, insanlara müraciət edərək deyib: «Kim sizin bir üzünüzə vursa, siz o biri üzünüzü çevirib deyin ki, bu üzümə də vur, bunu görəndə sizi vuran adam hərəkətindən utanacaq və peşman olacaq». Bizim peyğəmbərsə deyir: «Səninlə vuruşanla sən də vuruş». Bu o deməkdi ki, sənə pislik edənə adekvat cavab ver.

Beləcə, fərqli məkanda, fərqli dini təsir altında yaşayan insanlar hərə öz dininə uyğun tərbiyə alıb böyüyüblər. Belə tərbiyə onların şüuraltı düşüncələrində də oturuşub və fərqli mövqelərə, yanaşmalara gətirib çıxarıb. Şübhəsiz, istisnalar da var. Amma əsasən mövqelər belədi. Mən bu fərqli düşüncələri qeyd etməklə, hansı dinin düz, hansının səhv olduğunu demək fikrindən uzağam. Sadəcə, yuxarıdakı fərqli yanaşmaya, Balotelli və Mahirin azarkeşlərin təhqirinə fərqli münasibətinə aydınlıq gətirməyə çalışıram.

Balotellinin vurduğu qolu onu təhqir edən azarkeşlərə həsr etməsi elə «sağ üzünə vuranda sol üzünü çevir, vuran hərəkətindən utanacaq» deməkdi. Mahirin hərəkəti də «sənlə vuruşanla sən də vuruş» deməkdi.

Balotelli qolu onu təhqir edənlərə həsr etməklə, yəni “digər üzünü çevirməklə” onları utandırmaq istəyib və bəlkə də buna nail olub. Çünki İtaliyadakı azarkeşlər xristiandılar, yaxud xristianlıqdan bəhrələnirlər. Lakin belə hərəkət bizdə keçərli deyil. Bizdə insanların çoxu müsəlmandı, özünü müsəlman hesab etməyənlərin də kökü müsəlmandı, yəni xarakter qalır.

Bizdə biri digərini təhqir etsə və təhqir olunan «o biri üzünü çevirsə», təhqir edən utanıb eləməyəcək, əksinə, bir dənə də o biri üzünə vuracaq və hərəkətiylə qürur duyacaq. Bizim cəmiyyətdə təhqir olunan təhqir edənə cavab, qarşılıq verməsə, aciz hesab olunur və insanlar həmin adama hörmət etmirlər. Bu təfəkkür bizim alt şüurumuzda möhkəmlənib. Təkrar yazıram, hansısa hərəkəti pisləyib hansınısa təqdir etmirəm.

Lakin biz Mahirdən məsələyə avropalı kimi yanaşma tələb edirik. Yəni səni nəyi var söysünlər, sən də qulaqlarını salla, dayan bax. Bizdə özünə hörmət edən adam belə etməz. Bunu Mahirə təklif edənlər bir anlıq özlərini onun yerinə qoysunlar. Axı o, hansı qəbahətli işi tutub? O qədər təhqirin qabağında orta barmağını göstərmək nə böyük işdi? Gücü çatdığı qədər təhqirin cavabını verib də. Bəyəm Balotelli kimi hərəkət etsəydi, onu başa düşərdilərmi?

Süni şəkildə Avropanı, onun adətlərini dartıb gətirmək olmaz. Avropa mədəniyyətiylə ədəbiyyat vasitəsiylə tanış olub, mahiyyəti başa düşmədən şərqlidən də avropalı olmağı tələb etmək diletantlıqdı. Rusiya mətbuatının, Avropa mətbuatının oxşar məsələlərə münasibətini oxuyub kor-koranə «kopyalayıb» bunu özümüzə tətbiq etməyimiz düzgün deyil.

Konkret bu hadisədə məncə, Mahiri yox, azarkeşləri qınamaq lazımdı ki, söyüş söyürlər. Sovet dövründə yaşadığımız vaxt azarkeşin ən kobud sözü «sudya na mılo» idi. Yəni məcazi mənada hakimi «sabun dalınca göndərirdilər» ki, vicdanın bulaşıb, get təmizlən - onu da hər oyunda yox, hakim kobud səhv edəndə deyirdilər. Görün biz hansı səviyyədən hara enmişik.

Nə bilim, bəlkə enməmişik, yüksəlmişik? Həyatda hər şey nisbidi. Deyəsən, nisbilik nəzəriyyəsinin banisi Eynşteyn belə deyib. Stadionda futbolçunu söymək yüksəliş sayılarsa, onda hə, inkişaf etmişik. (“Komanda” qəzeti)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm