Simanın estetik cərrahiyyəsi - Loqo “əməliyyatı” dünyada və Azərbaycanda
Bizi izləyin

İdman

Simanın estetik cərrahiyyəsi - Loqo “əməliyyatı” dünyada və Azərbaycanda

"Neftçi"nin Müşahidə Şurası keçirdiyi ilk iclasda bir sıra qərarlar qəbul etdi. Ancaq bu qərarlar arasında klubun embleminin dəyişdirilməsinin müzakirəyə çıxarılmasıyla bağlı bənd geniş söz-söhbətə səbəb oldu. Belə ki, "Neftçi"nin azarkeşləri etiraz kampaniyasına başladı. Cəmi 11 il əvvəl qəbul edilmiş loqo üçün azarkeşlərin belə səs-küy qaldırması maraqlıdır. Həm də klub rəhbərliyi emblemin dəyişdirilməsiylə bağlı yox, dəyişdirilməsinin müzakirəyə çıxarılmasıyla bağlı qərar qəbul edib ki, bu da azarkeşlərin rəyi əsasında müəyyənləşəcək. Bəs dünya futbolunda necədir? Klubların siması hesab edilən loqolar estetik “cərahiyyə”yə tez-tezmi məruz qalır? Hansı səbəbdən dəyişdirilir?

Publika.az oxuculara bu məsələ ilə bağlı məlumat verəcək.

Ümumiyyətlə, dünya futbol praktikasında klub embleminin dəyişdirilməsinin iki variantı olur:

1. Klubun embleminin özəyi qorunmaqla müəyyən dəyişikliklər edilməsi.

Bu üsul əsasən Avropanın inkişaf etmiş ölkələrinin köklü klublarında istifadə edilir. Belə ki, futbol ənənələri yüksək olan klublar emblemlərində köklü dəyişikliklər etmədən klubun loqosunu daha da müasirləşdirirlər. Bu üsul Avropanın samballı futbol ölkələrinin əsas klublarında hər 5-10 ildən bir təkrarlanır.

2. Klubun embleminin tamamilə dəyişdirilməsi.

Bu üsuldan isə Avropanın kiçik futbol ölkələri daha çox istifadə edir ki, bu da əsasən hər hansı klub bütünlüklə hər hansı şirkətin balansına keçdikdə baş verir. Belə ki, yeni rəhbərik klubun adını, rənglərini özünə uyğunlaşdırmaqla yanaşı, emblemini də şirkətə uyğun olaraq dəyişir. Buna misal olaraq, Avstriya "Zalsburq"unu göstərmək olar. Klub 2005-ci ildə "Red Bull" kompaniyasının tərkibinə girdikdən sonra nəinki emblemini, hətta rənglərini və adını da dəyişdi. Hazırda rəsmi olaraq "Red Bull" adlanan klub, yalnız UEFA-nın bayrağı altında keçirilən yarışlarda əvvəlki - "Zalsburq" adından istifadə edir. Bunun da səbəbi Avropanın ali futbol qurumunun öz bayrağı altında keçirilən yarışlarda şirkət adlarının reklam edilməsinə qadağa qoymasıdır. Avropanın kiçik futbol ölkələrində "Zalsburq" kimi bir çox nümunə tapmaq olar.

Bəs Avropanın ən köklü və məşhur klublarında vəziyyət nə yerdədir? Yuxarıda vurğuladığım kimi samballı futbol ölkələrində də emblem dəyişdirilərkən klubun əvvəlki loqosunun özəyi qorunub saxlanır.

Ölkəmizdə də yetərincə azarkeşi olan Avropanın bəzi samballı klublarının emblemlərinin təkamülünə nəzər salaq.

Real (Madrid)

Öncə Çempionlar Liqasının kubokunu ən çox qazanmış İspaniya nəhəngi "Real"dan başlayaq. Avropanın ən nüfuzlu klub turnirini 10 dəfə muzeyinə aparmış "Kral klubu" həmişə taclı olmayıb. Belə ki, klubun ilk emblemində tacdan əsər-əlamət yox idi. Klubun embleminə tac sonralar əlavə olunub. "Kral klubu"nun embleminə son dəyişiklik isə yaxın 2001-ci ildə edilib. Belə ki, 14 il öncə klubun embleminin daxilində 1941-ci ildən bəri bənövşəyi olan zolaq tünd-göylə əvəz olunub. Madridlilər hazırda da 2001-ci ildə dizayn edilmiş emblemdən istifadə edir.

Barselona

Katalonların loqosu yarandığı 1899-cu ildə indikindən bir xeyli fərqlənirdi. Lakin 1910-cu ildən etibarən indikinə bənzər loqo ortaya çıxdı və bundan sonra da bütün yeniləmələr bu loqonun özəyi üzərində aparıldı. Klubun hazırda istifadə olunan emblemi isə 2002-ci ildəki kiçik dəyişikliklərdən sonra qəbul edilib.

İnter

"İnter"in 1908-ci ildə qəbul edilmiş emblemi indiki kimi klubun adının baş hərfləri İMFC-nin (İnternazionale Milan Football Club) iç-içə keçməsiylə yaradılmışdı. Ancaq Benito Mussolini hökuməti İtaliyada hər şeyə qarışdığı kimi futboldan da yan keçmir. Məhz faşistlərin təsiriylə klubun adı "Ambroziana-İnter"ə rəngləri ağ-qırmızıya çevrilir. Dəyişiklik loqoya da təsir edir."Neradzurra" düz 1943-cü ilə kimi ona yad olan atributlardan istifadə edir. Faşist rejiminin devrilməsindən sonra klub əvvəlki loqosuna qovuşur. Təbii ki, bir az dəyişmiş formasıyla. Klub bundan sonra da bir neçə dəfə əsas emblemdən fərqli loqolardan istifadə edir. Milanlılar 80-ci illərdə ləqəbinə uyğun olaraq ilan şəkili əks olunmuş emblemdən istifadə edir. İlkin loqosuna 1988-ci ildə qovuşan milanlılar, hər 4-5 ildən bir kiçik dizayn dəyişiklikləri edirlər. Bu cür dəyişikliklərin sonuncusu keçən il olub.

Yuventus

"Qoca sinyora"nın əsas emblemi 30-cu illərdə qəbul olunub. Bundan sonra 70-ci illərin sonuna kimi bu emblemdən istifadə edən turinlilər 1988-ci ildə köhnə embleminin bir az dəyişdirilmiş versiyasından istifadə etməyə başlayır. Klub hazırda da ilk embleminin dizayn dəyişiklikləri edilmiş versiyasından istifadə edir. Klubun loqosunda son dəyişikliklər 2004-cü ildə edilib.

Çelsi

Klubun ilk emblemində o vaxtkı ləqəbinə uyğun olaraq "təqaüdçü" şəkli var idi. Maraqlıdır ki, bu maraqlı loqo 1952-ci ilə kimi klub tərəfindən istifadə edilib. Ancaq bu emblem heç vaxt klubun formasında əks edilmir. Klub ilk aslanlı loqosuna 1953-cü ildə qovuşur. Bundan sonrakı illər aslanın emblemdəki mövqeyinin dəyişməsiylə keçir. Rusiyalı milyarder Roman Abramoviçin London klubuna yiyə durmasıyla klub son emblem dəyişikliyinə gedir. Belə ki, yeni emblemdə 80-ci illərdən istifadə edilən təbii şirdən imtina edilərək, 1953-cü ilin emblemində əks olunmuş əli əsalı aslana üstünlük verilir. 2005-ci ildə qəbul edilmiş bu loqo hazırda da istifadə edilir.

Arsenal

"Topçular"ın ilk emblemində üzü şimala istiqamətlənmiş üç top əks olunmuşdu. Sonrakı illərdə bu emblem "A" hərfinin üstünlük təşkil etdiyi loqo ilə əvəzlənir. 70-ci illərdən etibarən "Topçular" yenidən toplarına qovuşurlar. Maraqlıdır ki, əvvəlki loqolarda topun lüləsi qərbə istiqamətlənmişdisə, 2002-ci ildə yeniləşdirilmiş loqoda top şərqə tərəf çevrilib.

Mançester Yunayted

"Qırmızı şeytanlar" həmişə "şeytan" olmayıblar. Belə ki, klubun ilk illərdəki emblemlərində şeytandan əsər-əlamət yox idi. Köhnə loqoda daha çox gəmi şəkli üstünlük təşkil edirdi. Ancaq sonrakı illərdə geyindikləri qırmızı formaya görə bu ləqəbi alan mankunianlar getdikcə bunu bəyənməyə başlayırlar. Buna uyğun olaraq da "şeytan" tədricən klubun embleminə də ayaq açır. "Şeytan" rəsminə klubun emblemlərində 70-ci illərdən təsadüf olunur. Mançesterlilərin emblemi tarix boyu irili-xırdalı bir çox dəyişikliklər keçirsə də, loqo öz təkamülünü 1998-ci ildə başa vurur.

PSJ

Parislilər yuxarıda bəhs etdiyimiz klublara nisbətən bir xeyli gənc sayılır. Bununla belə, onlar bu günə qədər öz emblemlərində irili-xırdalı bir çox dəyişikliklər ediblər. İlk loqo mavi top və içində qırmızı gəmi şəklindən ibarət idi. Ancaq sonradan klubun loqosunu bütün Paris kimi "Eyfel" qülləsi zəbt edir. Bundan sonra klubun emblemində rəng çalarlarının dəyişməsi kimi xırda dəyişikliklər olur. Klubun emblemində son dəyişiklik 2013-cü ildə edilir. Belə ki, emblemdə "Eyfel" qülləsinin altında əks olunmuş beşik loqodan çıxarılır. Klub azarkeşləri komandanın ərəb sahibkarlarına kəskin etiraz edirdilər. Belə ki, həmin dövrlərdə klubun müsəlman sahiblərinin emblemdəki xaça bənzər gül işarəsinin çıxardacağı xəbəri parisli fanatları narazı salmışdı.

Bavariya

Münhenlilərin ilk emblemlərinin hazırkıyla heç bir oxşarlığı yox idi. "Bavariya" 1938-45-ci illər aralığında o vaxtlar ölkəni yönəldən nasistlərin təsiri altına düşür. Belə ki, klubun o dövrlərdə istifadə edilən loqosunda nasist qartalı və svastika əks olunmuşdu. Klub hazırkı embleminə bənzər loqodan 1970-ci ildən istifadə etməyə başlayır. Bundan sonra emblemində vaxtaşırı kiçik dəyişikliklər edən "Bavariya" son yeniləməni 2002-ci ildə edir.

Neftçi

Yazının sonunda yenə ölkəmizə qayıdaq. "Ağ-qaralar" azarkeşlər tərəfindən sevilən hazırkı emblemə 2004-cü ildə qovuşub. Əslində indi istifadə edilən loqo 1949-cu ildəki ilk emblemin bünövrəsi üzərində qurulub. Ümumiyyətlə, 1997-2003-cü illər aralığındakı loqonu çıxmaq şərtiylə "Neftçi"nin tarixi ərzində istifadə edilmiş bütün gerblər məhz ilkin versiyanın üzərində qurulub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm