• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Neftçi”ni necə xilas etməli?

  • İdman
  • 1 Mart 2014 11:47
  • 1 556 Baxış
“Neftçi”ni necə xilas etməli?

Nazim Süleymanov “Neftçi”də ona tikilmiş “torba”dan qurtulub, ora ona “torba tikənlər”i-klub rəhbərliyini və Böyükağa Hacıyevi salandan sonra mətbuata verdiyi acıqlamada belə demişdi: “Bilirsiniz, bir dəfə mən bazaya gələndə gördüm qurd Cəbrayıl (Böyükağa Hacıyevi nəzərdə tutur – red.) oturub.

Orada Tahir Süleymanov, Səmədağa Şıxlarov, Gündüz Abbaszadə və səhv etmirəmsə, Mübariz Xudiyev idi. Mən onlarla görüşəndə Hacıyevə xitabən dedim ki, bir sualım var: “Siz indiyədək mətbuatda danışmırdız, birdən niyə danışmağa başladınız? O da dedi ki, mən rəhbərlikdən icazə alıb danışıram. Tahirin ona sərt baxmasından sonra sözü dəyişməyə başladı”.

Nazim Süleymanov “torba”dan qurtulub rəhbərliyi “torba”ya salanda “Neftçi”ni onlara turnir cədvəlinin 3-cü pilləsində təhvil vermişdi. Komanda lider “Qarabağ”dan cəmisi 2 xal geri qalırdı.

“Qarabağa”a məğlubiyyətdən sonra “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin mətbuat konfransında dedikləri: “Artıq “Neftçi” PFL-in arzuladığı kimidi. Məqsədləri nədi? Xaqani Məmmədov hakimlərin yüksək səviyyədə olduğunu deyir. “Neftçi”ni bu hala salanlar düşünməlidi”.

Böyükağa Hacıyev o vaxt Nazim Süleymanova “mən rəhbərlikdən icazə alıb danışıram” deyərkən nə qədər səmimiydisə, “Qarabağ”la oyundan sonra danışarkən bir o qədər qeyri-səmimi idi.

Böyükağa Hacıyev Nazim Süleymanovdan 3-cü pillədə, liderdən 2 xal geri olan komandanı 5-ci pilləyə yuvarlatdı. Arada da 10 xallıq fərq.

“Neftçi”ni bu hala salanlar düşünməlidi”.

Bu fikirlər Böyükağa Hacıyevə məxsusdu. Amma “ağ-qara” komandanı bu hala nə Hakimlər Komitəsi, nə də PFL salıb. “Neftçi”ni bu hala “üçlük” - Sadıq Sadıqov-Tahir Süleymanov-Böyükağa Hacıyev - Nazim Süleymanova “torba” tikərkən saldılar. Amma ağıllı tərpəndi Süleymanov.

“Üçlüyü” torbada saxlayıb “Neftçi”dən getdi. İndi Böyükağa Hacıyevin əli hər yerdən üzülüb. Elə Tahir Süleymanovun da. Elə Sadıq Sadıqovun da. Fevralın 28-də “Qarabağ” “Neftçi”yə qalib gəlmədi. “Qarbağ” “Neftçi”ni meydanda alçaltdı, göstərdiyi oyunun keyfiyyət ilə. “Neftçi” meydanda rəzil oldu, sərgilədiyi oyunun keyfiyyəti ilə. Bu, oyun deyildi. Bu, meydandan kənarda oynanılan “oyunlar”ın bədəli idi.

İndi PFL-i ittiham etmək nə demək? Tahir Süleymanovu da, Böyükağa Hacıyevi də “Neftçi”yə elə PFL prezidenti Ramin Musayev təyin etməyibmi?

“Neftçi”ni xilas etmək lazımdı. Böyükağa Hacıyev demişkən, “Neftçi”ni bu hala salanlar düşünməlidi”. Amma “Neftçi”ni bu hala salanlarda - Sadıq Sadıqovda, Tahir Süleymanovda, Böyükağa Hacıyevdə düşünəcək hal qalmayıb. Onlar Nazim Süleymanova tikdikləri “torba”nın içində çabalayırlar.

“Neftçi”ni xilas etmək üçün onları “torba”dan çıxatmağa hacət yoxdu. “Neftçi”nin xilası onların komandanın bazasından uzaqlaşdırılmasındadı. Lütfən, bağlayın torbanın ağzını. Azdırın bunları Azərbaycan futbolundan, xilas edin “Neftçi”ni!

Natiq Muxtarlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR