• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Böyükağa Hacıyev “hazır maşın”ı “xoda” sala biləcək?

  • İdman
  • 28 Fevral 2014 11:05
  • 954 Baxış
Böyükağa Hacıyev “hazır maşın”ı “xoda” sala biləcək?

“Neftçi”-davam, yoxsa tamam?

Bu gün Azərbyacan Premyer-Liqasında 24-cü turun oyunları keçiriləcək.Publika.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. Bu qarşılaşmanı “ağ-qaralar” üçün “davam-tamam” qarşılaşması kimi də xarakterizə etmək olar. Qarşısına çempionluq məqsədi qoyan “Neftçi” hazırda turnir cədvəlinin vahid lideri “Qarabağ”dan 7 xal geri qalır.

“Neftçi”yə qayıdarkən iddialı açıqlamalar verən Böyükağa Hacıyevin yetirmələri bu qarşılaşmada məğlub olsalar, çempionluq uğurunda mübarizədən demək olar ki, qopacaqlar. Hazırda çətin dönəmini yaşayan “Neftçi”nin düşərgəsində əhval-ruhiyyə yerində deyil. “Köhlən atlar” “ağ-qaralar”ın bu durumundan mütləq yararlanmalıdırlar.

Böyükağa Hacıyev “Simurq”la oyundan sonra “Neftçi” hazır maşındı, “xodda”, sür” demişdi. Ancaq elə həmin qarşılaşmadan sonra “Neftçi”nin “matoru” işə düşmür ki, düşmür. Görək, “Qarabağ”la oyunda Böyükağa Hacıyev “hazır maşın”ı “xoda” sala biləcək?

Qeyd edək ki, tərəflər 55-ci dəfə qarşılaşcaqlar. “Neftçi” şəxsi görüşlərdə cüzü üstünlüyə malikdi. Belə ki, “ağ-qaralar” 17, “Qarabağ” 16 qələbə qazanıb, 21 oyun sülhlə başa çatıb. “Neftçi”nin 52 qoluna ağdamlılar 47 dəfə cavab verə bilib.

Ancaq “Neftçi” son 6 qarşılaşmada cəmi 1 dəfə qalib gəlib.

“Xəzər Lənkəran” bəraət almağa borcludu

Günün daha bir prinsipial qarşılaşması Lənkəranda baş tutacaq. Düzdü, “Xəzər Lənkəran” çempionatda iddiasını demək olar ki, itirib. Əvəzində “İnter” qış fasiləsindən sonra topladığı xallarla bu mübarizəyə qoşulub. Ancaq “ağ-yaşıllar”ın bu oyuna məsuliyyətsiz yanaşacağını iddia etmək olmaz. Mustafa Dənizlinin komandası “Fırtınalar meydanı”nda “Bakı”ya məğlubiyyətin əvəzini çıxıb, azarkeşləri qarşısında bəraət almağa borcludu.

Bu, tərəflər arasında çempionatda 27-ci oyun olacaq. İndiyədək baş tutan oyunlarda “İnter”in üstünlüyü var. Belə ki, “bankirlər” 8, lənkəranlılar 4 qələbə qazanıb. Bu komandaların qarşılaşmalarında çox vaxt “sülh” bağlanır - 14 oyun. “İnter"in 26 qoluna “Xəzər Lənkəran” 23 dəfə cavab verib. “Bankirlər” son 5 qarşılaşmada uduzmayıb. “Xəzər Lənkəran” son 4 ev matçından 3-də məğlub olub.

“Qəbələ”-yoxdu yol geriyə

Lider “Qarabağ”ın ən yaxın izləyicisi “Qəbələ” “Simurq”un qonağı olacaq. Yuri Syominin yetirmələri qış fasiləsindən sonra bəs deyincə xal itiriblər. “Simurq”la qarşılaşmanın asan olmayacağı şəksizdi. Atletik futbola üstünlük verən zaqatalalılar ötən tur səfərdə “Qarabağ”dan xal almağı bacarıblar. Ancaq “Qəbələ” üçün geriyə yol yoxdu. Əks təqdirdə, lider “Qarabağ” uzaqlaşa, yaxın izləyicilər yaxınlaşa bilər.

Bu gün tərəflər 21-ci dəfə qarşılaşacaqlar. Premyer Liqaya eyni vaxtda yüksələn komandalar eyni sayda da qələbəyə malikdi - 7. Daha 6 qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflər qələbə sayında bərabər olsa da, “Qəbələ” top fərqində öndədi. Belə ki, Qəbələ təmsilçisinin 20 qoluna zaqatalalılar 18 dəfə cavab verib. “Simurq”un meydanındakı son iki görüşdə qonaqlar qol vura bilməyib.

“Bakı”-unutma “Neftçi”nin aqibətini…

Qış fasiləsindən sonra ən uğurlu komanda çıxışı “Bakı” göstərir. “zolaqlılar” ard-arda qazandıqları qələbələr sayəsində turnir çempionluq yarışınıa qoşuldular. Pantiçin yetirmələrinin qələbə seriyası ötən tur “İnter”lə oyunda qırıldı. Prinsipial rəqiblər hərəyə bir xalla kifayətlənməli oldular.

“Bakı” ötən tur itirdiyi xalları kompensasiya etmək üçün yaxşı fürsət qazanıb. “zolaqlılar”ın rəqibi autsayder “Sumqayıt”dı. Autsayder olmağına baxmayın, “Sumqayıt” ötən tur “Neftçi”yə qalib gəlməklə sürprizi gerçəkləşdirdi. Pantiçin yetirmələri bu qarşılaşmaya barmaqarası yanaşsalar, onları da “Neftçi”nin aqibəti gözləyə bilər.

Bu, tərəflər arasında çempionatda 7-ci oyun olacaq. “Bakı” bundan əvvəlki 4 matçda qalib gəlib. “Sumqayıt” bir dəfə 3 xala sevinibsə, digər bir matçda qalib müəyyənləşməyib. Bakılıların 6 qoluna sumqayıtlılar 3 dəfə cavab verə bilib. Paytaxt təmsilçisi son 2 görüşdə də qalib gəlib.

Kurtar “Rəvan”ı son pillədən qurtaracaq?

Turun daha bir qarşılaşmasında isə “Rəvan” AZAL-ı qəbul edəcək. “Təyyarəçilər”in çempionatda heç bir iddiası yoxdu. AZAL-ın nə medal qazanmaq şansı var, nə də elitanı tərk etmək qorxusu. Ancaq “Rəvan” turnir cədvəlinin sonuncu pilləsində qararlaşıb. Kurtarın yetirmələri qeyri-sabit oyun sərgiləyən “təyyarəçilər”i cəzalandırmaqla son pillədən qurtulmağı hədəfləməlidirlər.

Vaqif Sadıqovun yetirmələri iddialı klublarla qarşılaşmalarda bütün qüvvələrindən yararlansalar da, autsayderlərlə oyunlarda motivasiya çatışmazlığı yaşayırlar. Bu da “Rəvan”ın işinə yaraya bilər. Tərəflər 11-ci dəfə üz-üzə gələcəklər. Paytaxt derbisinin iştirakçıları öz aralarındakı tarazlığı pozmağa çalışacaqlar. Belə ki, əvvəlki 10 matçda eyni sayda qələbəsi (4 qələbə, 2 heç-heçə) olan rəqiblər, top fərqində də bərabərliyə malikdi. Lakin son 4 görüşdə “Rəvan” qələbə qazana bilməyib.

“Bakı” – “Sumqayıt”

Hakimlər: Orxan Məmmədov, Munis Abdullayev, Elman Musayev, Tahir Əhmədov

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 14:00

“Rəvan” – AZAL

Hakimlər: Rəhim Həsənov, Elşən Acalov, Azər Əsgərov, Xəlil Hüseynli

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Hakim-inspektor: Fazil Mürşüdov

“Bayıl Arena” stadionu, 19:00

“Xəzər Lənkəran” – “İnter”

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ramiz Məhərrəmov

Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Feyzulla Feyzullayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

“Xəzər Lənkəran” mərkəzi stadionu, 16:00

“Neftçi” – “Qarabağ”

Hakimlər: Vüsal Əliyev, Yaşar Abbasov, Mübariz Haşımov, Teymur Fərhadov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

“Bakcell Arena” stadionu, 17:00

“Simurq” – “Qəbələ”

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Mahir Məmmədov

AFFA nümayəndəsi: Telman Əzizov

Hakim-inspektor: Şahin Cəfərov

Zaqatala şəhər stadionu, 15:00

Xəbər lenti

DAHA ÇOX XƏBƏR